Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncədə “nizamiganjavi.az” saytının təqdimat mərasimi keçirilmişdir

 

 

Təqdimat mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dr.Volfqanq Maniq, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, şəhər ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak etmişlər.

Azərbaycanın müstəqilliyi, suveren­liyi və ərazi bütövlüyü uğrunda canların­dan keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış etmişdir.O demişdir ki, Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi dahi şairin ədəbi irsinin təbliği, tədqiqi baxımından Gəncə Şəhər İcra Hakimiyyəti qarşısında daha məsul vəzifələr qoymuşdur. Elə bu gün təqdimatına toplaşdığımız saytın yara­dılması da həyata keçirdiyimiz çoxsaylı işlərdən biridir.

Təqdimat mərasimində çıxış edən Almaniyanın ölkəmizdəki səfiri Dr.Volfqanq Maniq, dahi şairin 880 illik yubileyi çərçivəsində Almaniyanın Azərbaycandakı səfirliyi tərəfindən “Nizami Gəncəvi Həftəsi” elan olun­duğunu və bir sıra tədbirlərin həyata keçirildiyini qeyd etmişdir. Səfir “Nizami Gəncəvi İli” çərçivəsində Gəncədə təşkil olunan tədbirlərin iştirakçısı olmaqdan məmnunluq duyduğunu demişdir.

Daha sonra sayt qonaqlara təqdim olunmuşdur. Bildirilmişdir ki, saytda Nizami Gəncəvi barədə məlumatların yerləşdirildiyi “Haqqında”, dahi şairin əsərlərinin yer aldığı “Xəmsə”, “Müd­rik fikirlər”, habelə “Xəbərlər” və sair bölmələr mövcuddur. Burada yer alan “Virtual tarix – 360 dərəcə” bölməsi isə xüsusi diqqət çəkir. Bu hissə Nizami Gəncəvi Məqbərə Kompleksini, habelə Gəncənin tarixi abidələrini, müasir bina­ları, müzey, park və xiyabanlarını “virtu­al” olaraq ziyarət etmək imkanı verir.

Tədbirdə çıxış edən AMEA-nin Gəncə Regional Bölməsinin sədri, akademik Fuad Əliyev, Nizami Gəncəvi Mərkəzinin direktoru, professor Xəlil Yu­sifli, “Gəncə İş Adamları” İctimai Birliyi­nin İdarə Heyətinin sədri, Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Zəfər Məmmədov sayt haqqında öz fikirlərini bölüşmüşlər. Qeyd olun­muşdur ki, Gəncədə yaşayıb-yaratma­sına baxmayaraq Nizami Gəncəvinin “Xəmsə”si dünyada geniş şöhrət tapıb. “Nizamiganjavi.az” saytı dahi şairin ya­radıcılığının təbliğ olunması və dünyada daha geniş tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Məlumat üçün bildirək ki, “nizami­ganjavi.az” saytı Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, “Gəncə İş Adamları” İctimai Birliyi və AMEA Gəncə Regional Bölməsinin dəstəyi ilə “Netqraf Group” tərəfindən hazırlanmışdır.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

15 Oktyabr 2021 00:14 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə