Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tezliklə Qarabağda həyat əvvəlki kimi qaynayacaq

Bütün dünya ictimaiyyəti Şuşa, Füzuli, Cəbrayıl, Ağdam, Zəngilan, Qubadlı və Kəlbəcər, bir sözlə, işğaldan azad edilən bütün torpaqlar əsl sahibinə qayıtdıqdan sonra orada irimiqyaslı abadlıq – quruculuq, şəhərsalma planlarına start verildiyini izləyir. Çünki işğal dövründə cənnət Qarabağ talan edilmiş, evlər, tarixi abidələr, muzey və məscidlər xarabaya çevrilmiş, milli- mənəvi dəyərlərimiz tapdalanmışdı... Ötən 30 il müddətində işğalda olan şəhər və rayonlarımızda daş daş üstə qoyulmamış, əksinə, dağıdılmışdı. Amma bugünkü sürətlə aparılan tikinti – quruculuq və bərpa – abadlıq işləri onu göstərir ki, regionun əsl sahibi kimdir və kim öz torpağının qədrini daha yaxşı bilir. Ermənilər Qarabağa nə qədər sahiblənmək xülyasında olsalar da, haqq – ədalət gec də olsa, yerini tapdı və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, igid ərənlərimizin döyüş şücaəti sayəsində torpaqlarımız azadlığa qovuşdu.

Bu gün Qarabağda aparılan işlər, real­laşdırılan layihələr, Prezident İlham Əliyevin mütəmadi olaraq azad edilən rayon və şəhərlərimizə səfərləri onu göstərir ki, Qarabağın mədəni inkişafı dövlətimiz üçün prinsipial məsələdir. Prezident İlham Əliyev Şuşaya səfəri zamanı bildirmişdi ki, bu şəhər işğaldan azad olunandan sonra, bütün tarixi binaların bərpa edilməsi prosesinə start ve­rilmişdir. “Ağıllı kənd”, “ağıllı şəhər” layihələri əsasında Qarabağ dirçəlir.

İlk işlərdən biri Molla Pənah Vaqifin məqbərəsinin bərpa edilməsi idi ki, bu işi Heydər Əliyev Fondu öz üzərinə götürüb və avqustun 30- da onun önündə Vaqif Poe­ziya Günlərinə start verilib. Vaqif Poeziya Günləri də, “Xarıbülbül” festivalı da bərpa edilib. Zəfər yolu çəkilib və Füzuli şəhərindən tunellər daxil olmaqla, daha qısa magist­ral yol tikilir. Şuşanın elektrik təsərrüfatı və partladılmış su xətləri bərpa edilib. Üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhər Ağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhər Ağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verilib. Bu məscidlərin təmirini də Heydər Əliyev Fondu reallaşdırır. Natəvan bulağı və ermənilərin qurutduqları 17 bulaq işə salınıb, “Xarıbülbül” oteli istifadəyə verilib. “Qarabağ” oteli də əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açıb. Yeni beşul­duzlu otelin, konfrans zalının təməli qoyulub. Ermənilərin gülləbaran etdikləri Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri mərkəzi meydanda qoyulub. Digər azadlığa qovuşan bölgələrdə bərpa işləri aparılır. Ən önəmli iş Şuşada yeni yaşayış kompleksinin təməl daşının qoyulmasıdır.

Əlbəttə, Şuşada bu və digər möhtəşəm bərpa işlərinin aparılması, Füzuli Hava Li­manının açılması, Laçın və Kəlbəcərdə hava limanlarının təməlinin qoyulması, Zəngilanda “ağıllı kənd” layihəsinin icrasına başlanıl­ması, dağıdılmış Ağdamın müasir şəhərə çevrilməsi üçün görülən irimiqyaslı işlər onu sübut edir ki, tarixi dədə - baba torpağımız olan Qarabağ əvvəlkindən də gözəl olacaq. Çünki Füzuli Beynəlxalq Hava Limanı açılıb, Laçın Hava Limanının da təməli qoyulub. Bu, o deməkdir ki, həm Füzuli, həm də Laçın aeroportlarından Şuşaya getmək mümkün olacaq.

Onu da qeyd edək ki, Qarabağda ener­getika sisteminin yaradılmasına xüsusi önəm verilməsinin nəticəsidir ki, artıq bu ərazilərdə elektrik enerjisi alternativ mənbələrdən hasil edilməyə başlanılıb. Su - elektrik stansiya­larının sayınının tədricən təxminən 20 - yə çatdırılacağı nəzərdə tutulub. İşğaldan azad olunan ərazilərimizdə günəş enerjisi əsasən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Azərbaycanda yerli su ehtiyatlarının 25 faizi Qarabağda formalaş­dığından, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı əlverişli sayılır və bundan istifadə ediləcək. Hazırda Cəbrayıl, Qubadlı, Zəngilan və Ağdam rayonlarında yarımstansiyalar tikilir, “Şuşa” və “Kəlbəcər” yarımstansiyaları tikilərək istismara verilib. Həmçinin “Füzuli” yarımstansiyası tikilib və “Şükürbəyli” yarıms­tansiyası genişləndirilərək yenidən qurulub.

Dövlət başçımız oktyabrın 3- də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldarkən etdiyi çıxı­şında bir il öncə bu qəsəbənin işğaldan azad edilməsini ordumuzun böyük uğuru, böyük qələbəsi adlandırdı. Prezident bu kəndlərin azad edilməsinin strateji əhəmiyyətinin çox böyük olduğunu vurğuladı. Suqovuşanda mühüm su anbarı yerləşdiyini və onun stra­teji obyekt olduğunu bildirdi. Suqovuşan və Sərsəng su anbarlarının ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976- cı ildə inşa edildiyini xatırlatdı. Bildirdi ki, bu anbarlardan Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su verilirdi. İşğal dövründə isə ermənilər yayda suyu kəsir, qışda verirdilər.

Prezident çıxışında fəxrlə bildirdi ki, indi bu ərazilərə biz hakimik və hər yer abad ola­caq, hər kəs burada xoşbəxt yaşayacaq. Biz azad etdiyimiz əraziləri yenidən qururuq. Bu il Suqovuşan su anbarından istifadə edərək 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Şərqi Zəngəzur və Qara­bağ iqtisadi zonalarında mövcud olan su eh­tiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edilməkdədir. Artıq su mənbələrinin bü­tün xəritələri tərtib edilib və yeni su anbarları­nın tikintisi gündəlikdə duran məsələdir. Səfər zamanı dövlət başçımız, həmçinin bir sıra təməlqoyma mərasimlərində iştirak etdi.

... Hazırda Qarabağ həqiqətən də böyük tikinti meydançasını xatırladır. Xocavənddə də, Hadrutda da, ümumiyyətlə, hər rayonda, şəhər və kənddə faziləsiz abadlıq – bərpa, tikinti – quruculuq işləri start götürdüyü sürətlə davam edir. Qurub yaradanlar ara­sında həmin bölgə sakinlərinin olması isə xüsusi qeyd olunmalıdır. Onlar ermənilərin viranəyə çevirdikləri əraziləri, doğma ata – baba yurdlarını öz əlləri ilə canlandırma­ğa, dirçəltməyə çalışırlar. İllərdir, bu günü həsrətlə gözləyirdilər. Çox keçməyəcək ki, abadlaşan, yeniləşən, gözəlləşən Qarabağda yenidən həyat canlanacaq, insanlar əkib - becərəcək, həyatlarına davam edəcəklər. Bu günə şükür!

Yazgül ABDIYEVA,

“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri

14 Oktyabr 2021 00:41 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə