Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına sədrliyi unikal təşəbbüslər kontekstində

Azərbaycan Prezidenti İlham Əliyev bu il oktyabrın 11-də Belqrad şəhərində keçirilən Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş yüksək səviyyəli toplantının rəsmi açılış hissəsinə sədrlik edərək videoformatda proqram xarakterli çıxış etmişdir. Dövlətimizin başçısı dərin forma-məzmun mündəricəsi, analitik və sistemli təhlil üslubiyyəti, həmişəki kimi, bu dəfə də mühüm əhəmiyyətli təkliflərin irəli sürülməsi ilə seçilən nitqini həm dünya səviyyəli lider, həm QH-nin sədri, həm də müzəffər sərkərdə olaraq, beynəlxalq ictimaiyyətə ünvanlamışdır.

Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elman NƏSİROVLA söhbətimiz bu barədə oldu. E. Nəsirov dedi ki, möhtərəm Prezidentimizin çıxışında qaldırılan strateji əhmiyyətli məsələləri şərti olaraq 5 qrupa bölmək olar:

– Birinci qrup məsələlər: QH-nın yaranması, onu şərtləndirən amillər, prinsipləri və fəaliyyət istiqamətləri. Dövlətimizin başçısı çıxışının sözügedən təsnifat üzrə təhlili prosesində vur­ğulamışdır ki, 1961-ci ildə yaradılmış QH, ilk növbədə, planetimizdə qlobal sülh, ədalət və həmrəyliyin təmin edilməsi prosesinə ciddi töhfə vermək niyyətindən qaynaqlanaraq forma­laşmışdır, beynəlxalq koordinatlar sistemində böyük siyasi çəkiyə və etimada malikdir. Öz sıralarında fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirən QH su­verenlik, ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, daxili işlərə qarışmama kimi beynəlxalq hüquq normalarını özündə ehtiva edən Banduq prinsiplərinə sadiqdir.

İkinci qrup: Azərbaycan Respublikasının QH-nın üzvü seçilməsindən ta onun sədri statu­suna yüksələnədək keçilən yolun qiymətləndirilməsidir. Prezident İlham Əliyevin sözügedən mötəbər beynəlxalq tədbirdə toxunduğu digər vacib məsələ Azərbaycan Respublikasının sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək mənafeyindən şıxış edərək QH-yə qoşulmaq qərarı ilə bağlı oldu. Möhtərəm Prezidentimiz vurğuladı ki, qısa müddət ərzində Azərbaycan öz səmərəli və uğurlu fəaliyyəti ilə QH-yə üzv dövlətlərin hörmət və etimadını qa­zana bildi. Nəticə özünü çox gözlətmədi. 2016-cı ildə QH liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün dünyanın BMT Baş Assambleyasın­dan sonra üzvlərinin sayına görə ikinci yerdə dayanan nəhəng beynəlxalq təşkilatının sədri seçildi. 2019-cu il 25-26 oktyabr tarixində QH dövlət və hökumət başçılarının Bakı şəhərində keçirilən zirvə toplantısında Azərbaycan quruma sədrliyi öz üzərinə götürdü və fəaliyyətini tarixi Banduq prinsipləri əsasında həyata keçirəcəyini bir daha bəyan etdi.

Üçüncü qrup məsələlər Azərbaycan Respublikasının QH-nin sədri olaraq qlobal təhdid mənbəyi olan COVID-19 pandemiyasına qarşı beynəlxalq səylərin birləşdirilməsi istiqamətində atdığı addımlar­dan ibarətdir. Bu, bir həqiqətdir ki, Azərbaycanın QH-yə sədrlik dövrü bir çox beynəlxalq ekspertlərin doğurdu­ğu fəlakətlərin miqyası baxımından “üçüncü dünya müharibəsi” adlandırdıq­ları COVID-19 pandemiyasının tüğyan etdiyi dövrə təsadüf edir. Bu, olduqca mürəkkəb vəziyyət QH sədri olaraq, Azərbaycanın qarşısında ölçüyəgəlməz çətin vəzifələr qoydu. Qlobal siyasi ba­xışa malik, çətinlikləri stimula çevirməyi bacaran Prezident İlham Əliyevin forma­laşmış mürəkkəb situasiya reallığında atdığı çevik və unikal addımlar pande­miyaya qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi mənafeyinə xidmət göstərməklə planetar əhəmiyyət kəsb etmişdir.

Möhtərəm Prezidentimiz çıxışın­da yuxarıda qeyd olunan reallıqların kontekstində pandemiya ilə mübarizə istiqamətində Azərbaycanın oynadığı mühüm rola diqqəti cəlb etmişdir. Bir qədər də konkretləşdirsək, 2020-ci ilin may ayında QH-yə üzv dövlətlərin təmas qrupunun videoformatda keçirilən Bakı Zirvə toplantısında dövlətimizin rəhbəri qlobal təhdid mənbəyinə–CO­VID-19 pandemiyasına qarşı beynəlxalq səviyyədə səylərin birləşdirilməsi və gücləndirilməsi mənafeyinə xidmət edən unikal təşəbbüslə-BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılması təklifi ilə çıxış etdi. Bu təşəbbüsü BMT Baş As­sambleyasının 2020-ci ilin dekabrın 3-də keçirilən xüsusi sessiyasında 150-dən artıq ölkə dəstəkləmişdir.

Bundan savayı, sözügedən Bakı Zirvə toplantısında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, QH-yə üzv dövlətlərin əsas humanitar və tibbi eh­tiyaclarını əhatə edən məlumat bazası yaradıldı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiya ilə mübarizədə QH-yə üzv dövlətlərin mövcud ehtiyaclarının təmin olunması üçün həmin məlumat bazasından etibarlı mənbə kimi istifadə edir. Eyni zamanda, dövlətimizin başçısı mötəbər yubiley tədbirində vurğuladı ki, Azərbaycan ÜST-ə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə ianəsi ayırmış, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Bun­dan savayı, təmənnasız olaraq 4 ölkəyə 150 min doza peyvənd ianə etmişdir.

Dövlətimizin başçısı çıxışında pandemiya ilə mübarizə prosesinə ciddi əngəl olan daha bir vacib məsələyə–“peyvənd millətçiliyinə” diqqəti cəlb et­mişdir: “Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır.”

Onu da qeyd edək ki, bu məsələyə beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilmişdir. Dövlətimizn başçısı vurğulamışdır ki, BMT Baş Assambleyasının cari sessi­yası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsi irəli sürməyi planlaşdırır.

Dördüncü qrup məsələlərdən söhbət açan E. Nəsirov dedi ki, bu, beynəlxalq siyasətdə ikili standartlar və selektiv yanaşma, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və cəzasızlıq sindromudur.

Bildirdi ki, Prezident İlham Əliyevin QH toplantısındakı çıxışında səsləndirdiyi yuxarıda qeyd olunan məsələlər, ilk növbədə, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili stan­dartlar və selektiv yanaşmaları özündə ehtiva edir. Məsələyə bu prizmadan ya­naşan dövlətimizin başçısı təkzibedilməz faktlara və arqumentlərə istinad edərək Ermənistanın məhz beynəlxalq münasibətlərdə tüğyan edən ikili stan­dartlardan istifadə edərək 30 il ərzində torpaqlarımızın 20 faizini işğal altında saxladığını vurğulamışdır. Ölkə başçısı QH-nin dövlət və hökumət başçılarına xitabən bildirmişdir ki, işğal dövründə Ermənistan öz ərazisində və Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini həyata keçirmiş, Xocalıda dinc əhaliyə qarşı soyqırımı törətmiş, yüzlərlə mülki şəxs, o cümlədən 106 qadın və 63 uşaq qətlə yetirilmişdir. İşğal altında olan torpaqlarımız qanunsuz məskunlaşma, təbii sərvətlərin qeyri-qanuni istismarı, mədəni və dini irsimizin məhv edilməsi siyasətinə məruz qalmışdır. Bir milyon­dan artıq soydaşımızın hüquqlarını total şəkildə pozularaq qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur edil­mişdir. Dövlətimizin başçısı xüsusi ola­raq qeyd etmişdir ki, BMT Təhlühəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsində Ermənistan silahlı qüvvələrinin işğal altındakı Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi qoyulsa da, rəsmi İrəvan buna məhəl qoymamışdır. Bu davranışın qarşılığında Ermənistanın heç bir beynəlxalq sanksiyaya məruz qalmaması işğalçıda arxayınçılıq sindromu formalaşdırmışdır. Nəticədə beynəlxalq cəzasızlıq rejimindən şirniklənən Ermənistanın siyasi-hərbi rəhbərliyi ölkəmizi “yeni ərazi uğrunda yeni müharibə” ilə hədələməyə başla­mışdır.

Dövlətimizin başçısı Ermənistanın militarist siyasətinin pik nöqtəsi olaraq, ötən il sentyabrın 27- də Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığını rəhbəri olduğu mötəbər qurumun liderlərinin nəzərinə çatdır­mışdır. Ölkə başçısı vurğulamışdır ki, formalaşmış şəraitdə Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatı həyata keçirərək, 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etmişdir. Ermənistan ötən il noyabrın 10 - da kapitulyasiya aktına imza atmışdır. Azərbaycan BMT TŞ-nın təxminən 30 il ərzində icra olunmayan qətnamələrini işlək vəziyyətə gətirmişdir.

Dövlətimizin başçısı qeyd edilən məsələlər kontekstində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə, QH-nın üzv dövlətlərinə də öz təşəkkürünü ifadə etmiş, Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan QH-nin 7 ölkəsinin qurumun 4 məlum qətnaməsinə istinadın olmadığı birtərəfli mətbuat açıqlanmasının qarşısını aldıqlarına görə xüsusi minnətdarlığını bildirmişdir.

Eyni minnətdarlıq hissi ilə Prezi­dent İlham Əliyev qeyd etmişdir ki, QH-yə üzv dövlətlər Azərbaycanın təşkilat çərçivəsində fəaliyyətini yüksək qiymətləndirərək sədrlik müddətinin daha bir il-2023-cü ilin sonunadək uzadılması ilə bağlı yekdil qərar qəbul etmişlər.

Beşinci qrup məsələləri Qoşulma­ma Hərakatının postpandemiya dövrü fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi mənafeyinə xidmət edən təkliflər kimi dəyərləndirən politoloq dedi: “Prezident İlham Əliyevin beynəlxalq rezonansa səbəb olmuş təşəbbüsləri bir daha belə bir həqiqəti təsdiqlədi ki, Azərbaycan dünya miqyasında sözünün mənası və çəkisi böyükdür. Bu, Prezident İlham Əliyevin həm ölkə, həm də beynəlxalq aləmdə yüksək nüfuza malik olması ilə bağlıdır. Dünyanın pandemiya tərəfindən hədəfə alındığı, təhdid olunduğu bir reallıqda hər bir dövlət və hər bir lider öz sima­sını nümayiş etdirir. Bu çətin dövrdə Azərbaycan dövləti və onun lideri cənab İlham Əliyev, sözün həqiqi mənasında, bütün dövlətlər və onların liderləri üçün bir nümunədir. Milyonları ölümlə hədələyən və bunu icra edən qlobal pandemiya şəraitində mütləq əksəriyyət insanlar düşünürdülər ki, beynəlxalq təhlükəsizliyə xüsusi cavabdehliyi olan dövlətlər, yəni BMT Təhlükəsizlik Şurasının daimi üzvləri birlikdə, ya da əlahiddə olaraq, bu ümumi bəlaya qarşı beynəlxalq səylərin birləşdirilməsi məsuliyyətini üzərilərinə götürəcək və BMT Baş Məclisinin xüsusi sesiyası­nı çağıracaqlar. Həqiqət isə budur ki, məlum təşəbbüslə BMT Təhlükəsizlik Şurasının heç bir daimi üzvü çıxış etmədi. Bu təşəbbüsü dünyanın müxtəlif qitələrinin heç bir aparıcı dövləti irəli sürmədi. Bu unikal təşəbbüslə məhz Azərbaycan Respublikasının Prezidenti, QH-nin sədri İlham Əliyev çıxış etdi”.

İnnovativ düşüncə tərzi, dərin zəka və iti fəhmə malik Prezident İlham Əliyev QH-nin yubiley tədbiri şərçivəsində quru­mun sədri olaraq daha 3 mühüm təkliflə çıxış etdi:

– post COVID-19 dövrü üçün QH-nin mövqeyinin formalaşdırılması məqsədilə quruma üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsi;

– BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə yüksək səviyyəli panelinin yaradılması və bu təklifin QH tərəfindən təşviq edilməsi;

– QH-yə üzv dövlətlər arasında təsisatlanma ideyası.

Dövlətimizin rəhbəri sonuncu təklifi xüsusunda vurğuladı ki, Azərbaycan QH-yə üzv dövlətlərin parlamentləri ara­sında əməkdaşlığın inkişafı ilə bağlı ad­dımlar atır. Bundan savayı, Azərbaycan sədr kimi QH-nin Gənclər Şəbəkəsinin təsis iclasını keçirmişdir.

Sonda xüsusi olaraq qeyd edək ki, yuxarıda diqqətə çatdırılan istiqamətlər üzrə dövlət başçısının rəhbərliyi altında atılan irimiqyaslı adımlar xalqımız və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və alqışlanır. Həqiqət ondan ibarətdir ki, hər gün minlərlə soydaşımız Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktublarında ümumi bəlaya çevrilmiş pandemiyaya qarşı mübarizədə dövlət başçısının qətiyyətinə, tələbkarlığına, peşəkarlığına, humanizminə, xeyirxah­lığına, qayğısına və şəfqətinə heyran qaldıqlarını dilə gətirir, öz rəhbərləri ilə fəxr edir və qurur hissi keçirdiklərini vurğulayırlar.

Digər həqiqət isə onunla bağlıdır ki, bugünkü dünyamızda qlobal li­der kəsirinin mövcudluğu reallığında Prezident, müzəfffər Ali Baş Komandan İlham Əliyev ölkəmizin ərazi bütövlü­yünü və tarixi ədaləti bərpa etməlkə, həm Azərbaycanın simvoluna çevril­miş, həm də beynəlxalq aləmdə haqq və ədalətin çarçısı olaraq qlobal lider statusuna yüksəlmişdir. Bu gün Prezi­dent İlham Əliyevin ən qatı əleyhdarları belə bu danılmaz həqiqəti etiraf etmək məcburiyyətindədirlər.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV,

 “Xalq qəzeti”

14 Oktyabr 2021 00:27 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə