Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mingəçevirdə məhəllələrin abadlaşdırılması kütləvi xarakter alır

 

 

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi iş planına uyğun olaraq, yaşayış məhəllələrinin kompleks şəkildə abadlaşdırma işləri ardıcıllıqla davam etdirilir. Abadlaşdırılması nəzərdə tutulan növbəti məhəllədə quruculuq işlərinin başlanmasına oktyabrın 12-də ŞİH başçısı İlham İsmayılovun iştirakı ilə start verildi.

Qeyd edək ki, abadlaşdırılması nəzərdə tutulan 135-ci Məhəllədəki 16 yaşayış binasında 3 min nəfərdən artıq əhali yaşayır. Abadlıq işləri ŞİH-in memarlıq və tikinti şöbəsi tərəfindən hazırlanmış vahid plan əsasında texnoloji ardıcıllıq gözlənilməklə həyata keçiriləcək. İlkin mərhələdə kommunal xidmət təşkilarları öz sahələrinə aid təmirə ehtiyacı olan naqil və boruları müəyyən edərək yeniləyəcək, paralel olaraq məhəllədəki idman qurğuları, söhbətgahlar, xeyir-şər mağarları əsaslı şəkildə təmir olunacaq. Bunun ardınca səkilər asfaltlanacaq və yaşıllıqlar salınacaq. Sonrakı mərhələdə binaların fasadları və giriş hissələrinin təmiri nəzərdə tutulub.

Məhəllə sakinləri qarşısında çıxış edən ŞİH başçısı İlham İsmayılov Prezident İlham Əliyevin göstərişinə əsasən, respublikanın bütün rayon və şəhərlərində olduğu kimi, Mingəçevir şəhərində də əhalinin yaşayış səviyyəsinin daha da yüksəldilməsi məqsədilə geniş abadlıq və quruculuq işlərinin davam etdiyini diqqətə çatdırdı. Şəhərdə bütün məhəllələrin kompleks şəkildə abadlaşdırılacağını bildirən icra başçısı əlavə etdi ki, əvvəllər bir neçə belə məhəlləmiz var idi. Bu məhəllələri “nümunəvi məhəllə” adlandırırdıq. Artıq bu proses genişləndi və kütləvi xarakter alıb. Mərhələli şəkildə Mingəçevirdəki bütün məhəllələr abadlaşdırılaraq nümunəvi hala gətiriləcək”. ŞİH başçısı görüləcək işlərlə bağlı yerindəcə əlaqədar təşkilat rəhbərlərinə müvafiq göstərişlər verdi.

Eyni zamanda, sakinlərlə görüş keçirən icra başçısı onların qarşılaşdıqları problemlərlə də maraqlandı. Demək olar ki, sakinlərin əksər hissəsi binalarda kanalizasiya sisteminin vəziyyətinin ürəkaçan olmaması ilə bağlı şikayətlərini dilə gətirdilər. İ.İsmayılov Mingəçevirdə kanalizasiya sisteminin yenidən qurulma işlərinin “Azərsu” ASC tərəfindən aparıldığını və işin artıq 50 faizinin başa çatdığını bildirdi. Əlavə etdi ki, işlər tam yekunlaşmadığına görə bir sıra hallarda əhalinin haqlı narazılıqları ortaya çıxır. Odur ki, Mingəçevir Sukanal İdarəsinin rəhbərliyinə tapşırıldı ki, sakinlərin müraciətlərinə diqqətlə yanaşılsın və kanalizasiya sahəsində həlli vacib məsələlər imkan daxilində həll edilsin.

Bundan əlavə, şəhər rəhbəri əsaslı şəkildə təmir olunacaq Ş.İ.Xətai küçəsində işlərin gedişatı ilə tanış oldu, təşkilat rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi.

Qeyd edək ki, təsdiq olunmuş yenidənqurma planına əsasən, Ş.İ.Xətai küçəsində bütün yeraltı kommunikasiya xətləri yenidən qurulacaq, yol və səkilər təmir edilərək asfaltlanacaq, qazon və yaşıllıq zolaqları salınmaqla yanaşı, ağaclar əkiləcək və yeni işıqlandırma sitemi quraşdırılacaq.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

14 Oktyabr 2021 00:46 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
20 Oktyabr 2021 | 17:36
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə