Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İdarəetmə-struktur islahatları ölkəmizin davamlı inkişafını sürətləndirir

 

 

Azərbaycanda idarəetmə-struktur islahatları sosial-iqtisadi islahatların sistemliliyini və dayanıqlılığını təmin edir, ölkənin davamlı inkişafını şərtləndirir. Ən əsası islahatların sistemli şəkildə gerçəkləşdirilməsi bu prosesə inamı daha da artırır. Bu isə Azərbaycanın ictimai-siyasi kataklizmlər yolu ilə deyil, təkamül yolu ilə inkişaf etdiyini göstərir. Hazırda dünyada rəqabət güclü idarəetmə sistemləri arasında gedir. Azərbaycan məhz idarəetmənin səmərəliliyini artırmaqla qlobal səviyyədə rəqabətlilik potensialını gücləndirir.

İqtisadi sahədə idarəetmənin yeniləşməsi ilə bağlı atılan addımlar da mühüm önəm daşıyır. Bu, ilk növbədə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafın sürətləndirilməsi və dövlət müəssisələrinin profisitinin artırılması, onların büdcədən asılılıqlarının azaldılması məqsədi da­şıyır. Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 11-də “Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında”, “Avto­mobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” və “Azərbaycan Respubli­kasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağ­lı bəzi tədbirlər haqqında” fərmanlar imzalaması da mövcud idarəetmənin səmərəliliyini yüksəltmək, həmin qurumla­rın maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, maliyyə resurslarının, habelə xarici borcların cəlb olunmasını səmərəli meyarlar əsasında nəzarətdə saxlamaq məqsədi daşıyır.

Prezidentin müvafiq fərmanına əsasən Dövlət Dəniz və Liman Agent­liyinin yaradılması dəniz nəqliyyatı sahəsində idarəetmə, tənzimləmə, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, bu sahədə, habelə Azərbaycan Respub­likasının dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsi istiqamətində həyata keçirilən işin optimallaşdırılması, habelə rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması istiqamətində atılan mühüm addımdır.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyi­nin tabeliyindəki Sahibkarlığın İnkişafı Fon­du publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisa­diyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılmasında isə əsas məqsəd iqtisadiyyatın qeyri-neft sektoruna inves­tisiya qoyuluşunun təşviqi, sahibkarlı­ğın inkişafına dövlət dəstəyi sahəsində idarəetmə sisteminin optimallaşdırıl­ması və səmərəliliyinin yüksəldilməsi, əlaqələndirmənin gücləndirilməsi, bu sahədə şəffaflığın və sahibkar məmnunluğunun daha da artırılmasıdır.

Dövlətimizin başçısının digər fərmanı əsasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yaradılması isə avtomo­bil nəqliyyatı sahəsində idarəetmə, tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq və ölkədaxili sərnişin, həmçinin yük daşımalarının qabaqcıl beynəlxalq tələblərə uyğun təşkil edilməsi kimi məsələləri formalaşdıracaq.

Bütün bunlar Prezident İlham Əliyevin ölkəmizin Vətən müharibəsindən son­rakı dövr üçün inkişaf perspektivlərini müəyyənləşdirdiyini göstərir. Çünki Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoymaqla əldə etdiyi tarixi qələbə ilə Cənubi Qafqazda yeni reallıq­lar yaradıb və bu reallıqlar bütün region ölkələrinin qarşısında tamamilə yeni inkişaf perspektivləri açıb.

Təbii ki, Azərbaycan bu imkanlardan ən çox yararlanmaq haqqına sahib olan dövlətdir. Bundan əvvəlki dövrlərdə də Azərbaycanın təşəbbüsü ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib, əməkdaşlığın yeni formatlarını şərtləndirib. Prezident İlham Əliyevin yürütdüyü uğurlu enerji və nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxarıb, eyni zamanda, bölgədə yeni əməkdaşlıq formatlarını yaradıb.

Bütün bu və digər məqamlar artıq Azərbaycanın tamamilə yeni bir inkişaf dövrünə qədəm qoyması üçün müvafiq imkanları gerçəkləşdirib.

Dövlətimizin başçısının Vətən müharibəsindən sonrakı dövrlə bağ­lı müəyyənləşdirdiyi prioritetlər də Azərbaycanın bu imkanlardan maksimum yararlanması üçün həyata keçirilməsi zəruri olan əsas konsepsiyalardır. Bu baxımdan Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncamı mü­hüm əhəmiyyətə malikdir.

Bu sənəd qarşıdakı dövrdə res­publikamızın əsas sosial-iqtisadi inki­şaf istiqamətlərini və buna uyğun milli prioritetlərini müəyyənləşdirməklə əldə olunan uğurların miqyasının, həmçinin həcminin genişləndirilməsi məqsədi daşıyır.

Adı çəkilən fərmanlar növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetin gerçəkləşdirilməsi nəzərdə tutulub. Bura Azərbaycanda dayanıqlı ar­tan rəqabətqabiliyyətli iqtisadiyyatın, dina­mik, inklüziv, eyni zamanda, sosial ədalətə əsaslanan cəmiyyətin formalaşması, respublikamızın rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, təmiz ətraf mühit, “yaşıl artım” ölkəsi kimi tanınması, habelə işğaldan azad olunan ərazilərə böyük qayıdış proqramının reallaşdırılması istiqamətləri daxil edilib.

Burada bir mühüm məqamı da qeyd etmək istərdik. Belə ki, Prezident İlham Əliyevin davamlı olaraq reallaşdırdığı ge­nişmiqyaslı islahatlar ölkənin sosial-iqtisadi gücünü artırır. Başqa sözlə, dövlət baş­çısının həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaş­dırılması respublika iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edir. Eyni zamanda, Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır.

V.BAYRAMOV, “Xalq qəzeti”

14 Oktyabr 2021 00:30 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə