Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqın iki əsrlik möhnətinə qısa müddətdə son qoyan lider

Biz öz torpağımızda vuruşu­ruq. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır... Erməni əsgərinin bizim torpağ­mızda nə işi var?! Düşmən ordusu bizim ərazilərdə nə gəzir?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qara­bağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Prezident İlham Əliyev 2003-cü ilin oktyabrında – ilk dəfə dövlət başçısı seçiləndə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəfləri gerçəkləşdirmək üçün ötən müddətdə istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi. Məhz onun qətiyyəti nəticəsində güclü dövlət konsepsiyasını reallaşdırmağa nail olduq. Bununla da dövlətimizin başçısı qurucu, birləşdirici, xalqın bütün istək və arzularını reallaşdıran, öz fəaliyyətində Azərbaycan dövlətinin maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətə yönəldən liderə çevrildi.

Cənab İlham Əliyevin siyasi hakimiyyətə gəldiyi dövrdə Azərbaycanın ən böyük problemi Ermənistan–Azərbaycan münaqişəsinin həlli məsələsi idi. Ona görə də möhtərəm Prezidentimiz özünün siyasi fəaliyyətinin mühüm hissəsini məhz bu məsələ üzərində cəmləşdirmişdi. Bu məqsədlə gündəliyə çıxarılmış əsas məsələlər prinsipiallıq və ardıcıllıqla həll edilir­di. Möhtəşəm amal naminə gənclərin hərbi vətənpərvərlik tərbiyəsi lazım olan səviyyəyə qaldırıldı, ordunun maddi-texniki bazası tamamilə yenidən quruldu. Hərbçilərin peşəkarlığı dün­ya standartları səviyyəsinə çatdırıldı, Silahlı Qüvvələrimizin arsenalına aparıcı dövlətlərin ən müasir silahları daxil edil­di. Ölkədə yaradılan Müdafiə Sənayesi Nazirliyinin yüzlərlə adda silah-sursat istehsal etməsi təmin olundu.

Ən başlıcası isə son 18 ildə Azərbaycanın dostları, müttəfiqləri, strateji tərəfdaşları heç zaman olmadığı qədər çoxaldı. Ancaq qarşıya qoyulan məqsəd--Azərbaycanın ərazi bütövlüyü­nün bərpası elə bir vacib məsələ idi ki, onun reallaşdırılması üçün sadaladığı­mız bu amillərdən başqa, bəlkə də daha önəmli olan bir məsələ də var idi. Bu, ölkə əhalisinin vahid məqsəd ətrafında birləşdirilməsi idi. Geridə qalan illər, xüsusən, xalqımızın 44 günlük müharibə zamanı nümayiş etdirdiyi birlik sübut etdi ki, İlham Əliyev həmin istiqamətdə də ən yüksək nailiyyəti qazanmışdır. Ölkədə fəaliyyət göstərən siyasi partiyaların, QHT-lərin və bütün ziyalıların dəfələrlə bəyanat verərək, İlham Əliyev siyasətini dəstəkləməsi sübut edirdi ki, o, qalib gələcəkdir. O, qalib gəldi və Azərbaycan xalqını iki əsrlik möhnətdən xilas etdi.

Bu qələbəyə aparan yola yenidən nəzər salanda, faktları götür-qoy edəndə çox dəhşətli və ağır, üzü­cü yolun şahidi oluruq. Həmin yolun bəzi məqamlarını bir daha xatırladaq. Sonuncu dəfə 1988-ci ildə başlamış Qarabağ hadisələri, erməni ideoloq­larının “Dənizdən-dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdləri kənd və şəhərlərimizin da­ğılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdi. Ermənilərin dinc azərbaycanlılara qarşı törətdiyi qətliamlar sırasında Xocalı faciəsi xü­susi qəddarlığı ilə seçilirdi. Bütövlükdə, Azərbaycan xalqına qarşı törəldilən Xo­calı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqı­rımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir.

Yaranan münaqişənin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olu­nan ATƏT-in Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bunun­la da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdı. Həm işğalçıya, həm də işğala məruz qalan tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində saxlanıl­mışdı. Azərbaycan məsuliyyətli ölkə olaraq, daim beynəlxalq hüquqa sadiq­liyini nümayiş etdirərək, münaqişənin danışıqlar vasitəsilə həllinə çalışıb. Ən mötəbər beynəlxalq təşkilat olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirib, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənib. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal altındakı Azərbaycan ərazilərindən dərhal çıxarıl­masını tələb edən 4 qətnaməsi 27 il icra olunmayıb.

Bütün bu illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirərək, ərazilərimizdə təxribatlar törədib, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açaraq, onların rahat yaşamasına imkan verməyib.

2016-cı ilin aprelində Lələtəpə və 2020-ci ilin iyulunda Tovuz döyüşləri za­manı Azərbaycan bu işğalla barışmaya­cağını nümayiş etdirdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmayaraq, Azərbaycana qarşı diversiyaları davam etdirdi, erməni siyasətçiləri tərəfindən aşağılayacı və təxribatçı bəyanatlar verildi. 2020-ci il sentyabrın 27-də isə Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilərək, Azərbaycanın ya­şayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu. Sentyabrın 27-də cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Dövlətimizin başçısı – Silah­lı Qüvvələrimizin Ali Baş Komandanı oradakı çıxışında ermənilərin növbəti təxribatının səbəblərini açıqladı. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi.

Nizami ordularımız öz sözünü bilavasitə cəbhə xəttində, düşmənlə üzbəüz savaşda daha kəskin şəkildə dedi. Biz də elliklə qələbəyə kökləndik. Qismən səfərbərlik elan olundu, amma buna baxmayaraq, on minlərlə könüllü döyüş bölgələrinə can atdı. O günlər bütün şəhər və rayonlarımızdakı hərbi çağırış məntəqələrinin qarşısında əsl qələbəlik hökm sürürdü, necə deyərlər, iynə atsaydın, yerə düşməzdi. Sarsılmaz iqtidar – xalq – ordu birliyi sayəsində mübarizə ruhumuz, qələbə əzmimiz daha da gücləndi. Təmas xəttinin müxtəlif istiqamətlərində genişmiqyaslı zəfər yürüşünün davam etdiyi 44 gün ərzində mənfur erməni silahlı dəstələrinə ard-arda sarsıdıcı zərbələr endirildi. İşğal altında olan rayonlarımız, mühüm strateji yüksəkliklər, kənd və qəsəbələr düşməndən azad edildi. Ermənilərin illərcə qurduğu beton istehkamlar bu selin qarşısında qısa bir müddət də tab gətirə bilmədi. Bilməzdi də. Əbəs yerə deyilməyib ki, el gücü – sel gücü!

Tezliklə növbə Qubadlıya, Xocalıya, Laçına çatdı. Vətən deyib irəli atılan, ölümün gözünə dik baxan igidlərimiz addım-addım yürüdülər, əzəli-əbədi tor­paqlarımızı qarış-qarış, yamac-yamac, kənd-kənd azad etdilər.

Ermənilərsə özlərinin uydurduqları “yenilməz ordu” mifindən xumarlanmış başları zərbə görən kimi silah-sursatı və hərbi texnikanı – tankları, topları, raket qurğularını döyüş meydanındaca atıb qaçırdılar (İndi bunların bir qismi Bakıdakı Hərbi Qənimətlər Parkının eksponatları kimi nümayiş etdirilir). Oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı, noyabrın 8-də Şuşa azadlığına qovuşdu. Rayon mərkəzləri ilə bərabər, 4 qəsəbə və 286 kənd işğalçıdan təmizləndi. Hərbi libasını bir gün belə dəyişməyən Ali Baş Komandanımız bu şəhərlərin hər birində üçrəngli Azərbaycan bayrağını qaldırdı, xalqa gözaydınlığı verdi. Müqəddəs ata vəsiyyətinə əməl etdiyini sonsuz iftixarla dilə gətirdi.

Bu, hərbi müstəvidə əldə olunan qələbə idi. Sonra biz siyasi müstəvidə qələbə qazandıq. Ordusunun darma­dağın edildiyini, belinin sındırıldığını görən düşmən kapitulyasiya aktına qol çəkməyə məcbur edildi. Bunun ardınca noyabrın 15-də Kəlbəcər, 20-də Ağdam, dekabrın 1-də isə Laçın Azərbaycana döyüşsüz təhvil verildi.

Ordumuz tərəfindən aparılan bütün əks-hücum əməliyyatlarının ən böyük nəticələrindən biri o oldu ki, Silahlı Qüvvələrimiz mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımından Ermənistan ordusunu müqayisəolunmaz dərəcədə qabaqladığını təsdiqlədi və təbii ki, düşmən də bu üstünlüyü tam anladı. Erməni ictimaiyyəti bu prosesdə gerilədiyini, uduzduğunu öz üzərində açıq-aydın hiss etdi.

Müharibə zamanı Azərbaycan huma­nizm prinsiplərinə, silahlı münaqişələrlə bağlı yazılmış və yazılmamış qanunlara lazımınca əməl etdi. Nə dinc əhalini atəşə tutdu, nə də götürdüyü əsirlərə fi­ziki işgəncələr verdi. Erməni sakinlərinin qaldığı yaşayış məntəqələrini hədəf seçmədi. Amma qarşı tərəf dəfələrlə Gəncəni, Tərtəri, Bərdəni, Ağdamı, Ağcabədini və təmas xəttindən uzaq olan digər rayonları raket atəşlərinə tutdu, nə qədər dinc sakinin qətlinə bais oldu. 44 günlük savaşda təkcə Tərtərin 40 yaşayış məntəqəsinə 21 raket, 16 mindən çox artilleriya mərmisi atıldı. Gəncə beş dəfə bombalandı.

Bəli, xalqımızın şərəf və ləyaqət tarixinin qızıl hərflərlə yazılmış səhifələri olan 44 günlük Vətən müharibəsi və qa­zanılan möhtəşəm Zəfər gələcək nəsillər üçün də əbədi sevinc mənbəyi kimi yaddaşlara yazıldı. Azərbaycan xalqının müzəffər Ali Baş Kamandanının və Milli Ordumuzun qəhrəmanlığı ilə Vətənimizin əbədi və ayrılmaz parçası olan torpaqla­rımız azad edilərək, dövrümüzün hünər, rəşadət və igidlik salnaməsinə çevrildi. Bu Qələbə möhtərəm Prezidentimizin dili ilə desək, “Qarabağ bizimdir!”, “Qarabağ Azərbaycandır!” şüarı ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. İndi isə növbə düşmənin viran qoyduğu ərazilərimizin bərpasınındır. İnanırıq ki, biz həmin prosesi də uğurla başa çatdıracağıq. Çünki xalqın önündə müzəffər Ali Baş Komandan və böyük lider İlham Əliyev gedir.

Vüqar QULİYEV,

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı

14 Oktyabr 2021 00:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə