Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkə vətəndaşlarının sosial müdafiəsinə diqqət daim artır

Hazırda hamının nəzərləri işğaldan azad edilmiş Qarabağda aparılan tikinti, quruculuq və abadlıq işlərinə yönəlib. Dövlət başçımızın təşəbbüsü ilə o ərazilərdə “ağıllı kənd”, “ağıllı şəhər” layihələri həyata keçirilir. Bu işlər heç də ölkədə əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi məqsədilə aparılan islahatları, reallaşdırılan proqramların təxirə salınmasına səbəb olmur. Həmişə olduğu kimi, yenə də vətəndaşların sosial müdafiəsi dövlət başçısının diqqət yetirdiyi prioritet məsələlərdəndir.

Sosial müdafiə məsələlərindən söz açarkən, öncə onu deyək ki, işsizliyin aradan qaldırılması məqsədilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli­yinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində vətəndaşlara vakant iş yerlərinə göndərişlər verir. Təkcə sentyabr ayında daha 104 şəxs iş yerlərinə göndərişlə təmin olunub. Hazırda ümumilikdə proqram üzrə verilən göndərişlərin sayı isə 1044 - ə çatıb. İşlə təminat üçün göndəriş verilənlərin əksər hissəsi şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslərdir.

Proqram üzrə artıq 366 nəfərlə işəgötürənlər arasında əmək müqaviləsi bağlanıb və onlar əmək fəaliyyətinə başlayıblar. Hazırda göndəriş verilən digər işsiz vətəndaşlarla da əmək müqavilələrinin bağlanması prosesi davam edir. “Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə va­kansiyası olan işəgötürənlər proqrama elektron qaydada müraciət edə bilərlər. Bu proqram əsasında işlə təmin edilən şəxslərin 2 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.

Agentlik tərəfindən bu ilin 9 ayın­da 62 min 673 işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib. Onlardan 23 min 289- u ödənişli ictimai işlərə cəlb olunub. Həmçinin mühüm istiqamətlərdən biri olan özünüməşğulluq proqramının icrası işləri də davam etdirilib. Artıq 11 min 950 nəfərin proqrama qeydiyyatı aparı­lıb. Onlardan 6 min 883 nəfəri seçdikləri biznes istiqamətləri üzrə aktivlərlə təmin edilərək kiçik təsərrüfatlarını yaradıblar. Qeyd olunan dövr ərzində agentlik tərəfindən 262 işsiz şəxs müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına, 147 nəfər isə peşəyönümü məsləhəti xidmətinə cəlb olunub.

Ötən dövrdə möhtəşəm zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərin, erməni terrorundan zərər çəkən şəxslərin məşğulluğuna və özünüməşğulluğuna dəstək tədbirləri geniş miqyas alıb. Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi Vətən müharibəsindən sonrakı dövrdə həmin kateqoriyalara aid 5320 şəxsi özünüməşğulluq proqramına cəlb edib. Onlara proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilməklə kiçik ailə təsərrüfatları yaradılıb. İki mindən çox şəxs isə aktiv məşğulluq proqramları çərçivəsində münasib işlərlə təmin edilib. Şəhid ailəsi üzvləri və müharibədə yaralan­mış qazilərin məşğulluğuna dəstək məqsədilə 2021- ci il iyunun 10 - dan başlanan “Məşğulluq marafonu”na artıq 534 işəgötürən qoşularaq, 2833 vakan­siya təqdim edib. Həmin vakansiyalar üzrə bu günədək 832 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

Bugünlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Gəncə şəhərində və Samux rayonunda şəhid ailələri üçün özünüməşğulluq proqramı əsasında yaradılmış müəssisə və təsərrüfatlarla tanış olub. Nazir proq­ram iştirakçıları ilə görüşündə Prezident İlham Əliyevin tapşırığına əsasən, Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə iştirakçılarının sosi­al dəstəklə təminatı, o cümlədən onların məşğulluq məsələlərinin həlli işlərinin aparıldığını qeyd edib. O, bildirib ki, postmüharibə dövründə 5320 şəhid ailəsi və qazi, erməni terrorundan zərər çəkən şəxs özünüməşğulluq proqra­mına cəlb olunub. Onlar proqramın dəstəyi ilə verilmiş aktivlər hesabına kiçik təsərrüfatlar yaradıblar.

Həmin kateqoriyalardan olan 2 mindən çox şəxsin isə münasib işlərlə təminatı həyata keçirilib. Bu il 16 mindən çox şəxsin özünüməşğulluq proqramı əsasında kiçik müəssisə və təsərrüfatlarını qurmaları üçün işlər aparılır. Proqrama cəlb olunanların mühüm bir hissəsi şəhid ailələri və qazilərdir. Onların mal və materiallar, avadanlıqlar formasında aktivlərlə təminatı prosesi hazırda davam edir.

Vətən müharibəsi şəhidi Samir Abdullayevin atası İlham Abdullayev üçün dəmirçilik üzrə kiçik müəssisə, şəhid Elvin Məmmədzadənin ata­sı İlham Məmmədov üçün arıçılıq təsərrüfatı, həmçinin şəhid Nurəddin Hümbətovun atası İlqar Hümbətov üçün maldarlıq təsərrüfatı yaradılmış­dır. Nazir Gəncə və Samuxda olarkən həmin müəssisə və təsərrüfatlara baş çəkib. Proqram iştirakçıları özünüməşğulluq fəaliyyətlərini, kiçik bizneslərini inkişaf etdirmək üçün səy göstərdiklərini bildiriblər. Onlar qayğı ilə əhatə olunduqlarına, öz ailə təsərrüfatlarını qurmalarına göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, aparılan işlərin davamı olaraq bu il Gəncədə 109 nəfər və Samuxda 63 nəfər özünüməşğulluq proqramına cəlb olunaraq kiçik ailə təsərrüfatlarını yaradıb.

Nazir S.Babayev Samuxda olarkən, həmçinin şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim edilməsi mərasimində iştirak edib. Vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordu­su Vətən müharibəsində qəhrəmanlıq tarixi yazaraq Zəfər qazandı, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı doğma yurdlarımızı azadlığı­na qovuşdurdu. Vətən müharibəsində qüdrətli və məğlubedilməz orduya malik olduğunu nümayiş etdirən Azərbaycan eyni zamanda güclü sosial siyasətini də göstərir.

Postmüharibə dövründə şəhid ailələrinin üzvləri, qazilər, erməni terrorundan zərər çəkənlərdən ibarət 31 min insanın çevik və genişmiqyaslı sosial dəstək paketi ilə əhatə olun­duğunu, onlara 39 minədək xidmətin göstərildiyini deyən nazir bildirib ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı üç il əvvələ nisbətən bu il 5 dəfə genişlənib: 2021-ci ildə 3 min mənzil və fərdi evin təqdim edilməsi işləri aparılır. Onlardan artıq 1700 mənzil təqdim edilib. Bu günə qədər isə 11 minə yaxın mənzil və fərdi ev bu ka­teqoriyalardan olan vətəndaşlara verilib.

Dövlət başçısının 25 yanvar 2021- ci il tarixli sərəncamı ilə 2021– 2025- ci illərdə şəhid ailələrinə və müharibə əlillərinə 11 min mənzil və fərdi evin veriləcəyi diqqətə çatdırılıb. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərimiz uçota alındıqdan çox qısa zaman sonra artıq onların mənzillə, eləcə də müharibə əlilərinin avtomobillə təminatı həyata keçirilir. Bu da dövlət başçısının Vətən müharibəsi şəhidlərinin ailələri və əlillərinə xüsusi qayğısını bir daha təzahür etdirir. Samux rayonundakı yeni çoxmənzilli yaşayış kompleksi 9 binadan ibarət olmaqla 200 mənzillidir. Müasir tələblərə uyğun infrastrukturun yaradıldığı yaşayış kompleksində 144 şagirdlik məktəb, 50 yerlik bağça, klub icma mərkəzi, 2 idman meydançası da var.

Xatırladaq ki, ötən həftə, həmçinin Sabunçu rayonu, Ramana qəsəbəsində bir qrup gözdən əlilliyi olan şəxsə mənzillər verilib. Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində bildirilib ki, ölkəmizdə həssas qrup­ların, o cümlədən gözdən əlilliyi olan şəxslərin sosial müdafiəsi tədbirləri ildən - ilə genişlənir. Onların sosial təminatı və reabilitasiyası, rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl işlər aparılır. Gözdən əlilliyi olan şəxslər əlilliyə görə pensiya və ya müavinətlə, onlardan 1-ci dərəcə əlilliyi olanlar həmin sosial təminat növləri ilə yanaşı, Prezidentin aylıq təqaüdü ilə də təmin olunurlar. Ötən dövrdə həmin sosial ödənişlərin məbləği dəfələrlə artırılıb. Həmçinin onlar üçün bir sıra güzəşt və imtiyazlar da nəzərdə tutulub.

Heydər Əliyev Fondunun layihəsi çərçivəsində respublikamızın ayrı - ayrı bölgələrində (Naxçıvan, Gəncə və Yevlax) yaradılan Regional İnformasi­ya Mərkəzləri gözdən əlilliyi olanların və görmə qabiliyyəti zəif insanların informasiya – kommunikasiya texno­logiyalarından istifadə imkanlarına yiyələnməsinə şərait yaradıb. Nazirliyin sifarişləri əsasında görmə imkanları məhdud şəxslərin reabilitasiya məqsədli sosial xidmətlərlə əhatə olunması üçün layihələr icra olunur.

Yeri gəlmişkən, ölkəmizdə şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, digər həssas qrupların, o cümlədən gözdən əlilliyi olan şəxslərin də mənzillə təminatı işləri davam etdirilir. Həmin işlərin davamı olaraq, son illərdə onlar üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadəyə verilib. Ötən həftə təqdim edilən mənzillər də daxil olmaqla 2021- ci ildə 70- dək gözdən əlilliyi olan şəxs mənzillə təmin olunub.

Onu da qeyd edək ki, 2019 - cu ilin əvvəlindən başlayaraq pensiyaların və sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb. Cari ilin 1 okt­yabr tarixinədək həmin sosial təminat növləri üzrə ümumilikdə 233 min təyinat elektron qaydada həyata keçirilib. Onlardan 44,7 mini pensiya, 188,3 mini müavinət və təqaüd təyinatı olub. Elektron təyinat sistemləri vasitəsilə 2021- ci ilin yanvar – sentyabr aylarında isə 107 min pensiya, müavinət, təqaüd təyinatı elektron qaydada aparılıb. Onlardan 19 mini pensiya, 88 mini müavinət və təqaüd təyinatları olub. Nəticədə vətəndaşların həmin sosial təminat növlərinə hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, proaktiv şəkildə onlara həmin sosial ödənişlər təyin edilib.

Bugünlərdə şəhid ailələri üzvlərinin, müharibədə xəsarət almış hərbi qulluqçuların və müharibə əlillərinin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərlə bağlı qurumların fəaliyyətinin əlaqələndirilməsi üçün yaradılmış Əlaqələndirmə Komissiyasının icla­sı keçirilib. Bildirilib ki, komissiyada vahid əlaqələndirmə mərkəzlərində 26 istiqamətdə xidmət göstərən 19 dövlət orqanı (6 mərkəzi, 13 yerli icra hakimiyyəti orqanı) təmsil olunur. İclasda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm zəfərlə başa çatdırdığı Vətən müharibəsindən sonra şəhid ailələrinin və qazilərin geniş sosi­al dəstək proqramı ilə əhatə olunduğu qeyd edilib. Nazir Sahil Babayev dövlət başçısının 2021- ci il 25 iyun tarixli fərmanına əsasən vahid əlaqələndirmə mərkəzlərinin yaradılmasının şəhid ailələri və qazilərə yüksək diqqət və qayğının daha bir təzahürü olduğu­nu vurğulayıb. Vahid əlaqələndirmə mərkəzlərində bu kateqoriyadan olan vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza və rea­bilitasiya, müalicə, müayinə və s. üzrə xidmətlərin vahid məkandan, operativ, şəffaf, nəzakətlilik, məsuliyyət və rahat­lıq prinsipləri əsasında göstərilməsinin mühüm dəstək tədbirlərindən biri oldu­ğunu bildirib.

Qeyd olunub ki, vahid əlaqələndirmə mərkəzlərində xidmətlər göstərəcək qurumların rəhbər şəxslərinə həmin mərkəzlər barədə təqdimatlar edilməklə, onlara ətraflı məlumatlar ve­rilib. Nazirlik tərəfindən bu mərkəzlərdə dövlət orqanları tərəfindən göstərilən xidmətlər üzrə pasportlar hazırlana­raq, aidiyyəti üzrə razılaşdırılıb. Vahid əlaqələndirmə mərkəzlərində təmsil olunan dövlət qurumlarının əməkdaşları DOST Agentliyində təlimlərə cəlb olunub, onların xidmətlər göstərmələri üçün zəruri şərait yaradılıb. Xidmətlər bir-biri ilə qarşılıqlı əlaqədə, informa­siya texnologiyalarından geniş istifadə edilməklə həyata keçirilir. Xidmət göstərən qurumların elektron informa­siya sistemləri arasında əlaqələndirmə də təmin edilib. DOST mərkəzlərində avqustun 23- dən fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərində indiyədək Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, həmin müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 1461 nəfər (o cümlədən “142 - Çağrı mərkəzi” vasitəsilə 155 müraciət) qəbul edilib.

Son olaraq qeyd edək ki, hazırda vətəndaşların sosial müdafiəsini daha da gücləndirmək, onlara bir məkandan və rahatlıq prinsipləri əsasında xidmətlər göstərmək məqsədilə ölkəmizin regionlarında da vahid əlaqələndirmə mərkəzlərinin qurulması işləri aparılır və həmin mərkəzlərdə göstərilən xidmətlərlə bağlı qurum­ların fəaliyyətinin əlaqələndirilməsi sahəsində görülən işlər diqqətdə saxlanır.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

 

14 Oktyabr 2021 00:40 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə