Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın iştirakı olmadan regionda yeni alternativ nəqliyyat dəhlizinin inşası mümkün deyil

 

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə digər infrastruktur, o cümlədən, yeni beynəlxalq hava limanları və Bakı-Tbilisi-Qars kimi dəmir yolu şəbəkəsi ilə inteqrasiya olunur və bu da ölkəmizin regionda nəqliyyat habına çevrilməsinə imkan verir. İranın Ermənistan vasitəsilə Gürcüstana yeni tranzit yolunun tikintisində iştirakla bağlı niyyəti isə heç bir reallığa əsaslanmır.

Bunu ona görə deyirəm ki, İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Xademi Tehranın Ermənistan vasitəsilə Gürcüstana yeni tranzit yolunun tikintisində ermənilərlə birgə iştiraka hazır olduqlarını bildirib. Nazir bildirib ki, ən qısa zamanda yaradılacaq alternativ marşrut Azərbaycan ərazisindən keçməməlidir. Bu, ermənilər üçün çox vacibdir və onların ehtiyaclarını ödəyəcək. Söhbət İran və Ermənistanın “Qafqaz dəhlizi” adlandırdığı dəhlizin sa­lınmasından gedir. İran “Qafqaz dəhlizi” ilə Ermənistan, daha sonra Gürcüstan ərazisi ilə Rusiya və Avropaya çıxmağı düşünür. Amma bu dəhlizin nə dərəcədə səmərəli olacağını fikirləşmir. Əvvəla, regionda yeni alterna­tiv dəhlizin inşa edilməsi xüsusi xərc tələb edir və mövcud maliyyə imkanlarını nəzərə aldıqda Ermənistan nəqliyyat və logistikaya böyük sərmayə qoyuluşu həyata keçirmək gücündə deyil. Uzun müddətdir ki, sanksi­yalara məruz qalan İranın da bu istiqamətdə resursları güclü hesab olunmur. İkincisi, İran və Ermənistanın bəhs etdiyi ərazinin relye­fi yeni dəhliz formalaşdırmaq baxımından cəlbedici deyil. Hətta buna cəhd olunsa belə, bu, müəyyən zaman alacaq.

“Zəngəzur dəhlizi” istifadəyə veriləndən sonra isə Qərb və Şərqin Azərbaycan üzərindən beynəlxalq yükdaşımalarını artıra­cağı gözlənilir.

“Şərq-Qərb” Nəqliyyat Dəhlizinin genişlənməsi digər potensial alternativlərin iqtisadi rentabelliyini ciddi şəkildə azaldacaq. Qərb, eləcə də Şərq sanksiyaların tətbiq olunduğu dövlətin iştirak etdiyi beynəlxalq nəqliyyat dəhlizindən daha geniş şəkildə istifadədə maraqlı deyil. Eyni zamanda, bir istiqamətdə yükdaşımalar dəhlizlərin iqtisadi səmərəliliyini azaldır.

Nəhayət, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə digər infrastruktur, o cümlədən yeni beynəlxalq hava limanları və Bakı-Tbilisi-Qars kimi dəmir yolu şəbəkəsi ilə inteqrasiya olunur və bu da ölkəmizin region­da nəqliyyat habına çevrilməsinə imkan verir. Göründüyü kimi, rəsmi Tehranın axtardığı alternativlər iqtisadi baxımdan rentabelli olmamaqla yanaşı, daha çox “siyasi manevr” məqsədi daşıyır.

Vüqar BAYRAMOV,

Milli Məclisin deputatı

14 Oktyabr 2021 00:29 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə