Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu və səmərəli sədrliyi yüksək dəyərləndirilir

Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda videoformatda çıxış edərkən bildirib ki, təşkilat beynəlxalq arenada qlobal sülh, ədalət və həmrəylik işinə böyük töhfələr verir.

Dövlət başçısının sözlərinə görə, suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktla­rından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda dünya­da müharibələr və münaqişələr də olmazdı. Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəlib. Qısa müddət ərzində Azərbaycan hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazanaraq, 2019–2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçilib.

Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan Prezidenti bəyan edib ki, ölkəmiz fəaliyyətini Bandunq prinsipləri əsasında qura­caq, ədaləti və beynəlxalq hüququn normalarını qətiyyətlə müdafiə edəcək.

Təəssüflər olsun ki, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşma mövcuddur və bu, dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Prezident deyib ki, Azərbaycan da son 30 il ərzində belə selektiv yanaşmaya məruz qalıb. Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayıb. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib. 1992-ci ilin fevralında Xocalı soyqırımını törədərək yüzlərlə mülki şəxsi, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirib. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkü­nün doğma evlərinə qayıtmaq hüququ da daxil olmaqla, əsas insan hüquqlarını pozub.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və Ermənistan qoşun­larının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə 30 ilə qədər icra olunmayıb. Amma Ermənistana qarşı sanksiyalar tətbiq edilməyib. Bundan ruhlanan Ermənistan işğalı daha möhkəmləndirməyə, hərbi cinayətlərini davam etdirməyə, qanunsuz məskunlaşdırma və təbii sərvətlərimizin qeyri-qanuni istismarını həyata keçirməyə, Azərbaycan xalqının mədəni və dini irsini məhv etməyə çalışıb.

Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törədib və buna cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayaraq işğal altındakı torpaqlarımızı azad edib.

Prezident qeyd edib ki, Qoşulmama Hərəkatına üzv dövlətlər daim Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib. Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə istinad edilmədiyi birtərəfli mətbuat açıqlaması­nın qəbuluna imkan verməyiblər.

Bundan əlavə, bu il hərəkata üzv dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il – 2023-cü ilin sonuna qədər uza­dılması barədə qərar qəbul ediblər. Biz bunu Azərbaycanın hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin əlaməti kimi yüksək dəyərləndiririk.

Füzuli HACIYEV,

tarix elmləri üzrə fəlsəfə doktoru

13 Oktyabr 2021 00:24 - SİYASƏT
SİYASƏT
27 Oktyabr 2021 | 17:56
Ərdoğan Makronla görüşəcək

Köhnə versiyamızdan xəbərləri izlə