Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heç bir ölkə koronavirusun yeni ştammlarından sığortalanmayıb

Xarici ölkələrin səhiyyə ekspertlərinin fikrincə, əhval-ruhiyyənin aşağı olması səbəbindən də COVID – 19-a yoluxmaq mümkündür. Rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusa yoluxmanın gözlənilməz səbəbləri barədə danışarkən belə fikir səsləndirib. Onun sözlərinə görə, insanın psixoloji vəziyyətinin müdafiə sisteminə təsiri böyükdür. Tədqiqatçılar tərəfindən şənlənmək, sevinmək kimi halların insanın müdafiə sistemini gücləndirdiyi, qorxu, melanxoliya, təlaş və ya depressiya səbəbindən isə immunitetin aşağı düşdüyü sübut olunub.

Ekspertin sözlərinə görə, stasionara yerləşdirildikdən sonra əhval-ruhiyyəsi aşağı olan insanlar daha ciddi anlayış pozğunluğu əlamətləri yaşayırlar. Bu, əsasən, depressiya, müalicədən imtina, yaddaş itkisi, zaman və məkanda orien­tasiya, panik ataklar və nəzarətsiz qəzəb halları ilə özünü göstərir.

COVID – 19-da psixoloji fəsadlar bəzən o qədər geniş olur ki, xəstə öz intuisiyasına (əsasən də özünümüdafiə instinktinə) qarşı çıxa bilir. Belə hallarda insan özünə qapılır və müalicədən qəti şəkildə imtina edir. Malinovskaya COVID – 19-un insanın dərketmə qabiliyyətinə təsirinin hələ tam öyrənilmədiyini bildirib və deyib ki, koronavirus xəstələrin psixi­kasına güclü təsir göstərir və sağaldıq­dan sonra da uzun müddətli depressiya­ya səbəb olur.

Mütəxəssislər vətəndaşlara müraciət edərək bildirirlər ki, hazırkı dalğanın bitməsi üçün bir müddət restoranla­ra, alış-veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa gedilməsin. Bütün günü müxtəlif məkanlarda şəkil çəkdirib sosial şəbəkədə paylaşanlar 3 gün sonra da yazırlar ki, mən də yoluxdum. Son dalğanın uzun müddət davam etməsinin səbəblərini belə izah edirlər ki, “Delta” ştammının dalğası nisbətən uzun çəkir, çünki sürətlidir, təmas olmasa belə, xəstə yanından keçən adama da yoluxa bilir. Ailə üzvləri də bu səbəbdən tez yoluxurlar. Amma nə qədər sürətli olsa da, hər dalğanın müəyyən müddəti var, o müddəti keçə bilməz. Bu, tezliklə bitməlidir. İnsanlar qorunma tələblərinə bir az da ciddi yanaşsalar, tezliklə yoluxma sayında kəskin enmənin şahidi olarıq.

Qeyd etməliyik ki, bəzi insanlar xəstəliyə yoluxub sağaldıqdan sonra artıq rahatlanırlar. Güman edirlər ki, daha yoluxmayacaqlar. Amma təcrübələr göstərir ki, builki xəstələr arasında keçən il virusa yoluxanlar da olub. Hətta bir il əvvəl yoluxub, 2 doza vaksin alanlar arasında da xəstələnənlər az olma­yıb. Rusiyalı həkim Boris Çuradze bir insanın koronavirusa neçə dəfə yoluxa biləcəyinin mümkünlüyünü açıqlayıb. Deyib ki, təcrübəmizdə hətta yoluxub sağaldıqdan 3 ay sonra yenidən yo­luxan adamlar olub. Çox nadir halda insanın il ərzində 3 – 4, bəzən hətta 5 dəfə koronavirusa yoluxması baş verir. Ən çox rast gəlinən ildə 2 dəfə yolux­ma hallarıdır. Bu, virusun mutasiyaya uğraması ilə izah olunur. Əksəriyyət halda təkrar yoluxma daha yüngül keçir. Əgər gələcəkdə daha güclü mutasiya olarsa, ikinci yoluxma ağır keçə bilər. Eyni ştammla yoluxduqda ikinci, üçüncü dəfə daha yüngül gedişat olur, bəzən xəstə test verməsə, yoluxduğunu bilmir. Təcrübədə birinci dəfə yüngül keçirən, ikincidə xəstəxanaya düşən xəstələr olub. Kütləvi immunitet formalaşan­dan və vaksinasiya çoxalandan sonra xəstələnmə gedişatı yüngülləşəcək, yoluxma sayı azalacaq. Aybaay, ildən-ilə kütləvi, kollektiv immunitet artacaq. Artıq növbəti ildə koronavirusun cəmiyyət üçün faciəvi olmayacağını görəcəyik. Bu infeksiyadan ölüm azalacaq. Pandemiya davam edərsə, orta statistik olaraq, bir insanın ildə 2 dəfə yoluxması mümkün­dür.

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı zamanda yeni ştammların yaranması da təbiidir. Heç bir ölkə koronavirusun yeni vari­antlarından sığortalanmayıb. Dünyada da həm müalicə, həm də profilaktika istiqamətində araşdırmalar davam etdirilir, yeni-yeni təkliflər irəli sürülür. Böyük ehtimalla yaxın gələcəkdə daha yeni dərmanlar və vaksinlər yaranacaq. Bu gün ciddi məhdudlaşdırılmalardan mümkün qədər qaçmağa çalışırıq. Çünki bu dalğaların nə qədər davam edəcəyi sual altındadır. İqtisadiyyatın çökməməsi, ümumilikdə həyatın çox sıxıntıya girməməsi üçün mümkün qədər rejimin açıq qalması ancaq qorunma tədbirləri ilə tövsiyə olunur. Bütün dünya artıq bu yolu tutub. Bəzən bu dalğalar elə ciddi problemlərlə, ağır rəqəmlərlə ifadə olunan nəticələrə gətirib çıxara bilər ki, o zaman mümkün ola bilən məhdudiyyətlərin də tətbiq olunma­sı qərarı verilə bilər. Bu məsələlərin hamısını operativ qərargah nəzarətdə saxlayır və rəqəmlərə əsasən müvafiq təlimatlar, qərarlar verilir.

Xeyli vaxtdir ki, COVID – 19-un “Mu” variantı ortaya çıxıb.Yeni ştammlar digər dövlətlərdə yayılıbsa, o zaman o ölkələrlə gediş-gəliş əlaqəsini nəzərə alaraq, demək olar ki, “Mu” variantının Azərbaycana da gəlmə ehtimalı var. Nə qədər qorunsaq da, virus elə yoluxma gücünə malikdir ki, hava, külək vasitəsi ilə qonşu ölkələrdə yayılan ştammın bizə də keçməsi mümkündür. İnfeksionistlərin fikrincə isə yeni ştammlar yaransa da, heç biri Uhan variantından təhlükəli deyil. Əslində, “Mu” ştammı yeni deyil. Yanvar ayında Kolumbiyada aşkarla­nıb. Orada sürətlə yayılmağa, artmağa başlayıb. Artıq ölkədə dominant ştamma çevrilib. “Mu” Avropanın 40 ölkəsinə, o cümlədən Türkiyəyə də gəlib çatıb. Bundan əvvəl “Alfa”, “Betta” ştammları da ortaya çıxmışdı. Amma onlar sürətlə yayılıb, çoxala bilmədi. Ola bilsin, bir müddət sonra bu variantların üzərinə qayıdılacaq. Məlumatlarda daha ölümcül olması, xəstəxana şəraiti tələb etməsi və s. qeyd edilsə də bunlar ÜST tərəfindən narahatedici ştamm kimi qeydə alınma­yıb. Amma “Delta” variantı narahatedici ştamm kimi qeydə alınıb.

Artıq koronavirusun 24-dən artıq ştammı müəyyənləşdirilib. Amma bu ştammların heç biri koronavirusun “ori­jinal”, yəni Uhan variantından təhlükəli deyil. Pandemiyada virusun yeni ştamm­larının meydana çıxması təbiidir və məhz bu yeni variantlara görə pandemi­yanın müddəti uzanır.

Virciniyanın Corc Meyson Univer­sitetinin virusoloqu, professor Ança Baranova bildirib ki, virus təkcə hava damcı yolu ilə yox, aerozol üsulu ilə də yayılır. Havada 6-9 saat asılı qalıb uçuşan virus zərrəcikləri orada maskasız olan və danışan hər bir kəsi yoluxdu­rur. Aerozol yolu ilə yoluxmada virus yükü daha çoxdur. Xəstə insan asqırıb öskürərkən onun tənəffüs yollarından çı­xan virus ağır olur və onlar dərhal aşağı – döşəməyə, müxtəlif əşyaların üzərinə çökür və 1-2 saata parçalanır, yoluxdu­ruculuq olmur. Bu zaman yalnız xəstənin yanında maskasız duran və təmasda olan insan yoluxa bilər.

Havada olan viruslar isə o qədər yüngül olur ki, onlar hava axını ilə hərəkət edir. Sinqapur alimləri aşkar ediblər ki, danışan adamın ağzından çıxan hava aerozolları ilə ətrafa yayılan virus 9 saat havada asılı qalır. Məkanda hava mübadiləsi nə qədər çox olsa, viruslar bir o qədər aşağı çökər və hava təmizlənər. Aerozol yoluxmaya otaqda işi ilə bağlı çox danışanlar, maskasız olan­lar, şagirdlər, tələbələr, müəllimlər, ofis işçiləri, mağaza, market, bank işçiləri məruz qalırlar. Qorunmaq üçün maska taxmaq, otaqda havanın ventilyasiyası və dəyişməsini təmin etmək lazımdır. Bir sözlə, bütün hallarda virusa yoluxma­maq hər kəsin öz əlindədir. Bunun üçün yalnız qoyulan qayda və tələblərə əməl etmək kifayətdir.

Zərifə BƏŞİRQIZI,

 “Xalq qəzeti”

15 Oktyabr 2021 00:20 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə