Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəngəzurdan dünya daha aydın görünür

Ədədlərdəki anlam

1, 30, 103... Sizcə, bu ədədlər nəyi ifadə edir? Burada bir riyazi, həndəsi anlam nəzərdə tutulmayıb. Bir siyasi – ideoloji anlam daşıyır. Riyazi, həndəsi silsilədən fərqli olaraq, siyasi – ideoloji silsilə bəlli bir nizama tabe ardıcıllıq de­yil, mövcud hadisələrin xronoloji sıralan­ması yolu ilə yaradılır.

1 – havadarlarının ciddi siyasi – hərbi dəstəyi ilə bizim torpaqları uzun illər işğal altında saxlamış Ermənistan üzərində tarixi Zəfərimizin birinci ildö­nümünü, 30 – dövlət müstəqilliyimizi bərpa etməyimizin 30- cu ildönümünü, 103 – müstəqil dövlət qurmağımızın (öz milli sərhədlərimiz daxilində və ümumən Yaxın Şərqdə ilk cümhuriyyətin elanının) ildönümünü ifadə edir.

Hər üçü bizə əzizdir.

200 illik gedişat...

Bizim dövlət müstəqilliyinin bərpası haqqında qərar qəbul etməyimizlə birgə (hətta, ondan da bir qədər öncədən) bədxah “qonşular”ın ərazilərimizə qarşı açıq, gizli, siyasi, ideoloji, mətbu, silahlı... hücumları da başlamış oldu. Təbii ki, bu, yalnız Ermənistan siyasi – hərbi rəhbərliyinin işi deyildi, həm də dünya erməniliyinin, Ermənistanın üzdə və dərində olan bir xeyli havadarının ortaq qərarı idi. Elə bir qərar ki, onun hədəfi Qafqazda müstəqil Azərbaycan dövlətinin mövcudluğunu ya inkar edirdi, ya da ancaq şikəst Azərbaycan kimi qəbul edilirdi. Bu, təqribən 200 illik bir keçmişə əsaslansa da, həmin gedişatın dayandırılmasının birinci ildönümünü indi qeyd edirik. Bu mübarək gün bizə müstəqillik nemətini, zövqünü almağa imkan verir. Əziz şəhidlərimizin ruhu qarşısında dərin sayğı ilə əyilir, onla­rın ruhuna alqış söyləyirik! Ocaqları sönməsin! Onlar bisə müstəqilliyin, istiq­lalın necəliyini, həm də müqəddəs bay­rağımız dalğalanan Şuşalı Azərbaycanın necə bir qürur qaynağı olduğunu yaşat­dı, öyrətdi!

Yaralı qazilərimizə möhkəm cansağ­lığı, itkinlərimizin mümkün olan ən qısa zamanda tapılmalarını, bütün müharibə iştirakçılarımıza əmin-amanlıq, rifah diləyirəm.

Təsdiq, təsbit və nəticələri

Əlbəttə, Milli Ordu quruculuğu, mili müdafiə sənayesi qurmağımız, regional, beynəlxalq iqtisadi – siyasi münasibətlər sistemində özünəməxsus yerə, rola malik olmağımız da müstəqilliyimizin nemətləridir. Lakin neçə ki, bu nemətlər, imkanlar və quruculuq Şuşayadək gedib çıxmamışdı, natamam idi...

Vətən müharibəsindəki Zəfərlə Azərbaycan Respublikası dünyada öz layiqli yerini, nüfuzunu təsdiq və təsbit etdirmiş oldu. Şuşaya sancılan bay­rağımız ölkəmizin suverenliyi, dövlət müstəqilliyimiz və milli kimliyimizlə bağlı rəmzi hadisələrə yenidən və sistemli baxış yaratdı. Və Şuşaya aparan iradə, Şuşadan sonrakı mənzillərin yollarını da cızır: Zəngəzur, Göyçə, İrəvan...

Tarixi ədalət

44 gün ərzində işğalçıların 30 illik əsarətinin intiqamını ağır şəkildə almağımız tarixi ədalətin bərpa olun­ması deməkdir. Bu, sovetlər dövründə ortaya atılmış süni “Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikonumuzdan çıxarılmasına, o da öz növbəsində, tarixi torpaqlarımızda qurulmuş “Ermənistan Respublikası”ndakı ya­şayış məntəqələrimizin əsl adları (Azərbaycanın milli toponimləri) ilə təqdim olunması və digər məsələləri gündəmə gətirdi. Mənim kimi bir neçə qələm sahibi onsuz da erməniləşdirilmiş adlardan istifadə etməməyə diqqət göstərirdik. Lakin bunun ümumxalq səviyyəsində təzahür etməsi lazımdı və indi bunu görmək çox xoşdur.

Yeni dönəm: 2021- ci ildən geriyə baxış

Vətən müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni inki­şaf mərhələsində həmçinin dövlətçilik tariximizdə müstəsna önəmə malik tarixi günlərin mahiyyətcə, məzmunca daha dəqiq təsbit olunması zərurəti yaranıb.

Bəli, 30 il öncə tarixi hadisə baş verib: Azərbaycan Respublikası­nın Ali Soveti 30 avqust 1991-ci ildə "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə, 18 oktyabr 1991-ci ildə isə həmin Bəyannaməni rəhbər tutaraq, “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edən” Konstitusiya Aktı qəbul edib. Azərbaycan Ali Sovetinin 1991-ci ilin oktyabrındakı növbədənkənar sessiyası 4 gün müzakirələr apararaq, nəhayət, oktyabrın 18-də tarixi sənədi qəbul edib. (O vaxt həmin aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, bir qismi sessiyaya qatılmayıb, az bir qismi əleyhinə və bitərəf olaraq səs verib). “Dövlət Müstəqilliyi haqqında Konstitusi­ya Aktında oxuyuruq: “Azərbaycan Res­publikasının Ali Soveti Azərbaycan xalqı­nın ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək, 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Res­publikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək, ...Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT-nin Nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və kon­vensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və BMT tərəfindən tanın­masına ümid bəsləyərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edir”.

Milli Məclisdə 28 Mayın Müstəqillik Günü, 18 Oktyabrın isə Müstəqilliyin Bərpası Günü adlandırılması ilə bağlı Qanun qəbul edilmişdir. Əslində, bizim dövlətqurma tariximiz çox qədimlərə gedib çıxır, lakin milli hüdudlarımızın bir hissəsində də olsa, milli əsaslı dünyəvi dövlət – Cümhuriyyət qurmağımız 103 il öncə baş verib. Doğrusu, hər il avqust – oktyabr ayları gəlincə, öz-özümə deyir­dim, keçmiş müttəfiq respublikaların bir çoxu öz dövlət müstəqilliyi tarixini bizdən öncə qeyd edir, əslində, müstəqiilik uğrunda biz daha çox mübarizə apar­mış, daha çox qurban vermişik və dövlət müstəqilliyi bayramımız da onlardan öncə olmalıdır.

Uyğunluq

1918- ci ilin 28 mayında Azərbaycan Milli Şurası İstiqlaliyyət Bəyannaməsi ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Cümhuriyyətinin yarandı­ğını elan edib. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaq müstəqil Azərbaycan dövlətinin idarəetmə şəkli xalq cümhuriyyətidir.

Göründüyü kimi, əsl dövlət müstəqilliyi günümüz 28 maydır. Aydın görünür ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusi­ya Aktının məzmunu və başlığı arasın­da (texniki) uyğunsuzluğa yol verilib, bununla da Aktın adı “Müstəqilliyin bərpası aktı” əvəzinə, “Müstəqillik aktı” kimi qəbul edilib. İndiki düzəliş məhz bu uyğunsuzluğu aradan qaldıracaq.

Nə gözəl uyğunluqdur ki, düzəlişlər Azərbaycanın dövlət müstəqilliyini nə 30 il, nə də 103 il öncə ürəklə qəbul etməyən İran siyasi – hərbi rəhbərliyinin antiazərbaycan açıqlamaları fonun­da baş verəcək. İran da, başqaları da Azərbaycanda Cümhuriyyət qurulanda hələ başqa üsul-idarədəydi. Dolayısı ilə də, birbaşa da, Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı irəli atılan hər addım, tarixi ədaləti bərpa edən hər hadisə, milli birliyimizə xidmət edən hər qərar müdafiə olunmalıdır. İran dursun bir yana, adı üstündə “uğursuz dövlət” olan Ermənistan belə bizə “DQMV” mövzusunda qondarma iradlar bildirir, bu düzəlişlərlə onu da silmiş olacağıq. Ermənilərin “arqument”lərindən biri odur ki, keçmiş DQMV heç vaxt müstəqil Azərbaycan Respublikasının tərkibində olmayıb və Sovet qanunvericiliyinə “uy­ğun olaraq” 1991-ci il 2 sentyabr tarixli “referendum”la Azərbaycan SSR-nin tərkibindən ayrılmışdır. Bu “arqument” yeni düzəlişlərlə tam sıradan çıxarıl­mış olacaq. İndi buyurub, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına deyil, “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” akta istinad edə-edə dursunlar.

Müqəddəs rəmzlərimiz: bayraq, gerb, himn

Bizim Cümhuriyyət dövründə qəbul olunmuş Dövlət Bayrağı, Dövlət Gerbi və Dövlət Himnimiz çağdaş Azərbaycan dövlətinin rəmzləridir. Azərbaycanımızın dövlət suverenliyini tərənnüm edən həmin bayraq, gerb, himn Xalq Cümhuriyyətimizin əziz mirasıdır.

Sözügedən düzəlişlər əziz Cümhuriyyətimiz və çağdaş dövlətimiz arasında siyasi – hüquqi varisliyin daha qabarıq və dəqiq ifadə olunmasını təmin edəcək. Təsadüfi deyil ki, qonşu Gür­cüstanda da milli dövlətin elan olunduğu 26 may günü məhz “Müstəqillik Günü” adlandırılır; ABŞ da öz yaranma tarixini “İstiqlaliyyət Günü” olaraq bayram edir.

Zəngəzura qayıdış...

Beləliklə, 28 May tarixinin Müstəqillik Günü, 18 Oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması dövlət suverenliyimizin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş çağdaş Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu dəqiq ifadə edir. Uzunmüddətli perspektivdə isə soydaşlarımızın öz tarixi torpaqları­na, o cümlədən Zəngəzura dinc yolla qayıdışı planları üçün əsasları daha da gücləndirəcəkdir.

Əkbər QOŞALI

13 Oktyabr 2021 00:37 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə