Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Adınız andımızdır

Şəhid olmaq fəqət hürriyyət uğrunda səadətdir,

Əsarətlə həyatın bisəmər zövqü səfasından

Əliağa Vahid

Hər kəs “Vətənimi sevirəm” deyər, çoxu sevər də. Amma hər kəs Vətəni canından çox, uğrunda öləcək qədər sevə bilirmi?! Torpaq uğrun­da, yurd yolunda canından keçən insanların ən yüksək məqamıdır şəhidlik. Vətənin azadlığını can ilə qazanıb qan ilə yazmaqdır şəhidlik. Ruhunda ölümdən güclü, həyatdan şirin bir sevgi daşımaqdır. O sevgi güc-qüvvət, cəsarət verər. O sevgi sevgilərin ən güclüsü, bitməyən eşq­dir. Bu, Vətən eşqidir...

Şəhidlik həm də məhşərədək göynədən böyük acıdır, dərddir: bir ananın qəlbinə axan göz yaşları, bir atanın inləyən ruhudur. Bir xanımın daşıdığı ən şərəfli yükdür. Bir övlada qalan ən böyük mirasdır.

Amma şəhid olmaq ölmək deyil, arzuların, istəklərinin ölməsidir. Rəngli xəyalların boz üzü, keçilməyən illərin bağlı yolu, dalanıdır. Cismin yoxluğu, özün dünya durduqca mövcudluğu­dur. Ölməzlər, bir ananın sükutunun fəryadında yaşayarlar illərlə. Bir gəlinin həyasında, sevgisində yaşa­yarlar ömür boyu. Bir övladın həsrət dolu kəlməsində yaşayarlar.

Heç bir kəlmə üçrəngli bayrağa bürünən, tabuta gözyaşlarını axıdan, əlləriylə böyütdüyü balasını ömrün fidan çağında şəhid verən ananın duyğularını, acısını, ağrısını ifadə edə bilməz. Övladını torpağın bağrına qo­yan atanın yaşantılarını ifadə etmək də mümkün deyil. Lakin bu əbədiyyət sakinləri nisgilimiz, kədərimiz, ürək ağrımız olduğundan daha çox qədər fəxrimiz, örnəyimizdir, and yerimiz­dir. Şəhid cənazələrinin arxasından yüksələn sədalar onların həm də qürur yerimiz olduğunu bəyan edir: “Şəhidlər ölməz, Vətən bölünməz!”

Şəhidlik mərtəbəsi Allah qatında uca bir mövqedir. Müqəddəs kitabı­mız “Qurani Kərim”də İslam yolunda “Onlara ölü deməyin, Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz” (Bəqərə surəsi, 2/154) buyrulur. Azərbaycan xalqının təfəkküründə şəhidlik yalnız İslam yo­lunda deyil, Vətən uğrunda canından keçənlərin uca məqamıdır. Hələ 1300 il əvvəl “Kitabi Dədə Qorqud” dasta­nında yurd, el-oba uğrunda canından keçənlər şəhid adlandırılıb: “İlək qoca oğlı Sarı Qalmaş şəhid oldı” və yaxud Qazan xanın evinin yağmalanması boyunda Qaraca Çobanla Qazan xanın dialoqunda “Altı yüz kafir dəxi mənim üzərimə gəldi. İki qardaşım şəhid oldı. Üç yüz kafir öldürdüm, ğəza etdim” .

Xalqımızın müsətqillik tarixində də şəhidlərimizin özəl bir yeri var. XX yüzilliyin əvvəllərində müstəqilliyimizə gedən yol 1918-ci il mart qırğın­ları ilə başlayıb, əsrin sonlarında müstəqilliyimizin bərpasına aparan yol isə 1990-cı ilin 20 Yanvarından keçib. Qarabağ müharibəsində və sonrakı atəşkəs dövründə Azərbaycan on minlərlə şəhid verib. Minlərələ Azərbaycan övladının qəlbindəki VƏTƏN EŞQİ həyat eşqindən üstün olub, güclü olub. Yüzlərlə oğullarımız Vətən, torpaq uğrunda qəhrəmanlıqla vuruşaraq Azərbaycanın yeni hərb tarixini, döyüş salnaməsini yaradıb. Aprel döyüşləri təkcə, düşmən təxribatına layiqli cavab, müdafiə və mübarizə deyil, eyni zamanda, Azərbaycan xalqının əzm və rəşadətini, milli duyğularının nə qədər güclü olduğu­nu göstərdi. 4 günlük müharibədən 44 günlük müharibəyədək ölümün gözünə dik baxan, düşmən tapdağın­dakı torpaqlarımızı qanları ilə yuyan, şəhidlik məqamında əbədi həyat qa­zanan yüzlərlə Azərbaycan əsgərinin, zabitinin təkcə cismən deyil, mənən və ruhən torpağa bağlı Vətən sev­dalısı olduğunu hüzn və fəxrlə qeyd edirik.

Azərbaycan Ordusu Aprel və Tovuz döyüşlərində, Günnüt əməliyyatında işğalçılıq siyasətindən əl çəkməyib yeni ərazilər ələ keçirmək istəyən azğın düşmənin təxribatlarının qarşısını alan onlarla hərbçimiz, Polad Həşimov kimi igid generalımız tariximizdə, taleyimizdə iz qoydu, şəhidlərimiz torpaqlarımı­zın azadlığı uğrunda mübarizəmizin yeni səhifələrini qanları ilə yazdılar, tarixləşdirdilər. Bu döyüş salnamələri Ermənistana, beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-in Minsk qrupuna göstərdi ki, Azərbaycan xalqı torpaq­larının işğal faktı ilə barışmayacaq. Lakin nə təcavüskar dövlət, nə də ha­vadarları anlamadılar ki, Ermənistan işğalını heç vaxt rəsmiləşdirə bilməyəcək. Buna nə beynəlxalq hü­quq, nə də Azərbaycan Ordusu imkan verməz!

Ermənistanın sentyabrın 27-də növbəti hücumu bu ölkənin hərbi və siyasi rəhbərliyinin beynəlxalq hüquq normalarına məhəl qoyma­masının növbəti təzahürü, işğalçılıq siyasətinin yeni ifadəsi idi. Düşmənin hücumuna cavab olaraq, xalq Ali Baş Komandanın ətrafında birləşdi, sosial, siyasi statusundan asılı olmayaraq 50 milyonluq xalq tək ürək, bir yumruq oldu. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə hər vətəndaşımız bir əsgər oldu. “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” şüarı dilimizin ən əziz kəlməsi, duası, salamı oldu. Bu şüarla küçələrdə əsgər salamı verən, əsgərlərimizin addımlarını qürurla təqlid edən kiçik uşaqların çöhrəsindəki inam, mərdlik, Vətən sevgisi unuda bilməyəcəyimiz xatirələrdir. Birlik, əzm, iradə, güc və şəhidlərimizin canı bahasına böyük Qələbəmiz reallaşdı. PUA-sız, topsuz, mərmisiz, Azərbaycan hərbçilərinin igidliyi, mərdliyi ilə Şuşanın azadlığı əməliyyatı isə bu Zəfərin kulminasiyası kimi İkinci Qarabağ müharibəsi tarixinin şərəfli bir səhifəsinə çevrildi. Ali Baş Ko­mandanının rəhbərliyi ilə əsgər və zabitlərimiz 44 gün davam edən müharibədə hərb tariximizin yeni şanlı səhifələrini yazdılar. Qanlı tariximizin şanlı səhifələrdə ərənlərimizin dillərdə dastan olan igidliyini, qazilərimizin, şəhidlərimizin mərdliyini ifadə etməyə sözlər, kəlmələr, cümlələr acizdir... Beynəlxalq təşkilatların 30 il ərzində reallaşdıra bilmədikləri beynəlxalq hüquq prinsipləri, BMT qətnamələri sinəsində qəlbindən böyük bir sevgi, cismində qüdrətli ruh daşıyan mərd oğullarımızın canı bahasına həyata keçirildi.

Bu qələbə Azərbaycan əsgərinin əzmini, qəhrəmanlığını, vətənsevərliyini bir daha bütün dün­yaya nümayiş etdirdi. Çünki zəfərimizi şərtləndirən amillər sırasında məhz vətənpərvərlik amili minlərlə gənci könüllü olaraq cəbhəyə getməyə sövq etmişdi. Hələ Tovuz təxribatları zamanı ermənilərin növbəti hərbi təcavüzünə etiraz olaraq, yüzlərlə gənc heç bir təşkilatçılıq olmadan küçələrə çıxmışdı. Bu gəncləri səsləyən torpaq qeyrəti, Vətən sevgi­si idi. Bu məmələkətin əsgəri, zabiti, qazisi, şəhidi dünyaya göstərdi ki, Vətəni qorumaq həm də ümumxalq işidir. Çünki Vətən olmazsa millət də olmaz, dövlət də...

Bəli, yüzlərlə Vətən oğullarının uğ­runda şəhid olduğu Vətən sadəcə tor­paq parçası deyil.. Vətən bir ana qu­cağı, milləti bağrına basan müqəddəs məkandır. Vətən bir millətin yuvası olduğu müddətcə, üzərində o millətin bayrağı dalğalanır. Dalğalanan hər bayraq o Vətənin sahibinin kimliyini göstərər. Xalq şairi B.Vahabzadənin misralarında vətəndaşlıq qürurunun mükəmməl ifadəsi kimi:

“Bayraq mənliyimdir, bayraq kimliyim!

Bayraq öz yurduma öz hakimliyim!”

Daha bir türk şairi Mehmet Akif Ərsoyun təbirincə

“Bayraqları bayraq yapan üstündəki qandır.

Torpaq əgər uğrunda ölən varsa, Vatandır”.

Bu gün qürurumuz, müstəqil dövlətimizin rəmzi kimi dünyanın ən mötəbər saraylarında, ən nüfuzlu beynəlxalq təşkilatlarında dalğalanan Azərbaycan bayrağına görə həm də şəhidlərimizin ruhuna borcluyuq. Bu səbəblə, Vətəni dünəndən bu günə gətirən, tarixin itməz yaddaşın­dan boylanan şəhid babalarımıza, atalarımıza, ərlərimizə, oğullarımı­za bir minnətdarlıq borcumuz var. Bu borcu ödəməyin yolu isə yurdu təkcə sevməkdən deyil, həm də onu qorumaqdan keçir. Bu çətin, çətin olduğu qədər müqəddəs və şərəfli borcun, tarixi missiyanın, vətəndaşlıq vəzifəsinin ağırlığı isə gənc nəslin çiyinlərindədir.

İnsan həyatı qədər qiymətli heç bir şey yoxdur. Fəqət mövzu Vətən oldu­ğu zaman Vətən candan əhəmiyyətli olar. Çünki Vətən şərəf, ləyaqət, na­mus deməkdir. Milyonların ürəyində əbədi məşələ çevrilən şəhidlərimiz də bu amal, qayə, məqsəd, hədəf üçün canlarından keçiblər. Amma bunun üçün insanın qəlbinin dərinliklərində gərək nə qədər yurd sevgisi kök at­sın, canında, qanında nə qədər Vətən məhəbbəti çağlasın ki, bu torpaq uğrunda həyatından keçməyə hazır olsun! Nə qədər vətənpərvər olsun ki, gəncliyini, gələcəyini, arzularını fəda edə bilsin! Onları əbədiyyətə qovuş­duran, əbədiyaşar edən də bu amalın nurudur, işığıdır.

Unutmamaq diləyilə bütün ŞƏHİDLƏRİMİZİ sevgi və rəhmətlə anır, ruhları qarşısında baş əyirəm...

Leyla RƏŞİD, “Xalq qəzeti”

14 Oktyabr 2021 00:44 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə