Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Düşmən nəyə isə inanırdı, arxayın idi...

 

 

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına verdiyi müsahibədə 44 günlük Vətən müharibəsi ilə bağlı çoxsaylı sualları cavablandırıb, bir sıra detalları ilk dəfə açıqlayıb, sülh prosesi və regionun gələcəyi ilə bağlı fikirlərini bölüşüb. Azərbaycan Prezidentinin müsahibəsinin daşıdığı fikir yükü ilə bərabər, müsahibənin məhz 27 sentyabr ərəfəsində və məhz nüfuzlu rus hərbi – analitik jurnalına verilməsi də diqqətçəkəndir.

Azərbaycan öz torpaqlarını işğaldan nə zamansa azad edəcəkdi. İşğala son qoymaq üçün əməliyyatların plan – proqramları işlənib hazırlanırdı. Başqa cür ola da bilməzdi. Xüsusilə, 2016-cı ilin Aprel (Lələtəpə), 2018-ci ilin May (Günnüt), nəhayət, 2020-ci ilin İyul (Tovuz) döyüşləri bir daha sübut edirdi ki, döyüşlər qaçılmaz, Azərbaycanın qələbəsi isə labüddür. “Biz Ermənistanın başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi.” – Azərbaycan Prezidentinin 21 iyul 2020- ci ildə dediyi sözlərdir. Prezidentin şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdəki həmin çıxışında belə bir xüsusi cümlə də vardı: “Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq”.

Azərbaycan Prezidentin hakimiyətdə olduğu illərdə verdiyi vədlərə, etdiyi çıxışlara bələd olanlar yaxşı bilir ki, İlham Əliyev sözünə, vədinə sadiq liderdir. İlham Əliyev deyir və edir. Görünür, yekəxana Ermənistan hərbi – siyasi rəhbərliyinin “Dağlarda toy”un “Dağlarda tozanağ”a dönüşəcəyinə, “Keçilməz Ohonyan xətti”nin bir neçə saata keçiləcəyinə inanmaq imkanı olmayıb. “Qalib ölkə”, “Qalib xalq”, “Yenilməz ordu” – filan... özləri deyib, özləri eşidib, başqalarını da bir qədər inandırmışdılar və ilk işğallardan 30 ilə yaxın müddət keçmişdi, erməni cəmiyyəti bir qədər xumarlanmışdı. Aprel, may, iyulda baş verənlər onlara “oldu, keçdi” kimi gəlirdi bəlkə. Bəlkə də düşünürdülər ki, Azərbaycana uzaqbaşı 2 – 3 rayon irəliləmək üçün çox uzun illər lazımdır və o irəliləyiş də çox böyük itkilər hesabına baş tutsun. Açığını deyək, Ermənistanın, dünya erməniliyinin, erməni havadarların bizim Ali Baş Komandanın prinsipiallığını, qətiyyətini, siyasi iradəsini, Azərbaycan Silahlı Qüvvələrinin gücünü düzgün hesablaya bilmədiyini gördük. Gördük ki, onlar ağır işğal illərini, ayrı- ayrı ölkə və şəhərlərdə keçirmiş çoxsaylı və nəticəsiz danışıqları xatırlayaraq, dünyada hökm sürən ikilistandartlara bel bağlayaraq, “bu da keçər”, “yenə uzanar”... kimi düşüncələrə dalıbmışlar... Əgər belə olmasaydı, qondarma rejimin qondarmadan daha qondarma “Ali Məclis”inin Şuşaya köçürülməsi, Şuşada Arayik üçün “andiçmə” törəni düzənlənməsi, Livandan gətirilmiş ermənilərin Şuşada, bizim digər ərazilərimizdə qanunsuz məskunlaşdırılması və s. nəyə xidmət edir, nəyə əsaslanırdı? Onlar inanırdı, onlar arxayındı, bu saxta inam və arxayınçılıq onları qudurtmuşdu. Yəqin aradabir də, yaxalarını bəzəyən dəmir- dümürə baxıb qürrələnirdilər. – Saxta “bayram”larda o saxta dəmir- dümürün tozunu silir, bizim torpaqlarda bizim havaları çalıb oynayırdılar...

Bax, 27 sentyabr səhəri, saat 06.00- da başlayan müharibədə tərəflərdən biri belə bir sosial – psixoloji durumda, hərbi – siyasi arxayınçılıq içindəydi. Üstəlik, tərəflərdən işğalçı olan tayı işğal bölgəsində yetərincə möhkəmlənmiş, yer altında, yer üstündə, göy üzündə, axar suda, durar göldə... habelə informasiya məkanında minbir pusqu quraşdrımış, əks- hücuma qarşı “keçilməz sədd” qurmuşdu. Ermənistan silahlı qüvvələri Qarabağda 30 ilə yaxın möhkəmlənmişdi, yüksəkliklər onların nəzarətindəydi. Döyüşlər bizim ərazilərin dərinliklərində gedəcəkdi. İşin bir başqa tərəfi – 44 gün ərzində dəfələrlə sübut olunduğu kimi, ermənilərlə bizim mühüm bir fərqimiz vardı: onlar mülki əhalini hədəf ala bilir, cəbhədən uzaq yaşayış məntəqələrini qanunsuz raket atəşinə məruz qoya bilirdi, biz isə müharibəni məhz döyüş sahəsində, məhz müharibə qayda- qanunları ilə, qızıl ləyaqətlə aparan bir ordumuz vardı. Əks – hücum üçün lazım olan hər şeyə malik olmaqdan başqa, orduya mənəvi dəstək, ruh yüksəkliyi də lazım idi ki, o da yetərincə idi. Bəli, biz 27 sentyabr sabahı növbəti hücuma məruz qalarkən bu şərtlər fonunda əks- hücuma keçdik. Bizə ruh verən nə idi?

– İşimiz haqq işi idi;

– ölkəmizdə dövlət – xalq birliyi mövcud idi;

– xalqımız vətəncanlı, dövlətcanlıdır;

– gənclərimiz, hərbçilərimiz qələbəyə susamışdı;

– körpələrimizin, gəlin – qızlarımızın, qocalarımızın... düşməndən alacağımız intiqamı vardı...

Beləliklə, müharibə alovlandı. İşğalçıların bütün çırpıntılarına, demokrat libaslı saqqallı diktator (qaniçən, soyqırım suçlusu diktator sələfləri Köçəryandan, Sərkisyandan az aşın duzu olmamağa çalışan) Paşinyanın telefonlardan asılı olmasına baxmayaraq, bizi heç kim dayandıra bilmədi! Dost da, düşmən də, Ali Baş Komandan İlham Əliyevin müzəffər ordusu ilə necə xarüqələr yaratdığını gördü. Təsəvvür edin: Cəmi 44 gün və 30 illik ağır işğala son verilməsi! Cəmi 44 gün və son 200 ildə qurğulanan oyunların pozulması – 200 illik “Qordi düyünü”nün bir əmrlə kəsilməsini gördük, şahid olduq. Bu mübarək şahidliyi bizə yaşadan şanlı ordumuza, ilk sırada ordumuzun şəhid mənsublarına dərin ehtiram, əbədi salam – sayğılarımız var!

Xalq şairimiz Zəlimxan Yaqub deyirdi: “Ordum varsa, yurdum var” – güclü ordunun, vətəncanlı ordunun, hüququndan keçən əsgərlərinin hərəsinin bir qəhrəman olduğu və ordunun nəyə qadir olduğunu bütün dünya gördü. Ağzıgöyçəklər də gördü ki, düşmən işğalına qarşı biganə qalınmayıb, yüz ölçülüb, bir biçilib və ən uyğun zamanda, ən uyğun şəkildə əks- hücum təşkil edilib.

Dünya hərb tarixində nadir hadisələrdəndir ki, əks- hücuma keçən tərəf, hakim yüksəkliklərdə olan və müharibənin gedişində müdafiə olunmağa çalışan tərəfdən daha az itki ilə qalib gəldi. Ümumiyyətlə, bizim azad etdiyimiz ərazilərin mövcud şərtlər daxilində azad olunması üçün əslində, nə qədər çox itkinin ola biləcəyini düşünmək belə ağırdır. Azərbaycan Prezidentinin hərbi –siyasi taktikası, ordumuzun peşəkarlığı və peşəkarlıqdan geri qalmayan vətəncanlılığı, mümkün olmayanı mümkün etdi: düşmən daha çox itki verdi və biz qalib gəldik. Əlbəttə, bizim bir şəhidimizin bir teli düşmənin bütün ordusundan qiymətlidir bizim üçün – bu işin mənəvi tərəfidir. Lakin müharibə, ərazilərin azad edilməsi, düşmənin başının əzilməsi itkisiz olmur, təbii ki...

Beləliklə, Prezidentin Rusiyanın “Nasionalnaya oborona” jurnalına verdiyi müsahibə bütün bu və bənzəri həqiqətləri, gerçəkləri rusdilli oxuculara, ilk növbədə Rusiya ictimai fikrinə çatdırmış oldu. Bu müsahibə Azərbaycanın “Dəmir yumruğ”unun öz yerində, öz yüksək məqamında olduğunu bir daha ifadə etdi. Bu müsahibə “əvəzçıxma” cəhdində olmağı ağlının ucundan belə keçirməyin Ermənistan üçün nələr vəd etdiyini də dəqiq çatdırmış oldu. Ötən il düşünmədilər, barı bu il düşünsünlər: Tamammı, davammı? Biz hər iksinə hazırıq, hər ikisində qalibik. Ermənistan “tamam” desə, ötənilki nəticəyə, o cümlədən iki Üçtərəfli Bəyanata uyğun addım atmalıdır. Yox, əgər çaşıb “davam” desə, endirəcək o bayrağı dirəkdən, büküb qoyacaq cibinə, gedəcək cəhənnəmin lap dibinə...

Əkbər QOŞALI,

publisist

14 Oktyabr 2021 00:33 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə