Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan dövlətinin haqlı mövqeyi dünya ictimaiyyətinə obyektiv çatdırılır

Azərbaycanın dövlət başçısının qardaş Türkiyənin “Anadolu” Agentliyinə və Fransanın “France – 24” telekanalına verdiyi müsahibələr 2020-ci ildə baş vermiş 44 günlük müharibənin ildönümü ilə eyni vaxta düşdü. Prezidentin müharibənin başlanmasının ildönümündə, şəhidlərimizin Anım Günündə xalqa müraciəti hər iki müsahibədə əsas yer tutub. Xalqa müraciətdə 44 günlük müharibənin başlanma səbəbləri, gedişatı, tarixi zəfərimiz, postmüharibə dönəmi, normallaşma prosesi və s. barədə fikirlərini səsləndirən Prezidentimiz reallıqları dünyaya çatdırır. Xüsusilə, erməni vandallığının acı nəticələri, habelə revanş cəhdləri fonunda Azərbaycan dövlətinin mövqeyi, xəbərdarlığı bu müsahibələrdə dünya ictimaiyyətinə bəlli oldu.

Müharibə dövründə ən azı iki cəbhədə (hərbi və siyasi – diplo­matik istiqamətlərdə) mübarizəyə şəxsən rəhbərlik edən ölkə başçısı postmüharibə dövründə mötəbər tribunalardakı çıxışları və müsahibələri ilə də tarix yazdı. Biz uzun illər boyu beynəlxalq informasiya zirehi ilə üz-üzə qalmışıq – dünya erməniliyinin minbir fəndini, maneəsini gör­müşük. Ermənistana davamlı dəstək verən məlum dövlətlərdən başqa, erməni yalanlarına uyan çoxsaylı insanın, qurum – quru­luşların olması, bizim beynəlxalq informasiya savaşında ermənilərə uduzmağımızla sıx bağlı olub. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri vardı. Bu səbəb ilk növbədə, ermənilərin uzun illər davam edən bədniyyətli təşkilatlanması ilə bağlıdır.

Biz xoş münasibət sərgiləyən, möhkəm xarakterli xalqıq. Uğur­suz dövlətin bir-birini əvəz edən bədxah hərbi – siyasi rəhbərliyi, mayası bədxahlıqla yoğrulmuş dünya erməniliyi ədalət, haqq – hüquq tanımadığı və bizi hazırlıq­sız yaxaladığı üçün dəfələrlə haqlı ikən “haqsız” duruma düşmüşük. Torpağı işğal olunan, soyqırı­mına məruz qalan biz ola-ola, məsələn, ABŞ-ın Azadlığı Müdafiə Aktına 907- ci bədnam düzəliş qəbul edilmişdir. Ermənistan ABŞ-dan uzun illər milyonlarla dollar həcmində davamlı yar­dımlar alarkən, biz sanksiya ilə üzləşmişik. Ermənistanın vandal­lıqlarını, dağıdılan ibadət ocaqla­rını, qəbiristanlıqları görməyənlər, müharibə dövründə bir kilsədən bir kərpic düşüncə, bizi qınamaq yolu tutmuşdular... Bizim əsir və girov­larımıza münasibətdə (mənəvi cəhətdən) kar, kor və lal olanlar, erməni diversantlarının, terrorçula­rın azad edilməsini istəyiblər və s.

Belə misalların sayını yetərincə çoxaltmaq olar. Belə bir fonda Azərbaycan Prezidentinin nüfuzlu xarici mediaya müharibə dövründə verdiyi ardıcıl müsahibələr beynəlxalq ictimai fikrin düzgün qidalanması üçün çox təsirli oldu. Belə qalıcı təsirlərin bir zəmini də dövlətin, dövlət başçısının, Heydər Əliyev Fondunun və şəxsən Mehriban xanımın illər uzunu həyata keçirdiyi layihələr, tədbirlərlə düzgün beynəlxalq rəy yaratmaq gücünə əsaslanır. Bu işin başqa bir zəmini isə əlbəttə, bizim haqlı tərəf olmağımızdır. Prezidentin müharibənin baş­lanmasının birinci ildönümündə verdiyi müsahibələri məhz bu deyilənlər, vurğulananlar fonunda dəyərləndirmək istərdim. Məsələ ondadır ki, haqlı olmaq hələ yetərli deyil. Haqlılığını sübut və təsdiq etdirmək lazım gəlir. Bir güclünün və ya güclüyə arxalananların “haqlı” olduğunu çox gördüyümüz üçün dəqiq bilirik ki, haqlı olmaq yetərli deyil, güclü olmalıyıq. Biz artıq qalib ölkəyik, yeni reallıqlar yaratmışıq – qalibiyyəti də qəbul etdirməyə yetərli siyasi – dip­lomatik qüdrət olmalıdır. Çox şükürlər olsun, məhz bu güc-qüdrətə malik olmağımız bizim beynəlxalq səviyyədə etiraflar əldə etməyimizlə nəticələnir.

Hər ölkənin rəhbəri xarici KİV- ə müsahibə verə bilər. Bir şərtlə ki, gərək deməyə sözün, əsaslandırmağa məharətin və haqlı mövqeyin ola. Gərək mənəvi gücün hərbi gücünlə də tamam­lana. Prezident İlham Əliyevin müharibənin başlanmasının birinci ildönümündəki müsahibələrini, o cümlədən BMT- nin 76-cı sessi­yasına videomüraciətini, həmçinin Anım Günü ilə bağlı xalqa müraciətini məhz bu dərəcədə görürük, qürur duyuruq.

Prezidentin başdan-başa hadisə kimi qəbul edilən fikirlərlə zəngin olan yeni müsahibələrində 44 günlük müharibənin başlan­masının birinci ildönümündə Ermənistanın öz işğalçı siyasətindən tam əl çəkmədiyi, uğursuz revanşist cəhdlərdən əl çəkmədiyi tutarlı şəkildə vurğulan­dı. Ermənistanın üç onillik boyu Azərbaycan torpaqlarını işğal altında saxlamasına baxmayaraq, ötən il yeni savaşa başlamasının, eləcə də, bir il sonrakı revanşizm cəhdləri araşdırılmalıdır. Araşdı­rılmalıdır ki, bunun əsl səbəbləri nədir? Dövlət başçımız ötənilki xəbərdarlıqlardan yetərincə nəticə çıxarmayan Ermənistana yeni xəbərdarlıq etdi: “Azərbaycan strateji nöqteyi-nəzərdən gələcəyə barış prizmasından yanaşır. Biz məsuliyyətli ölkə olaraq, bir daha müharibənin olmasını istəmirik. Hər halda, əgər Ermənistan tərəfdə revanşist meyillər baş qaldırmasa biz müharibəyə başlamayacağıq. Əgər görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz təhdidi məhv etməliyik. Bu, bizim legitim hüququmuzdur. Ancaq bu təhdid olmasa, bizim başqa fikrimiz yoxdur”.

Prezident haqlı olaraq qeyd etdi ki, ötənilki müharibəyə gətirib çıxaran səbəblər sırasında ilk yerlərdə, mövzunun hüquqi müstəvidə həll olunmaması, ikili standartlar və beynəlxalq riyakarlıqlar durur. Heç kəsə sirr deyil ki, beynəlxalq vasitəçilər müharibənin, insan faciələrinin qarşısını ala bilərdi. Əlbəttə, bunu istəsəydilər və buna cəhd etsəydilər. Belə olmadı. ATƏT- in Minsk qrupu nəinki işğalçıya təzyiq göstərdi, tam əksinə, işğala məruz qalan tərəflə işğalçını eyni dərəcədə gördü, “problemi dondurmaq”, “reallıqla barışmaq”, “qarşılıqlı güzəşt” xətti tutdu və müharibənin qaçılmaz olması üçün hər şeyi etmiş oldu. Qar­şılıqlı güzəşt necə olur? İşğala məruz qalan tərəf işğalçı ilə bir masa ətrafında otururdusa, bu, elə güzəşt idi. İşğala məruz qalan tərəf məsələnin məhz danışıqlar yolu ilə həllinə sadiq qalırdı­sa, bu da güzəştin ən böyüyü idi. Belə danışıqlar nə az – nə çox, 30 ilə yaxın çəkdi. Bu illər ərzində, xüsusilə döyüşlər da­yanıb, atəşkəs elan edildikdən sonra Ermənistan Qarabağda söküntülərə, dağıntılara başladı, torpağın altını üstünə çevirdi, erməniləşdirmə, özgələşdirmə siyasətini praktik müstəviyə keçir­di. Güzəşt tələb edənlər, erməniyə “dur!” dedimi, sanksiya tətbiq etdimi? Əsla, yox! Bunlar azmış kimi, 2020-ci ilin iyulunda Tovuzda dövlət sərhədini pozan, avqustda Goranboya kəşfiyyat – diversiya qrupu göndərən, sentyabrda isə işğal altındakı torpaqlarımız­dan yeni hərbi təxribat törədən düşmənlə müharibədən başqa danışıq dili, üslubu qalmışdımı? Nəhayət, bir qəti əks-hücum əmri oldu və 44 gün içində işğalçıya ağır dərs verildi! Bu dərs, bizim uzun illər boyu danışıqlar ma­sasında oturmağımızın dəyərini yaxşı ifadə edir. Hər kəs görsün ki, hansı gücün sahibi olan ölkə, uzun illər məhz sülh danışıqların­da iştirak edib!

İndi beynəlxalq hüqu­qun tələblərinə uyğun olaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir. Əslində, bu, daha əvvəlki illərdə edilməli idi, edilmədi. Heç olmazsa, indi edilməlidir ki, başqa dövlətlər gələcəkdə Ermənistanın vandallıq­larını təkrarlamasın! Ermənistanın müharibə cinayətləri ortadadır: dağıdılmış şəhərlər, yer üzündən silinmiş maddi-mədəniyyət abidələri, kütləvi qətllər, qanunsuz mənimsəmələr və s.

Bölgənin, Qafqazın sürətli inkişafı üçün daya­naqlı sülh əsas şərtdir. Sül­hün təmini üçün, ilk növbədə, Ermənistan– Azərbaycan, bu­nunla birgə Ermənistan–Türkiyə münasibətlərinin normallaşması qaçılmaz gerçəklikdir. Qardaş Türkiyənin təklif etdiyi 3+3 plat­forması sülh təminatı, bölgənin rifahı üçün alternativlərin ən yaxşısıdır. Ermənistan buna razılıq verməməklə öz gələcəyini baltala­yır. Azərbaycan, Rusiya, İran belə bir platformanı dəstəklədiyi halda, cırtdan Ermənistanın “dirəniş”i çox məzmunsuz, məntiqsiz görünür.

“Status - kvo” ilə bağlı illər uzunu manipulyasiyalar etmiş və yenidən dirilmək istəyən Minsk qrupu, zəhmət çəksin, vasitəçilik missiyasına uyğun gəlməyən hərəkətlərdən, arayışlardan qəti əl götürsün! Bu, özünü ədalətli yanaşmada göstərə bilər. Azərbaycan Prezidenti demişkən, indiki dövrdə Azərbaycan ictimaiyyəti Minsk qrupunun fəaliyyətini görmür. Adətən, onlar danışıqlar prosesi dövründə gəlirdilər, təkliflər verirdilər, prezidentlər səviyyəsində keçirilən görüşlərin gündəliyini təsbit edirdilər, bizə təkliflər edirdilər ki, hansı məsələlər müzakirə oluna bilər. Hər iki tərəf də razılaşma əsasında bu məsələləri müzakirə edirdi. İndi isə müharibənin bitməsindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onlardan hər hansı bir təklif yoxdur.

Qənirə PAŞAYEVA,

 Milli Məclisin Mədəniyyət komitəsinin sədri

 

13 Oktyabr 2021 00:34 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə