Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rəşad Mahmudov: Hadrut yeni quruculuq mərhələsinə qədəm qoyub

 

Vətən müharibəsinin gedişini diqqətlə izləyənlər, Qarabağ bölgəsinə yaxından bələd olanlar Hadrutun istər hərbi nöqteyi-nəzərdən, istərsə də strateji baxımdan böyük əhəmiyyət daşıdığını yaxşı bilirlər. Çünki savaş günlərində qəsəbə ətrafında yerləşən yüksəkliklər bu geniş əraziyə nəzarət etməyə imkan verirdi. Buna görə də Hadrutu düşməndən təmizləmək hərbi cəhətdən çox çətin idi. Bu, Silahlı Qüvvələrimizdən peşəkarlıq, şücaət tələb edirdi və döyüşlərdə əsgər və zabitlərimizin bu yaşayış məntəqəsi uğurunda apardıqları əməliyyatlarda göstərdikləri qəhrəmanlıq nümunələri də bunu göstərdi. Eyni zamanda, Azərbaycan Ordusunun qarşıda­kı döyüşlərdə də inamla irəliləməsini, daha parlaq nəticələr əldə etməsini şərtləndirdi. Bax, bütün bunlara görə bu yaşayış sahəsinin müzəffər ordumuz tərəfindən işğaldan azad edilməsi cəbhədə parlaq qələbə qazanılmasında önəmli amillərdən biri oldu.

Bu fikirləri açıqlamasında Mil­li Məclisin deputatı, YAP-ın İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında da bu məqama toxunaraq bildirdi ki, Hadrut əməliyyatının uğurla başa çatması bizə imkan verdi ki, öz hədəfimizə- Qarabağın azad edilməsinə nail olaq: “Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir, çünki dağlıq ərazidir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda, Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı...”.

İşğalçı Harutun son dərəcə strateji əhəmiyyətə malik ərazi olduğunu aydın dərk edirdi. Azərbaycan Prezidenti çıxışında vurğuladığı kimi, müharibə zamanı Ermənistan ordu­sunda on mindən çox fərarinin qeydə alınmasına və düşmənin bəzi yaşayış məntəqələrindən tələm-tələsik qaça­raq çıxmasına baxmayaraq, düşmən Hadrutda müqavimət göstərdi, ona görə də burada bir neçə gün şiddətli döyüşlər getdi. Lakin o, Azərbaycan əsgər və zabiti qarşısında öz acizli­yini dərk edərək, bu ərazidə də ağır məğlubiyyətə uğradı.

Rəşad Mahmudov açıqlamasın­da diqqəti bir məqama da yönəldib: “Azərbaycan Prezidenti çıxışında qeyd etdiyi kimi, Ermənistan rəhbərliyi və ordusu Silahlı Qüvvələrimizin Cəbrayıldan sonra Hadrut istiqamətinə hücumunu gözləmirdi. Düşmən təhlükəni Füzuli səmtindən təxmin edirdi. Çünki Hadrutda işğal­çının çox böyük canlı qüvvəsi var idi. Ümumiyyətlə, hərbi nöqteyi-nəzərdən Hadrutu düşməndən təmizləmək böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Azərbaycan Ordusu isə bu əməliyyatı keçirməklə öz güc-qüdrətini Ermənistana bir daha nümayiş etdirdi.

Yeri gəlmişkən, Hadrutun timsalında deyə bilərəm ki, işğalçı Qarabağ və ətraf yaşayış məntəqələrimizi qəsb etməklə Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyub, eyni zamanda, bütün şəhər və kəndlərimizi, tarixi abidələrimizi tamamilə dağıdıb, təbii sərvətlərimizi talayıb. Lakin qəsbkar bununla belə, 30 il ərzində özü üçün də normal bir həyat şəraiti yaratmayıb. Amma işğalı sonsuza qədər davam etdirməyi qarşıya əsas məqsəd qoyub. Təəssüf ki, dünyanın nüfuzlu dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən bu qəsbkarlıq faktı susqunluqla qarşılanıb, düşmənin talan və barbarlığına göz yumulub”.

Rəşad Mahmudov bildirib ki, bu gün Hadrut həyatının yeni mərhələsini-tikinti-quruculuq dövrünü yaşayır. Dövlətimizin başçısı çıxışında da qeyd etdi ki, bu qəsəbə yaxın gələcəkdə beynəlxalq mədəniyyət və turizm mərkəzi kimi tanınacaq. Hadrut işğaldan azad olunan bütün digər ərazilər kimi bərpa olunacaq.

Qəsəbənin baş planının hazırlanmasının yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulub. Burada artıq bərpa işlərinə start verilib. Avtomobil yolunun təməli qoyulub. “Hadrut” yarımstansiyasının təməli qoyulub və burada məscidin tikintisinə də start verilib.

Hadrutun tarixi hissəsinin yenidən qurulacağı, tarixi abidələrlə zəngin olan bu qəsəbədə turizm mərkəzləri və otellərinin də tikilməsi nəzərdə tutulub.

Burada bir məsələni də xatırlatmağı zəruri bilirəm. Bu da Vətən müharibəsində həkimlərimizin fədakarlığı ilə bağlıdır. Cənab Prezident də çıxışında bu məqama toxunaraq qeyd etdi ki, həkimlərimizin fədakarlığı unudulmazdır: ”Müharibə zamanı fədakarlıq göstərmiş həkimlərin fəaliyyətini unutmaq olmaz. Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər. Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir...”.

Onu da deyim ki, bu savaşda xalqımız həmrəylik, birlik nümayiş etdirdi, möhtərəm Prezidentimizin arxasında dayandı, dövlətimizin haqq işini dəstəklədi, qələbəyə inandı. Bax, bunun nəticəsində də Azərbaycan tarixi zəfər qazandı. Bu zəfər Azərbaycan dövlətinin tarixində, xalqımızın yaddaşında əbədi qalacaq. İnsanlar öz doğma torpaqlarına tezliklə qayıdacaqlar. Bundan sonra həyatdan getmiş on minlərlə qaçqın və köçkünümüzün ruhu da şad və rahat olacaq.

“Xalq qəzeti”

14 Oktyabr 2021 00:31 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə