Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sözü ilə əməli üst-üstə düşən qüdrətli lider

İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.

Heydər ƏLIYEV

Ümummilli lider

 

Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev də ölkənin rəhbəri kimi fəaliyyəti ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Şəxsi keyfiyyətləri, siyasi uzaqgörənliyi və reallığa uyğun çevik qərarlar qəbuletmə bacarığı sayəsində cəmiyyətin bütün zümrələrini ətrafında birləşdirən İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində də xalqın böyük dəstəyini qazanmış və Azərbaycanın siyasi və beynəlxalq arenada mövqelərinin daha da möhkəmlənməsinə və bir sıra vacib sahələrdə mühüm uğurlara imza atmasına nail olmuşdur.

Cənab İlham Əliyev 2003-cü il oktyab­rın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76,8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Xalqın iradəsini əks etdirən seçkilər cənab İlham Əliyevə olan inamı, etimadı nümayiş etdirir. Azərbaycanın si­yasi-iqtisadi, humanitar və mədəni inkişaf yolu keçməsinə şərait yaradan, 30 illik erməni işğalına son qoyan cənab İlham Əliyevin uzaqgörən siyasətinin, düşü­nülmüş islahatlarının və müdrik qərarları ilə ölkəmizin hərtərəfli güclənməsinin başlanğıcı məhz bu tarixdə qoyul­muşdu. Prezident İlham Əliyev hər bir azərbaycanlının rifahını daima yaxşılaş­dıran, problemlərin həllini asanlaşdıran, tərəqqiyə inkişafa və harmoniyaya səbəb olacaq addımlar atan güclü və müdrik lider kimi böyük xalqın etimadını qazan­mışdı. Çünki Prezident İlham Əliyev hər zaman vurğulayır ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı daya­nır. Həyata keçirilən siyasi kurs, aparılan islahatlar, yeniliklər vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə, on­ların həyat şəraitinin daha da yaxşı­laşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə hesablanmışdır.

Ümumiyyətlə, 1994-cü ildən baş­layaraq ölkəmizdə neft-qaz, idman sahələrində, eləcə də ölkə parlamentində, Avropa Şurasında baş verən ən mühüm iqtisadi və ictimai-siyasi proseslərdə fəal iştirak edən cənab İlham Əliyev hər za­man ulu öndər Heydər Əliyevin siyasətinə sədaqət nümayiş etdirmiş, xalqın bö­yük hörmət və dəstəyini qazanmışdır. Əlbəttə ki, bütün bu fəaliyyətin nəticəsi 2003-cü il prezident seçkilərində xalqı­mızın İlham Əliyevə etimad göstərməsilə nəticələnmişdi. Bu etimad həm də yeni prezidentin ümummilli lider Heydər Əliyev siyasətinə sadiq qalacağına və bu siyasəti davam etdirəcəyinə əminliyin ifadəsi olmuşdu. Prezident İlham Əliyev andiçmə mərasimində ona göstərilmiş bu böyük etimada görə seçicilərə, bütün Azərbaycan xalqına öz dərin təşəkkürünü bildirmişdir. O, bu yüksək etimadı doğruldacağını, vəzifəsinin öhdəsindən layiqincə gələcəyini, ulu öndər Heydər Əliyevin siyasətini davam etdirəcəyini vurğulamışdı. Bəyan etmişdi ki, 2003-cü il 15 oktyabr seçkilərində xalq sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, qurucu­luğa, sabitliyə səs verdi və bu siyasətə Azərbaycanda alternativ yoxdur.

Prezident İlham Əliyev andiçmə mərasimində xüsusilə vurğulamışdı ki, Azərbaycanda yaranmış sabitliyi qoru­maq, saxlamaq və möhkəmləndirmək ha­mının borcudur: “Əgər Azərbaycanda sa­bitliyin pozulmasına kimsə can atarsa, biz buna imkan verməyəcəyik, Azərbaycan xalqının rahat, təhlükəsiz, sabitlik şəraitində yaşamasını təmin edəcəyik. Bu sabitlik bizə imkan verəcək ki, gələcəkdə Azərbaycanı daha da sürətlə, hərtərəfli inkişaf etdirək. Bu barədə bizim çoxlu planlarımız vardır. Azərbaycanın hər bir sahəsi inkişaf etməlidir”. Sonrakı illər göstərdi ki, Prezident İlham Əliyev uzaqgörən və praqmatik siyasətçidir, ulu öndər Heydər Əliyev strategiyasını real­laşdırmaqla, onun siyasi yolunu davam etdirməklə Azərbaycanı güclü dövlətə çevirmək mümkündür.

Bu, bir həqiqətdir ki, Prezident İlham Əliyev fəaliyyət göstərdiyi 17 il ərzində xalqa verdiyi vədləri tam yerinə yetirməsi ilə xalqın hədsiz rəğbətini qazanmışdır. Ötən müddət ərzində ölkəmizdə bütün sahələrdə sürətli inkişafa nail olunmuş, insanların rifahı daha da yaxşılaşmışdır. 2003-cü ildə Neft Fondunda cəmi 800 milyon dollar vəsait olduğu halda, 2021-ci ildə bu rəqəm təqribən 43 milyard ABŞ dollara çatmışdır. Bu fakt bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş genişmiqyas­lı islahatlar və yerinə yetirilmiş strateji dövlət proqramları öz bəhrəsini vermişdir. 2003-cü ildən başlanmış yeni inkişaf strategiyası sayəsində Azərbaycanın siyasi və iqtisadi imkanları genişlənmiş, ölkəmizin beynəlxalq aləmdəki mövqeləri güclənmişdir.

Dövlət başçısı 2003-cü il keçirilən andiçmə mərasimində qətiyyətlə bil­dirmişdi ki, Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir: “Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik”. Belə də oldu, heç kimə sirr deyil ki, bu gün bölgədə həyata keçirilən bütün beynəlxalq irimiqyaslı layihələr Azərbaycanın milli maraqları nəzərə alınmaqla həyata keçirilir və ölkəmiz Cənubi Qafqazın inkişaf lokomotivinə çevrilməklə yanaşı, Avrasiya materikində aparıcı aktor kimi qəbul edilir. Bundan başqa, Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-da­imi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illər sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nü­fuzunu və qüdrətini göstərməklə yana­şı, Prezident İlham Əliyevin yürütdüyü xarici və daxili siyasətin milli maraqlara uyğun həyata keçirildiyini təsdiqlədi. Yeri gəlmişkən, Qoşulmama Hərəkatına ölkəmizin sədrliyi o qədər uğurlu olmuş­dur ki, QH üzvü olan dövlətlər Prezident İlham Əliyevə müraciət etmişlər ki, Azərbaycanın quruma rəhbərliyi bir il də uzadılsın. Təklif qəbul olunmuşdur.

Hazırda Azərbaycan bütün dünyada irimiqyaslı layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi tanınır. Məsələn, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri ölkənin iqtisadi qüdrətini artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Bundan başqa, ötən il dekabrın 31-də Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanılması Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji diplomatiyasının növbəti parlaq qələbəsi kimi tarixə düşdü. Belə ki, tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsilə çıxarmağa nail oldu. Noyabrın 15-də TAP İtaliyanın qazpay­layıcı şəbəkəsinə uğurlu birləşdirildikdən sonra, həmin gün kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən SNAM Rete Gas (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırıldı. Bununla da Avropa qaz bazarına birba­şa çıxış əldə edən Azərbaycan öz ixrac imkanlarını şaxələndirmiş oldu. Bu, ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaq­la yanaşı, həm də Azərbaycanın iqtisadi müstəqilliyinin güclənməsi deməkdir.

Müstəqillik tariximizin möhtəşəm layihələrindən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. 2017-ci ilin oktyabr ayında Beynəlxalq Dəniz Ticarət Limanında keçirilən təntənəli mərasimlə istifadəyə verilmiş bu layihə Azərbaycanın nəqliyyat-kommunikasiya potensialının gücləndirilməsinə və şaxələndirilməsinə şərait yaratdı. Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində reallığa çevrilməsi də heç kimə sirr deyil. Bu yolla artıq yüklərin daşınması uğurla həyata keçirilir. Bununla da çox mühüm transmilli neft-qaz kəmərlərinə malik Azərbaycan həmin strateji layihənin reallaşması ilə özünün nəinki regionda, bütünlükdə Avrasiya qitəsindəki əhəmiyyətini artırır. 2017-ci ildə keçirilən V Qlobal Forumdakı çıxışında “Bakı-Tbilisi-Qars dəmir yolu tək ölkələri deyil, qitələri birləşdirəcək. Azərbaycanın irəli sürdüyü layihələrin heç biri uğursuz olmayıb”, – deyən Prezident İlham Əliyev əlavə etmişdi ki, bu marşrut Asiyadan Qərbə gedən ən qısa yoldur. Bu gün fəxrlə deyə bilərik ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında yeni mühüm strateji amil­dir, eyni zamanda, regionda sabitliyə və iqtisadi inkişafa böyük töhfədir.

Prezident İlham Əliyevin fəaliyyətində xüsusi diqqət yetirdiyi sahələrdən biri də ordu quruculuğudur. Ölkə rəhbəri seçildiyi andan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardı­cıl tədbirlər görülmüşdür. 2003-cü ildə keçirilən andiçmə mərasimində dövlət başçısı ordu quruculuğu məsələsinin daim diqqət mərkəzində olacağını bildirmişdi: “Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olma­lıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək stan­dartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.

Ötən müddət ərzində ordu quruculu­ğu sahəsində həyata keçirilən islahatlar sayəsində Azərbaycanın Silahlı Qüvvələri hazırda dünyanın ən güclü ordular sıra­sındadır. Əlbəttə, Ordumuzun qarşısında çox ciddi və məsuliyyətli vəzifə durur­du-30 illik erməni işğalına son qoymaq!

Ordu quruculuğu sahəsində atılan qətiyyətli addımların nəticəsi tezliklə özünü büruzə verdi. Belə ki, 2016-cı ilin aprelində ordumuz öz gücünü və döyüş qabiliyyətini həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş Aprel döyüşlərində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir hissəsini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək nəzarəti ələ aldı. Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması və bununla da Cocuq Mərcanlı kəndinin təhlükəsizliyinin təmin edilməsi oldu. Bundan başqa, 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respubli­kasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçiril­di, Yerevan-Gorus-Laçın yolu nəzarətə götürüldü.

2003-cü ildə keçirilən andiçmə mərasimində cənab İlham Əliyev Dağlıq Qarabağ münaqişəsini ölkəmiz üçün ən ağır problem adlandırmışdı: “Bu məsələ öz həllini tapmalıdır. Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtma­lıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır”.

Prezident İlham Əliyev yüksək kürsüdən bir daha dünyaya səslənmişdi: “Hamı bilməlidir ki, sülh tərəfdarı olmağı­mıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”. Bəli, hələ 2003-cü ildə deyilmiş bu sözlər ötən ilin sentyabrın 27-də düşmənin təxribatlarına cavab olaraq reallığa çev­rildi.

Ötən ilin may ayında Qaradağ rayo­nunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı zamanı məcburi köçkünlərlə görüşdə Prezident İlham Əliyev bir daha elan etmişdi ki, Azərbaycan öz ərazi bü­tövlüyünü bərpa edəcək: “Bunu deməyə əsas verən bir çox amillər var- bizim hərbi gücümüz və biz bunu göstərmişik. 2016-cı və 2018-ci illərdə uğurlu hərbi əməliyyatlar nəticəsində minlərlə hektar torpaq işğalçılardan azad edildi. Cocuq Mərcanlı kəndinin timsalında biz görürük ki, işğaldan azad olunacaq digər tor­paqlarda hansı işlər görüləcək və hansı sürətlə görüləcəkdir”.

Bir qədər sonra dövlət başçısı xalq və beynəlxalq birlik qarşısında dediyi sözləri yerinə yetirməyə başladı. 27 sentyabr 2020-ci ildə ermənilərin təxribatlarına ca­vab olaraq başlanılmış Vətən müharibəsi Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilərək torpaqlarımızın işğaldan azad edilməsilə, respublikamızın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələndi. Cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər ordumuz cəmi 44 gün ərzində 30 illik erməni işğalına son qoydu.

Təbii ki, xalqımız görülən işləri, əldə olunan uğurları ən yüksək səviyyədə qiymətləndirir və alqışlayır. Ona görə də, 15 oktyabr 2003, 15 oktyabr 2008, 9 oktyabr 2013 və 11 aprel 2018-ci il tarixlərində keçirilən prezident seçkilərində xalqımız ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, sabitliyə, əmin-amanlığa, tərəqqiyə, quruculuğa və sözünün üstündə həmişə dayanmış şəxsiyyətə, ən əsas, sözü ilə əməlinin üst-üstə düşdüyü qüdrətli liderə səs verdi. Əlbəttə, Prezident İlham Əliyevin 17 illik prezidentliyinin əsas məqsədi xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi bütün gücü ilə möhkəmləndirməkdir. Əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə əldə etdiyi bu misilsiz nailiyyətlər ümum­milli lider Heydər Əliyev siyasətinin təntənəsi, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin xalqına olan sonsuz sevgisinin təcəssümüdür.

Səbuhi MƏMMƏDOV,

“Xalq qəzeti”

14 Oktyabr 2021 00:16 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə