Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azad olunmuş ərazilərin bərpası uğurla başa çatdırılacaq

 

 

Azərbaycanın işğaldan azad olunmuş şəhər və kəndlərində tikinti-quruculuq işləri davam etdirilir. Prezident İlham Əliyev də hər dəfə bu və ya digər rayonda olarkən bü­tün ərazilərimizin bərpa olunacağı ilə bağlı məlumat verir. Dövlət başçısı bu günlərdə Tərtər, Bərdə və Cəbrayıl rayonlarına səfəri zamanı da bu barədə söhbət açdı. Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə bəyan etdi ki, rayonda bir neçə vacib obyek­tin, o cümlədən Zəfər və İşğal muzeylərinin təməli qoyulub. Səfərlə bağlı fikirlərini bildirən AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov dedi:

– Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizin bərpasına xüsusi qayğı ilə yanaşır. Artıq, demək olar ki, bütün rayonlarda işlər gedir. Dövlət başçısı Cəbrayılda olarkən də təməli qoyulan obyektlərin inşası və sonrakı fəaliyyəti zamanı bir çox sosial-iqtisadi məsələlərin öz həllini tapacağını bildirdi. Bunlar, ilk növbədə, təhlükəsizliklə bağlı tədbirlərdir. Səfər zamanı Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışı olub. Eyni zamanda, iqtisadi fəallıq üçün önəmli addımlar atılıb. “Araz Vadisi İqtisadi Zonası”nın təməli qoyulub. Bu, 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrılıb, ilkin investorlar da müəyyən olunub. “KamAZ” şirkətinin vitse-prezidenti və Rusiyanın Tatarıstan Respublikasının Baş nazirinin müavini xüsusi olaraq Azərbaycana gəlib və Azərbaycan lideri ilə bərabər “KamAZ” regional xidmət mərkəzinin açılışında iştirak ediblər. Bu o deməkdir ki, artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıb. Prezident Cəbrayıl ictimaiyyəti ilə görüşdə qeyd etdi ki, Türkiyə şirkətləri artıq Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlayıb.

Prezidentin səfəri zamanı Cəbrayıl yarımstansiyası istifadəyə verilib. Bundan əlavə, sosial obyektlərin, xəstəxana və məktəbin təməli qoyulub. Bütün bunlar buraya insanların qayıdışı üçün əsas şərtlərdir. Bunlarla yanaşı, Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası işləri gedir. Artıq bir neçə stansiya, o cümlədən Tərtər rayonunda Suqovuşan Su Elektrik stansiyaları işə başlayıb: “Mən tapşırıq vermişəm, ermənilər tərəfindən, - onlar qaçaqaç dövründə, Kəlbəcəri, Laçını tərk edən dövrdə, - dağıdılmış stansiyaların 10-nu biz gələn il, qalan 20-dən çoxunu isə ondan sonrakı illərdə bərpa edəcəyik. Yəni, Cəbrayıl rayonunun elektrik təchizatı artıq var. Bu əsasdır. Çünki bu olmasa, heç nə etmək mümkün olmayacaq. İndi gəldiyiniz yola da yəqin ki, fikir verdiniz. Görün, nə gözəl yol çəkilir. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Vaxtilə Ermənistan rəhbərliyi Cəbrayıla yol çəkmək istəyirdi. O da yarımçıq qaldı, onların bütün arzuları kimi. İndi biz Cəbrayıla yol çəkirik”. Dövlət başçısı qeyd etdi ki, Zəngəzur dəhlizi də bu yoldan keçəcək.

Cəbrayılda birinci yaşayış binasının təməli qoyulub. Bina hazır olan kimi Cəbrayıl şəhərinin ilk sakinləri orada yerləşəcək. O vaxta qədər həm xəstəxana, həm məktəb, həm də iş yerləri olacaq. Prezident bildirdi ki, rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib. Ən önəmlisi isə odur ki, Cəbrayıl şəhərinin baş planı artıq hazırdır.

Prezident İlham Əliyev cəbrayıllılarla görüşdə çıxışını çox nikbin notlarla tamamladı: “Biz müharibəni Zəfərlə başa vurduq. İndi sülh dövrünü də zəfərlə başlamışıq, zəfərlə başa vuracağıq”.

Söhbəti yazdı: Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

14 Oktyabr 2021 00:15 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə