Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ilə Türkiyə arasında tikinti sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Türkiyə Respublikasının ətraf mühit və şəhərsalma naziri Murat Kurumla görüşüb.

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, komitə sədri qonağı salamlayaraq ölkəmizə səfərindən məmnunluq hissi duyduğunu, Azərbaycan və Türkiyə arasında şəhərsalma, memarlıq və tikinti sahəsində sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu yüksək qiymətləndirdiyini vurğulayıb.

Vətən müharibəsi dövründə də qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin daim hiss olunduğunu bildirən A.Quliyev hazırda ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə ən yüksək səviyyədə olduğunu, bu nailiyyətin ilk növbədə Azərbaycan və Türkiyənin dövlət başçılarının birgə səyləri sayəsində və göstərişlərinə əsasən əldə olunduğunu qeyd edib.

A.Quliyev şəhərsalma sahəsində də ikitərəfli əlaqələrin daha da gücləndirilməsi üçün mühüm addımlar atıldığını söyləyib, şəhərsalma və tikinti sahəsində təcrübə və məlumat mübadiləsi məqsədilə “ağıllı şəhər”lərin təşkili, inşaat işlərinin ərazi planlaşdırılması sənədlərinin tələblərinə uyğunluğu, şəhərlərin yenidən qurulması planlarının hazırlanması və digər mövzular üzrə son müddət ərzində hər iki qurumun ekspertləri səviyyəsində onlayn görüşlərin, videokonfransların fəal təşkil edildiyini müsbət dəyərləndirib.

Daha sonra komitə sədri Prezident İlham Əliyevin şəhərsalma sahəsinin inkişafına ayırdığı xüsusi diqqət sayəsində aparılan islahatlar və onların nəticələri, komitənin ümumi fəaliyyəti və həyata keçirdiyi əsas layihələr, o cümlədən işğaldan azad olunmuş ərazilərin yenidən canlanması məqsədilə görülən genişmiqyaslı işlər haqqında nazirə ətraflı məlumat verib.

Səmimi qəbula görə təşəkkür edən nazir Murat Kurum bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətlərinin dayanmadan inkişafının, əməkdaşlığın yüksək səviyyəsinin, hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verdiyini bildirib. Digər istiqamətlərdə olduğu kimi, memarlıq və şəhərsalma sahələri üzrə də mövcud əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini, işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpasında Türkiyənin yaxından iştirak etmək imkanı olduğundan sevinc hissi duyduğunu qeyd edib.

Nazir, həmçinin rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri və prioritetlərinə toxunaraq, bir sıra sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.

Görüş çərçivəsində mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, birgə layihələrin həyata keçirilməsi və müvafiq sahə üzrə perspektiv əməkdaşlıq imkanları müzakirə edilib.

"Xalq qəzeti"

13 Oktyabr 2021 15:51 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə