Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dastanlaşan Dədə Ələsgər

Aşıq Ələsgər–200

XIX əsr aşıq yaradıcılığının ustad sənətkarlarından olan Aşıq Ələsgərin anadan olmasının 200 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu münasibətlə imzaladığı 18 fevral 2021-ci il tarixli sərəncamdan irəli gələn tapşırıqların yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Aşıqlar Birliyi, Azərbaycan Təhsil Nazirliyi gərəkli tədbirlər hazırlayıb gerçəkləşdirir.

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Aşıqlar Birliyi ilə birgə hazırlayıb nəşr etdirdiyi “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” (Bakı, Azərbaycan Aşıqlar Birliyi, 2021, 400 s.) kitabı görkəmli el aşığının irsinə və xatirəsinə layiqli töhfədir. Sözügedən toplama-tərtibin elmi məsləhətçisi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli, hazır­layanlar Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasım­lı, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilova, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir. Kitab aşıq sənətinə, Aşıq Ələsgər yaradıcılığına sonsuz sayğının ifadəsidir.

Aşığın 200 illik yubileyi ilə bağlı görülən mühüm işlər sırasında “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” yeni və orijinal olması ilə xarakterikdir. İndiyə qədər aşıq yaradıcılığında sis­temli şəkildə belə bir iş görülməmişdir. İlk addımdır ki, Aşıq Ələsgərlə bağlı söyləmələr, aşıqların repertuarında ya­şayan dastan-rəvayətlər toplanıb bir ara­ya gətirilərək geniş ictimaiyyətə təqdim olunur. Kitabda, təxminən, otuza yaxın dastan-rəvayət verilmişdir. Müxtəlif za­man kəsiklərində bu dastan-rəvayətlərin mühüm bir hissəsi folklorşünaslar tərəfindən ayrı-ayrı məcmuələrdə çap olunmuşdur. Digər bir hissəsi isə aşıqla­rın repertuarındann yazıya alınmışdır.

Folklorşünas M.H.Təhmasib, İ.Ələsgər, M.Həkimov, Q.Namazov, R.Rüstəmzadə, Ş.Rza, M.Allahmanlı, Q.Vəliyev, A.Ağbabalı və başqaları us­tad sənətkarla bağlı əhvalatları toplayıb geniş ictimaiyyətə təqdim etmişlər. Kita­ba toplanan dastan-rəvayətlərin bir qismi ayrı-ayrı nəşrlərdən götürülmüşdürsə, digər bir hissəsi aşıqların repertuarından ilk dəfə yazıya alınmışdır.

“Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” kitabına folklorşünas alim Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı və professor Mahmud Allahmanlı ge­niş və məzmunlu ön söz yazmışlar. Ümumiyyətlə, ustad sənətkarla bağlı əhvalat və hekayətlərin toplanıb bir araya gətirilməsi zəngin aşıq yaradıcılığı üçün orijinal bir örnəkdir. Folklorşü­nas alimlər hər hansı ustad sənətkarla bağlı əhvalat, hadisə və rəvayətlərin toplanıb bir araya gətirilməsinin tipik bir nümunəsini vermişlər. Aşıq Ələsgərin həyat və yaradıcılığı timsalında ilk dəfə bu reallaşmışdır.

Onu da əlavə edək ki, sağlığından başlayaraq ustadla bağlı söylənən hadisə və əhvalatlar el arasında, aşıqla­rın repertuarında müxtəlif səviyyələrdə özünə yer almışdır. Bunların mühüm bir hissəsi sonrakı dövrdə yaşayıb yaratmış aşıqların təxəyyülünün məhsuludur. Ki­taba yazılmış ön sözdə də bu aydın vur­ğulanır: “Aşıq Ələsgərlə bağlı yaranmış dastan-rəvayətlərin böyük əksəriyyəti bütün göstəricilərinə görə onun həyat hekayətləridir. Həyatının, keçirdiyi ömür-gün yolunun ayrı-ayrı məqamları buraya hopmuşdur. Daha doğrusu, ustad sənətkar bu əhvalat-hekayətlərdə das­tanlaşmışdır. Dastanlaşan Aşıq Ələsgər bütün hallarda öz taleyinə və istedad im­kanlarına söykənir. Xalq onun haqqında nəyi yaradırsa buna inanıb yaradır. Xalq onun bədii obrazını rəngarəng (həm də əvəzsiz) boyalarla mükəmməl şəkildə cızmışdır”.

“Ələsgərnən Səhnəbanı”, “Aşıq Ələsgər və Növrəs İman”, “Aşıq Ələsgərin Türkiyə səfəri”, “Aşıq Ələsgərin yaylaq səfəri”, “Aşıq Ələsgərin Qaraqoyunlu səfəri”, “Aşıq Ələsgərlə Dəli Alı”, “Aşıq Ələsgər Yanşaqda”, “Aşıq Ələsgərlə Həcər xanım”, “Aşıq Ələsgərlə Aşıq Nəsibin əhvalatı”, “Aşıq Ələsgərlə Şəmkirli Aşıq Hüseynin görüşü”, “Aşıq Ələsgərnən Mir Məcid ağanın görüşü”, “Aşıq Ələsgərin Qarabağ səfəri”, “Aşıq Ələsgərin Şəril səfəri”, “Aşıq Ələsgərin Gəncə səfəri”, “Aşıq Ələsgərin İrəvan səfəri”, “Aşıq Ələsgərin Qılışlı səfəri”, “Aşıq Ələsgərin Şınıq səfəri”, “Bəşirin Molla Rəhimi vurması”, “Aşığın qocalığı”, “Dəyirmançı aşıq”, “Aşıq Şenliklə Aşıq Ələsgərin görüşü”, “Aşıq Ələsgərlə Aşıq Hüseyn Bozalqanlının görüşü”, “Aşıq Ələsgər dastanı” və s. dastan-rəvayətlər hər birisi ustad sənətkarın həyatının bu və ya digər maraqlı məqamlarını əks etdirmək məramına köklənmişdir.

Aşıq Ələsgərin zəngin ədəbi irsi bir-birindən maraqlı çeşidli poetik örnəklərlə səciyyələnir. Gəraylı, qoşma, təcnis, müxəmməs, divani, dodaqdəyməz və s. formalarda yaratdığı nümunələr ustad aşığın sənət yükünü, əvəzsiz istedad sahibi olma imkanlarını diqqət önünə gətirir. Həmin örnəklərdən boylanan sənətkarın poetik obrazı həm də onun kimlik göstəricisidir və hansı əxlaqın, yüksək mənəvi dəyərlərin sahibi olması­nın nümunəsidir. Daha doğrusu, dədəlik statusuna gəlişinin, xalq sevgisini qazanmasının, yaşarlığa yüksəlməsinin göstəricisidir. Ustad sənətkarın xüsusi olaraq vurğuladığı “yaxşı hörmət ilə, təmiz ad ilə mən dolandım bu Qafqazın elini” deməsinin təsdiqidir. Aşıq Ələsgər özü şəxsində bu deyimi (və yaxud da deyimləri) ilə “mərifət elmində kamilliyin” nələrlə səciyyələndiyini bir bütöv olaraq diqqət önünə gətirir.

Zəngin sənət yükü və əvəzsiz isteda­dı ilə əlçatmazlıqlara yüksələn sənətkar yüksək ədəb-ərkanı ilə də mühitdə, bütünlükdə gəzib dolaşdığı türk ellərində Aşıq Ələsgər ucalığını bir meyar ola­raq cızmışdır. Aşıqların repertuarında özünə geniş yer almış dastan-rəvayətlər bunun bariz nümunəsidir. Xalq ustada və onun sənətinə olan sonsuz sayğısını bir istiqamətdə bu söyləmələrlə ortaya qoymuşdur. Burada ustad aşığın özünün şəxsi həyatından doğan tarixi-xrono­loji hadisələr də yer alır, xeyli sonralar sənət dövriyyəsinə daxil olan və başqa aşıqların təxəyyül vasitəsilə uyduruldu­ğu dastan-rəvayətlər də həmin silsiləyə daxil olur.

Kitabda toplanan söyləmələr bütün aspektləri ilə Aşıq Ələsgərin həyatının, çevrəsindəki olduğu mühitin (Göyçənin), ailənin (Alməmmədlər ailəsinin), sənət yükünün, məclis ədəb-ərkanının bütün incəliklərini əks etdirə bilmək gücü ilə səciyyəvilik qazanır. Daha doğrusu, bu söyləmələrdə dədə sənətkarın canlı obrazı boy göstərir. Dünyagörüşü, baş verənlərə münasibəti, həyat tərzi, ailə münasibətləri, arzu və istəkləri, qayğı­ları, etnik dəyərlərə həssaslığı bir bütöv olaraq özünə yer alır.

Aşıq Ələsgərlə bağlı yaranan dastan-rəvayətlər ustad sənətkarın ömür yolunu, mühitini, dünyagörüşünü, həyatının müxtəlif dönəmlərində baş verənləri, yaşadıqlarını və s. aydınlaş­dırmaq və dolğun təsəvvür yaratmaq üçün ən möhtəşəm qaynaqdır. Bu örnəklərin hər birisi ustad aşıqla bağlı olan müəyyən hadisə və əhvalatlara, olacaqlara işıq tutur və onların hamısı­nın qaynağında Aşıq Ələsgərin həyat və fəaliyyətinin mühüm bir məqamı dayanır. Burada təkcə ustad sənətkar timsalında olanlar deyil, eyni zamanda Göyçənin yaxın-uzaq tarixi, etnoqrafik məişəti, coğrafi məkan olaraq sərgilədiyi təsəvvür, toponimik mənzərəsi, xalq mərasimləri, folklor örtüyü, məişət qayğı­ları və s. bir təbiiliklə təqdim olunur.

Məlum olduğu kimi, Göyçə tür­kün əsrarəngizliklərlə səciyyələnən mədəniyyət ocaqlarındandır. Arxaik yaddaşdan gələnlərin mühüm bir hissəsi bu söyləmələrdə qorunur. Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Nəcəf, Aşıq Əsəd, Şişqayalı Aydın, Növrəs İman və s. sənətkarlar timsalın­da sərgilənən təsəvvür bütün dolğunluğu ilə epizod, hadisə, əhvalat səviyyəsində ifadəsini tapır. Bu örnəklər bir tarix və mədəniyyət anlamında son dərəcədə ciddi və lazımi qədər təfərrüatlı təfsilatı özündə əks etdirmək məramına bağlanır.

XIX əsr aşıq yaradıcılığında xüsusi mərhələdir. Bu mərhələnin zənginliyi bir istiqamətdə Göyçənin mühit zənginliyinə bağlanır və Aşıq Ələsgərlə əlaqədar yaranan dastan-rəvayətlər onu əks etdirmək baxımından əvəzsizlik qazanır. “Aşıq Ələsgərlə Şəmkirli Aşıq Hüseynin görüşü”, “Aşıq Ələsgər və Növrəs İman”, “Aşıq Ələsgərlə Aşıq Nəsibin əhvalatı”, “Aşıq Ələsgərnən Mir Məcid ağanın görüşü”, “Aşıq Şenliklə Aşıq Ələsgərin görüşü”, “Aşıq Ələsgərlə Aşıq Hüseyn Bozalqanlının görüşü” və s. dastan-rəvayətlər dədə sənətkarın dövrünün digər ustadları ilə bağlantılarını, yaradıcı­lıq əlaqələrini, bütünlükdə mühitin hansı ab-havaya kökləndiyini aydınlaşdırmaq üçün əsaslı mənbədir.

Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlərin toplanıb bir araya gətirilməsi digər ustad sənətkarlarla əlaqəli hekayətlərin də toplanıb geniş ictimaiyyətə çatdırılmasını zəruriləşdirir.

Aşıq Ələsgərin yubileyinə layiqli töhfə olan bu zəngin toplu-tərtibdə yer alan dastan-rəvayətlərin bir qismi aşığın sağlığında baş verənlər əsasında dillər əzbəri olmuşsa, digər mühüm bir qismi sonrakı dövr aşıqların təxəyyülünün məhsuludur. Xalq bu ustadları qarşı­laşdırmaqla sənətə, sənətkara sonsuz sevgisini ifadə etmiş və onların yaşarlı­ğını bir ənənə olaraq gələcək nəsillərə ötürmək yolunu tutmuşdur. Bütün bunlar Aşıq Ələsgərin yaradıcı istedadına, zəngin poetik irsinə, məclis ədəb-ərkanına sevgidən doğmuşdur. “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” də bu sevginin nəticəsi olaraq ortaya çıxmışdır.

Simuzər ƏLİYEVA,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru

13 Oktyabr 2021 00:59 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Oktyabr 2021 | 00:44
Rəssamlıq sənətimizin korifeyi

Köhnə versiyamızdan xəbərləri izlə