Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Torpaq sahibinin əlində olanda cənnətə dönür”

 

 

Prezident İlham Əliyev Hadrutun alınmasının ildönümü günündə Qarabağa növbəti səfəri çərçivəsində həmin qəsəbədə yeni məscidin, “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoyub, Hadrut – Cəbrayıl – Şükürbəyli, Tuğ – Hadrut və Füzuli – Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub. Bütün bunlar qəlbimizi bir daha tükənməz qürur duyğuları ilə döyündürüb. Ötən ilin noyabrındakı tarixi qələbədən sonra Qarabağa hər dəfə səfəri zamanı cənab İlham Əliyev orada xalq-iqtidar birliyini əyani şəkildə nümayiş etdirib. Ucaltdığı dövlət bayraqları yurd yerlərimizdə bəxtəvərcəsinə dalğalanmağa başlayıb. Sonrakı səfərlər işğaldan azad edilmiş bütün rayonları əhatə edib. Tarixi səfərlərin xronoloji ardıcıllığı onların dinamikasını və həyata keçirilən tədbirlərin intensivliyini göstərib, Qarabağa Böyük Qayıdışın əməli addımlarla sürətlənməsinə xidmət edib.

Dövlətimizin başçısı Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib ki, şəhidlərimizin qanı və canı bahası­na, hərbçilərimizin şücaəti, qəhrəmanlığı he­sabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq və buraya qayıtdıq. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji baxımdan bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması bizə imkan verdi ki, öz hədəfimizə – Qarabağın azad edilməsinə nail olaq. Hadru­tun azad olunması gələcək planlarımız üçün yeni imkanlar açdı. Bu gün artıq Hadrutun, ümumiyyətlə Qarabağın yeni dövrü başlanır.

Görüşdən sonra camaatla birlikdə Tuğ kəndinə gedən cənab İlham Əliyev azərbaycanlıların evlərinin yandırıldığı, ya­rıuçulmuş vəziyyətdə olan bu tarixi yaşayış məntəqəsi üçün ayrıca bərpa konsepsiyasının hazırlandığını, burada təmiz su istehsalat sahələrinin, tarixi binaların hamısının kon­servasiya olunacağını, turizm obyektlərinin yaradılacağını bildirdi. Prezidentin Hadrut qəsəbəsində yerli əhali üçün inşa ediləcək məscidin təməlini qoymasının əsas rəmzi mənası odur ki, dünya bu yerlərin heç zaman ermənilərə aid olmadığını bir daha görsün. XIX əsrdə İrandan buraya köçürülən, XX əsrin sonunda Qarabağı işğal edən ermənilər köklü sakinlər sayılmırlar. Millətimizin haqdan yanan çırağı Qarabağda qələbə tonqallarına dönüncə gəlmələr canlarını götürüb buradan qaçıblar.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayon­larının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastruktur layihələrinin icrası uğurla davam edir. Bütün yollar bizi irəliyə aparır. Dövlət başçısı Tuğda gəzinti zamanı bu yerlərin çox parlaq gələcəyinin olacağını diqqətə çatdırıb: “Cənnət kimi bir yer olacaq. Görəcəklər ki, torpaq sahibinin əlində olanda cənnətə dönür”.

Kəndin qəbiristanlıq səmtini göstərən bir sakin isə söyləyib ki, görünən ağacın altında “Kitabi-Tarixi Qarabağ” əsərinin müəllifi Mir Mehdi Xəzani dəfn olunub. Həmin məzarlar da tam bərpa olunacaq. Sevindirici haldır ki, tarixi “Qarabağnamə”lər yazmış tarixçi-şair babalarımızın nəvə-nəticələri bu gün böyük ilhamla, əzmlə Qarabağın yeni dirçəliş - bərpa və quruculuq salnaməsini yaradırlar.

Xüsusi qeyd olunmalı məqamlardan biri də budur ki, dövlətimizin başçısı oktyabrın 9-da yeni “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoyub. Yarımstansiyada “ağıllı” Elekt­rik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, işığın fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq. Eyni zamanda, bu yerlərin sevgi dolu ürəklərin işığına bələnməsi də fərəh doğurur. Bu işıq bizi doğma Qarabağımızın daha nurlu sabah­larına qovuşduracaq.

Seyfəddin ƏLİYEV,

politoloq,

YAP Masallı rayon təşkilatının sədri

13 Oktyabr 2021 00:45 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə