Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşa Azərbaycanın mədəniyyət paytaxtı missiyasına uğurla başlayıb

“Şuşa Azərbaycan şəhəridir. Şuşanın əsasını 1752-ci ildə Qarabağ xanı Pənahəli xan Cavanşir qoymuşdur. Gələn il biz Şuşanın 270-ci ildönümü­nü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta da­ğılmış vəziyyətdə, vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meyda­nında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”. Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri birinci xanım Mehriban Əliyeva ilə avqustun 30-da mədəniyyət beşiyi Şuşaya səfərinin leytmotivi oldu.

Ermənilər nə qədər çalışsalar da, Şuşanı erməni şəhəri kimi təqdim edə bilmədilər. Çünki bu şəhər Azərbaycanın xüsusiyyətlərini özündə cəmləşdirmişdi. Şuşanın bərpasına yanvarın 14-dən başlanıldı, qısa müddət ərzində böyük işlər görüldü. Ən başlıcası isə, Şuşanın mədəni həyatı özünə qaytarıldı.

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı. Prezident çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Bu sözlər də artıq reallığa çevrilib. Bülbülün ev muzeyi bərpa edilib. Bu şəxsiyyətlərin büstləri Şuşada yenidən qoyulub.

Prezident İlham Əliyev bildirmişdir ki, dahi şəxsiyyətlərimizin büstləri bizim qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar. Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür. Milli ruhumuzun təcəssümü olan şəxsiyyətlərin büstlərinin Qafqazın in­cisi, mədəniyyətimizin beşiyi olan Şuşaya qaytarılması yeni milli-mədəni intibahımı­zın rəmzi olacaq. Heydər Əliyev Fondu tərəfindən bütün tarixi-dini abidələrimiz, o cümlədən Şuşadakı məscidlər əsaslı təmir və bərpa olunacaq.

Dövlət başçısı 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etdi.

Şuşaya Xarıbülbül festivalı yenidən qayıtdı. 2021-ci ilin yanvarında Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla videogörüşdə Şuşada yenidən Xarıbülbül festivalının keçirilməsinin vacibliyini bildirdi.

Xarıbülbül festivalı da bərpa olundu. 2021-ci il mayın 12-də və 13-də işğaldan sonra Şuşada ilk dəfə Xarıbülbül festivalı düzənləndi.Tədbirdə Azərbaycanda yaşa­yan müxtəlif xalqların musiqi kollektivləri çıxış etdilər, xalq və klassik musiqi nümunələrindən ibarət konsert proqramı təqdim olundu.

Xarıbülbül musiqi festivalı Prezident İlham Əliyevin çıxışı ilə başladı. Həmin anı ölkəmizin tarixində əlamətdar gün kimi dəyərləndirən dövlət başçısı uzun fasilədən sonra hər birimiz üçün müqəddəs olan Şuşada – Cıdır düzündə Xarıbülbül festivalının keçirilməsi münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik etdi. Vurğuladı ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Şuşa həsrətilə yaşamışıq. Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 39 il əvvəl böyük şairimiz Mol­la Pənah Vaqifin məqbərənin açıldığı gündə–yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəsini ziyarət edən ölkə başçısı İlham Əliyevin tapşı­rığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi.

Avqustun 29-da isə Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə komplek­sinin təmir-bərpa və yenidənqurmadan sonra açılışı oldu. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılış mərasimində iştirak etdilər. Prezidentə və birinci xanıma məlumat verildi ki, Molla Pənah Vaqifin 1957-ci ildə tuncdan hazırlanan büstü 1958-ci ildə Cı­dır düzünə yaxın ərazidə qəbirüstü abidə kimi qoyulub, daha sonra 1976-cı ildə şai­rin Şuşadakı evinin yaxınlığına köçürülüb. 1982-ci ildə Vaqifin məqbərəsinin açılışın­dan əvvəl büst və onun ətrafı təmir edilib, abidənin postamenti dəyişdirilib. Büst də 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı erməni vandalizminə məruz qalaraq dağı­dılıb. Ölkə başçısının göstərişinə əsasən, abidə bu il onun müəllifi, Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən qurulub. Heydər Əliyev Fondunun dəstəyi ilə tuncdan hazırlanan büst öz əvvəlki yerinə qaytarılaraq Molla Pənah Vaqifin Şuşadakı evinin yaxınlığında quraşdırılıb.

Avqustun 30-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xa­nım Mehriban Əliyeva Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgiləri ilə tanış olublar. Qeyd edək ki, Qarabağ Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malikdir. İşğal dövründə talan edilən muzeylərdə Azərbaycana məxsus qiymətli mədəniyyət nümunələri, dünyaca məşhur Azərbaycan xalçaları və görkəmli şəxsiyyətlərimizin xatirə əşyaları, həmçinin digər dəyərli eks­ponatlar olub. Məhv edilmiş həmin xəzinələr təkcə Azərbaycanın yox, həm də bütün dünya mədəniyyətinin qiymətli nümunələri idi.

Sərgidə nümayiş olunan rəsm və heykəltəraşlıq nümunələri ziyarətçiləri sevincli və kədərli, real və fantastik, açıq və gizli, rəngarəng və monoxrom dünyaya səyahətə dəvət edirdi. Burada nümayiş etdirilən əsərlərin əsas ilham mənbəyi Qarabağdır. Azərbaycanın tarixi diyarı olan Qarabağ uzun illər ərzində özünəməxsus atmosferi ilə fərqli nəsillərdən və cərəyanlardan olan rəssamların və heykəltəraşların dünyagörüşünə böyük təsir edib.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Xalça Muzeyinin təqdim etdiyi sərgidə xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə və geyim dəstləri, bədii metal nümunələri nümayiş olunur. Sərgidə, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin kolleksi­yasına daxil olan xalça nümunələri də yer alıb. Yenidən öz doğma diyarında sərgilənən bu eksponatların əksəriyyəti Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialından Bakıya gətirilib. Sərgidə əsrlər boyu çox yüksək dəyərləndirilən, xarici muzey və şəxsi kolleksiyaların nadir inciləri sırasına daxil olan Qarabağ xalça­larının müxtəlif bölgələrə aid nümunələri əks olunmuşdu. Qarabağın sənət inciləri sərgisi qədim torpağın ruhunu, əsrlərlə burada yaşayıb-yaradan insanların həyat və məişətini, estetik zövqünü, sənətkarların bədii dünyagörüşünü duymağa, həmin tarixi dövrlərə səyahət etməyə imkan yaradır.

Heydər Əliyev Fondu tərəfindən Vaqif Poeziya Günləri çərçivəsində Şuşada “Yaddaş. Fotoqrafik tarix” sərgisi də təşkil edildi. Fotosərgi Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, gözəl təbiətini, ənənələrini təcəssüm etdirir. Ermənistan vaxtilə işğal altında saxladığı ərazilərdə mədəni irsimizə, tarixi-memarlıq nümunələrimizə qarşı vandalizm həyata keçirib, düşmən tərəfindən tarixi-mədəni obyektlər, dini ocaqlar məhv edilərək bir sıra rayon və şəhərlər yerlə-yeksan olunub. Tamaşaçılara, həmçinin işğaldan azad olunmuş rayon və şəhərlərdə ermənilərin törətdiyi vəhşiliklərə, dağıntılara dair fotolar da təqdim edilir. Sərgidə Vətən müharibəsi zamanı Ermənistan tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətləri əks etdirən fotolar da nümayiş olunub.

Göründüyü kimi, torpaqlarımız erməni işğalından azad olunduqdan sonra Qara­bağ öz mədəni inkişafının yeni dövrünə qədəm qoyub. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm şəkildə qeyd olunması qayıdışımızın təntənəsinə çevrilib.

Şuşada keçirilən tədbirlər Azərbaycanın ucalan səsi idi. Dünyanın çox yerindən bu tədbirləri izləyirdilər.

Şuşa günbəgün libasını dəyişir, yeni muzeylər açılır, sərgilər keçirilir, mədəni tədbirlər təşkil olunur. Bu, mədəniyyət paytaxtımızın öz funksiyasını böyük uğur­la yerinə yetirəcəyinə inam yaradır.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

14 Oktyabr 2021 00:17 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
22 Oktyabr 2021 | 00:36
Xalça sənətinin Kamil ustadı

Köhnə versiyamızdan xəbərləri izlə