Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Qoşulmama Hərəkatının sammitində diqqəti yeni vəzifələrə yönəltdi

Azərbaycanın zəngin tarixinə diqqət yetirsək görərik ki, multikul­tural dəyərlər, hüquq bərabərliyi, müxtəlif dinlərə və millətlərə mənsub xalqların əmin-amanlıq şəraitində yaşaması ölkəmizin qədim dövlətçilik ənənələrinin önəmli hissələrindən biri olmuşdur. Bu gün də respublikamızda bütün insani dəyərlər, qanunun aliliyi, söz azadlığı təmin edilir.

Qeyd edilən bütün keyfiyyətlərin ortaq bir ərazi vahidində birləşməsi ölkəmizin dünya arenasındakı nüfuzunu artırır, ümumbəşəri proseslərin həllində Azərbaycanı söz sahibi edir. Bu mənada ilk növbədə Qoşulmama Hərəkatını (QH) qeyd etmək olar. Belə ki, ölkəmiz 2019-cu ildən bəri dünyanın ən böyük, nüfuzlu təşkilatlarından biri olan QH-yə sədrlik edir. Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş yüksək səviyyəli toplantı ilə bağlı fikirlərini bölüşən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası­nın Hüquq kafedrasının müdiri, profes­sor İsaxan Vəliyev qeyd etdi ki, Prezi­dent İlham Əliyevin yubiley toplantısında hərəkatın sədri kimi çıxış etməsi olduqca əlamətdar hadisədir.

Professor dedi:

– Məlum olduğu kimi, Qoşulmama Hərəkatının əsas missiyası sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin təmin edilməsinə töhfə vermək, dünya dövlətləri, xalqları arasında uz­laşma yaratmaqdır. Təşkilat 60 il əvvəl “soyuq müharibəni” sakitləşdirmək, gərginliyi azaltmaq məqsədilə təsis edilib.

Ölkəmiz bu mötəbər quruma 2011-ci ildən qoşulmuşdur. Səkkiz il sonra yəni 2019-cu ildən etibarən Azərbaycan üzv dövlətlərin yekdil səsverməsi ilə təşkilatın sədri seçilmişdir. Təşkilatın sədri kimi respublikamız pandemiyaya qarşı ümumi səylərin səfərbər edilməsi və digər məsələlərlə bağlı bir sıra beynəlxalq təşəbbüslərlə çıxış etmişdir.

Yeri gəlmişkən qeyd edim ki, oktyabrın 11-də ölkəmizin başçısı Serbi­yanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illik yubileyi münasibəti ilə keçirilən yüksək səviyyəli toplantıda videoformatda iştirak etmişdir. Təşkilatın sədri kimi çıxış edən Prezident İlham Əliyev Qoşulmama Hərəkatının ümumi fəaliyyətindən və Azərbaycanın sədr kimi irəli sürdüyü təşəbbüslərdən söz açmışdır.

Ölkə başçısı çıxışında 44 gün­lük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan QH-nin yeddi ölkəsinin Azərbaycana verdiyi dəstəyi xüsu­si vurğulayıb. Qeyd etmişdir ki, bu ölkələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyini daim dəstəkləmişlər. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinad edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul olunmasına razılıq verməmişlər. Bununla da, həm Azərbaycanın yanında olduqlarını, həm də hərəkatın prinsipial mövqeyinə sadiq­lik nümayiş etdirmişlər.

Ölkəmizin başçısı qeyd etmişdir ki, bütün dünyanı cənginə alan COVID-19 pandemiyası dövründə Azərbaycan vəziyyətin ciddiliyini ilk gündən düz­gün dəyərləndirmiş və yaranan qlo­bal təhdidlərə lazımi cavab verilməsi üçün mühüm işlər görmüşdür. Belə ki, bizim təşəbbüsümüzlə QH-nin dövlət və hökümət başçıları səviyyəsində Zirvə toplantısı keçirililmişdir. Bu top­lantının nəticəsi olaraq təşkilata üzv olan dövlətlərin pandemiyaya qarşı mübarizədə ilkin humanitar və tibbi ehti­yaclarını müəyyən edən məlumat bazası yaradılmışdır.

İçində olduğumuz pandemiya dövrünün ən böyük problemlərindən biri olan “peyvənd milliyətçiliyi”ndən də bəhs edən Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan böyük və güclü dövlətlərin lazım olan miqdar­dan dəfələrlə çox peyvənd almasına qarşı narazılığını açıq şəkildə ifadə edir. Əslində, bu, dünyanın gələcəyini formalaşdıracaq ən önəmli məsələlərdən biridir. Belə ki, dünyada mövcud olan ümumi vaksinin 75 faizi 10 zəngin ölkə tərəfindən alınıb. Bu da bərabərsizliyə və digər ölkələrin peyvənddən məhrum olmasına gətirib çıxarır.

Xatırladım ki, bu ilin mart ayında ölkəmizin təklifi ilə BMT-nin İnsan Hü­quqları Şurasının Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib. Bu da ölkəmizin QH-nin sədri kimi öz məsuliyyətini yerinə yetirdiyini, bəşəri məsələlərin həllində birinci sıradan iştirak etdiyini göstərir.

2022-ci ildə 3 illik sədrliyi yekun­laşmalı olan Azərbaycan daha bir il – 2023-cü ilin sonunadək Qoşulmama Hərəkatına rəhbərlik edəcək. Bu qərar QH üzvləri tərəfindən Azərbaycanın quruma uğurlu rəhbərliyinə, xüsusən də COVID-19 pandemiyasına qarşı mübarizə üzrə BMT Baş Assamble­yasının xüsusi sessiyasının çağırıl­ması təşəbbüsünə və digər səmərəli fəaliyyətinə görə qəbul edilmişdir.

Söhbəti qələmə aldı: İmran ƏLİYEV,

“Xalq qəzeti”

14 Oktyabr 2021 00:21 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə