Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidentinin fəaliyyətində Qarabağın bərpası prioritet istiqamətdir

 

 

Biz müharibəni zəfərlə başa vurduq. İndi sülh dövrünü də zəfərlə başlamışıq, zəfərlə də başa vuracağıq…

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti  

Ermənistanın 30 il ərzində işgal altında saxladığı yaşayış məntəqələrimiz vəhşiliyin qurbanı olub, şəhər və kəndlərimiz xarabalığa çevrilib, təbii sərvətlərimiz talanıb, maddi-mədəni abidələrimiz dağıdılıb. Prezident İlham Əliyev oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu barədə ətraflı bəhs edərək, işğaldan təmizlənən torpaqlardakı yaşayış sahələrinin tamamilə dağılmış vəziyyətdə olduğunu bildirib. Ölkə rəhbəri azad edilmiş bütün ərazilərə, hətta erməni əhalinin yaşadığı yerlərə baxdıqda, orada heç bir inkişafdan əsər-əlamətin olmadığını bildirib: “Görün Şuşa nə gündədir. Onlar Şuşanı bütün dünyaya öz şəhəri kimi qələmə verməyə çalışırdılar, bu gün də çalışırlar. Əgər sənin şəhərindirsə, niyə bu gündədir?! Şuşada bir dənə də yeni bina yoxdur. İki yeni bina var. Biri separatçıların rəhbərlərinə məxsusdur, biri də xaricdə yaşayan başqa bir zəngin erməniyə. Özü də villalardır, öz şəxsi evləridir. Bir dənə də bina yoxdur. Şuşadakı 17 bulağın, 17-si də qurudulub. Yaxşı, bu, sənin şəhərindirsə, niyə bu gündədir?!

Dövlətimizin başçısı daha sonra qeyd edib ki, erməni faşizmi Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoymaqla bərabər, bütün evləri, binaları, tarixi abidələri dağıdıb. Düşmən işğalı bundan sonra 30 il də davam etdirmək istəyirdi. Beynəlxalq ictimaiyyət isə bu məsələyə göz yumurdu. Buna son qoyuldu.

İndi düşmən tərəfindən dağıdılan, tar-mar edilən yaşayış sahələrimizdə genişmiq­yaslı bərpa-quruculuq layihələri reallaşdı­rılır. Yüksək sürətlə aparılan tikinti işləri ilə Azərbaycan Vətən müharibəsində olduğu kimi, Qarabağın bərpasında da gücünü bütün dünyaya nümayiş etdirir.

Bu gün qəsbkarın xarabalığa çevirdiyi ərazilər tikinti meydanı kimi diqqət çəkir. Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri sürətlə həyata keçirilir, Ermənistanın işğalı zamanı yerlə bir edilən şəhər və kəndlərimiz, dağıdılan tarixi, mədəni və dini irsimiz bərpa olunur. Avtomobil yolla­rının tikintisinə xüsusi önəm verilir. Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən Zəngəzur nəqliyyat dəhlizinin Azərbaycan tərəfindəki Horadiz–Cəbrayıl–Zəngilan– Ağbənd hissəsinin layihəsi hazırlanır və pa­ralel olaraq tikintisi aparılır. Bununla bərabər, Böyük Qayıdış proqramı çərçivəsində müasir texnologiyalara əsaslanan “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin icrası da diqqətdə saxlanılır.

Yeri gəlmişkən, Prezident İlham Əliyev bərpa olunan yaşayış sahələrində müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqini xüsusi diqqət mərkəzində saxlayır. Bu isə Qarabağın yaxın gələcəkdə “ağıllı region” kimi dünyada tanınacağına əlverişli şərait yaradır. Bu baxımdan Zəngilan rayonunun Birinci, İkinci və Üçüncü Ağalı kəndlərində ilk olaraq “Ağıllı kənd” layihəsinin həyata keçirilməsi mühüm önəm daşıyır.

İnşa ediləcək “ağıllı kənd”lərdə sakinlərin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələri hesabına ödəniləcək. Eyni zamanda, texnoloji innovasiyanın tətbiqi istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji kimi sahələrin inkişafını sürətləndirəcək.

Yeri gəlmişkən, Prezident İlham Əliyev mayın 3-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, ölkəmizin işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 1 milyon 391 min 40 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb.

Vətən müharibəsi parlaq qələbəmizlə başa çatandan dərhal sonra Prezident İlham Əliyev düşməndən təmizlənən ərazilərin bərpası və yenidən qurulması ilə bağlı layihələrin reallaşdırılmasını prioritet istiqamət kimi bəyan etdi. Çünki Ermənistanın 30 il ərzində işgal altında saxladığı yaşayış məntəqələrimiz vəhşiliyin qurbanı olub, şəhər və kəndlərimiz xarabalığa çevrilib. Bütün infrastruktur, o cümlədən elektrik stansiyaları, yarımstansiyalar, ötürücü xətlər dağıdılaraq yerlə yeksan edilib. Bu ərazilərdə enerji sistemindən əsər-əlamət belə qalmayıb, bütün enerji qurğuları sıradan çıxarılıb, düşmənin gücü çatıb apara bildiyi avadanlıqlar daşınıb, apara bilmədiyi isə ya partladılıb, ya da yandırılıb.

Dövlətimizin başçısının rəhbərliyi ilə erməni barbarlığının qurbanı olan yaşayış sahələrində hazırda mühüm strateji obyektlərin, müəssisələrin təməli qoyulur, yüksək texnologiyaların tətbiqinə start verilir, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində önəmli tədbirlər gerçəkləşdirilir. Bütün bunlar dövlətimizin başçısının qəsbkardan xilas olunan rayonlara səfərləri ilə öz təsdiqini tapır.

Yeri gəlmişkən, Qarabağda genişmiqyaslı bərpa-quruculuq işlərinin gerçəkləşdirilməsi Azərbaycanın güclü iqtisadi potensiala malik dövlət olmasını göstərir. Bu, Prezident İlham Əliyevin işğaldan azad edilən rayonlara son səfərlərindən də aydın nəzərə çarpır. Belə ki, ölkə rəhbərinin oktyabrın 3-də Tərtər rayonuna səfəri zamanı:

– Talış kəndinə gedən avtomobil yolunun açılışı reallaşıb;

– Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməli qoyulub;

– “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılış mərasimi keçirilib.

Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl rayonuna səfəri də bu baxımdan zəngin olub. Belə ki, dövlətimizin başçısı “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və şəhərdə ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub. Bütün bunlarla bərabər, rayonun elektrik təchizatı üçün yarımstansiya istismara buraxılıb.

Xatırladaq ki, ölkə rəhbərinin səfər zamanı açılışında iştirak etdiyi 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasına Füzulidəki “Şükürbəyli” yarımstansiyasından uzunluğu 31 kilometr olan 110 kilovoltluq ikidövrəli 1-ci və 2-ci “Cəbrayıl” hava xətləri çəkilib. İnfrastrukturun iş rejiminə real zamanda nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-Scada dispetçer idarəetmə sistemi qurulub və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunaraq rəqəmsallaşdırılıb.

“Cəbrayıl” yarımstansiyası, ilk növbədə, bu rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastruktur layihələrini, eləcə də rayonun ümumi şəhərsalma konsepsiyasına əsasən, Cəbrayıl şəhərini və bütövlükdə rayonun bütün kənd-qəsəbələrini elektrik enerjisi ilə təmin edəcək.

Dövlətimizin başçısı Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Qarabağda elektrik təchizatının qaydaya salınması ilə yanaşı, yol infrastrukturuna da xüsusi əhəmiyyət verildiyini bildirərək, hazırda bu yaşayış sahəsinə 4-6 zolaqlı yolun çəkildiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti səfər etdiyi Hadrut qəsəbəsində də bərpa-quruculuq işlərinə ciddi ehtiyac duyulduğunu diqqətə çatdırıb: “Qəsəbədə 30 il ərzində heç nə dəyişilməyib, hərbçilər üçün iki bina tikilmişdi, bir məktəb də təmir olunmuşdu. Qalan bütün binalar necə var idi, elə də qalıb. Yəni, kütləvi səfalət hökm sürüb, bir daş daş üstünə qoyulmayıb. Görün yollar, binalar nə gündədir. Bəzi binalarda, ümumiyyətlə, insan necə yaşaya bilər, böyük sualdır...”.

Dövlətimizin başçısı çıxışında Hadrutun da uğula bərpa olunacağını, tezliklə qəsəbənin baş planının təsdiq ediləcəyini vurğulayıb və bu ərazidə artıq bərpa işlərinə start verildiyini deyib: “Avtomobil yolunun təməli qoyuldu. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası tikiləcək, onun təməli qoyuldu və Hadrutda məscidin tikintisinə də start verildi. Məscidin də təməlini mən qoydum və hesab edirəm ki, bu da tarixi hadisədir. Çünki sovet vaxtında Hadrut qəsəbəsində yaşayanların əksəriyyəti ermənilər idi. Onlar, əlbəttə ki, burada məscidin inşasına imkan verməzdilər və bilirik ki, bütövlükdə sovet dövründə - ateizm dövründə məscid tikmək mümkün deyildi”.

Prezident İlham Əliyev çıxışının sonunda Azərbaycan rəhbərliyinin Xocavənd rayonunun, eləcə də Hadrut qəsəbəsinin gələcək inkişafı ilə bağlı çox böyük planları olduğunu və həmin planların bir qisminin icrasına artıq start verildiyini bildirib.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

14 Oktyabr 2021 00:12 - SİYASƏT
SİYASƏT
27 Oktyabr 2021 | 17:56
Ərdoğan Makronla görüşəcək

Köhnə versiyamızdan xəbərləri izlə