Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstedadlı şərqşünas alim, bacarıqlı elm təşkilatçısı

Azərbaycanın elmi-mədəni ictimaiyyəti hər il dünya şöhrətli şərqşünas alim Aida İmanquliyevanın doğum günü olan oktyabrın 10-da bu unudulmaz ziyalının parlaq şəxsiyyətini, zəngin elmi və geniş ictimai fəaliyyətini ölkə miqyasında sevgi-sayğılarla yad edir. İstedadlı şərqşünas və bacarıqlı elm təşkilatçısı kimi xatirəsini əziz tutduğumuz, elmi irsindən daim faydalandığımız Aida xanımın mənalı ömür yolu, Vətən qarşısında xidmətləri çağdaş nəsillər üçün parlaq örnək olduğundan biz bu nurlu insan, onun həmişəyaşar yaradıcılığı barədə hər yerdə və həmişə öyünclə, xoş duyğularla söhbət açırıq.

Aida İmanquliyeva 1939-cu il oktyab­rın 10-da Bakı şəhərində görkəmli jurna­list və ictimai xadim Nəsir İmanquliyevin ailəsində anadan olmuşdur. O, paytaxtın şöhrətli təhsil ocağı olan 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil almışdır. Aida xanım 1966-cı ildə SSRİ Elmlər Aka­demiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasını ərəb filologiyası üzrə bi­tirmiş, namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir.

Perspektivli şərqşünas kimi doğma Bakıya qayıdan Aida İmanquliyeva 1966–1976-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyası Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik və baş elmi işçi, 1976–1988-ci illərdə ərəb filolo­giyası şöbəsinin müdiri, 1988-1991-ci illərdə elmi işlər üzrə direktor müavini və 1991-ci ildən ömrünün sonunadək direktor vəzifəsində çalışmışdır. Aida xa­nım direktor olduğu dövrdə mən həmin institutun elmi işlər üzrə direktor müavini kimi onun rəhbərliyi altında fəaliyyət göstərmişəm. Görkəmli şərqşünas və bacarıqlı elm təşkilatçısı Aida İmanqu­liyeva haqqında elmi-ictimai səciyyəli təəssüratımı, unudulmaz duyğu və düşüncələrimi “Xalq qəzeti”nin oxucuları ilə bölüşmək istəyirəm.

Aida İmanquliyevanın təhsil aldığı və elmi fəaliyyətə başladığı illər Azərbaycan şərqşünaslıq elminin sürətli inkişaf dövrünə təsadüf edirdi. Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirən gənc Aida özü üçün şərəfli, həm də olduqca çətin elmi axtarışlar yolunu seç­mişdi. O, 1966-cı ildə – 28 yaşında SSRİ EA Şərqşünaslıq İnstitutunda “Qələmlər cəmiyyəti” və Mixail Nuaymənin onun yaradılmasında rolu” adlı aktual bir mövzuda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdi. 1966-cı ildə filologiya elmləri namizədi Aida İmanquli­yeva Bakıya dönərək Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu kimi tanınmış bir elm ocağında ömrünü bu sahənin inkişafına həsr etmişdi.

Özünün nadir istedadı, əməksevərliyi ilə seçilən və tezliklə hamının sevimlisinə çevrilən Aida xanım elmin çətin yolları ilə Azərbaycan şərqşünaslığının zirvəsinə doğru irəliləmişdi. Kiçik elmi işçi kimi axtarışlara başlayan Aida xanım 1972-ci ildən institutda ərəb ədəbiyyatı qrupunun rəhbəri, 1976-cı ildən isə yenicə yara­dılan ərəb filologiyası şöbəsinin müdiri olmuşdu. Elmi vəzifə və rütbələrinin pillə-pillə sürətlə yüksəlməsi onun gərgin əməyinin, gecə-gündüz apardığı elmi axtarışların bəhrəsi olmuşdu. 1975-ci ildə ərəbşünas alimin dünyanın elm xəzinəsinə daxil olan iki monoqrafiyası nəşr edilmişdi.

Gənc şərqşünasın “Qələmlər cəmiyyəti” və Mixail Nuaymə” adlı birinci monoqrafiyası namizədlik disser­tasiyası əsasında hazırlanmış, SSRİ EA Şərqşünaslıq İnstitutu tərəfindən çapa tövsiyə olunmuşdu. Monoq­rafiya Moskvada “Şərq ədəbiyyatı” nəşriyyatında çap edilmişdi. Kitabı yüksək dəyərləndirən moskvalı alim İ.E.Bilık yazırdı: “Aida xanımın kitabı müasir ərəb ədəbiyyatına güclü təsir göstərən mühacirətdə yaşayan ərəblərin ədəbiyyatı kimi mühüm və maraqlı hadisəyə həsr olunmuşdur. Bu əsər sovet ərəbşünaslığında A.E.Krımski və İ.Y.Kraçkovskidən sonra, əslində, ilk ciddi işdir”.

“Cubran Xəlil Cubran” monoqra­fiyası isə Bakıda 1975-ci ildə “Elm” nəşriyyatında çap edilmiş və ərəbşünas alimlər tərəfindən böyük rəğbətlə qarşı­lanmışdı. Yorulmaq bilmədən elmi ax­tarışlar aparan, şərqşünaslıq elmini var gücü ilə inkişaf etdirməyə çalışan Aida xanım dünyanın müxtəlif elmi jurnalların­da 70-dən çox sanballı məqalə çap etdir­mişdir. Soydaşımız doğma Azərbaycanı Moskva,Kiyev, Poltava, Sankt-Peterburq, Hamburq, Halle və digər şəhərlərdə keçirilən elmi forumlarda layiqincə təmsil etmişdir. Məhsuldar və təşəbbüskar fəaliyyəti ilə o, dünya şərqşünaslıq elmində özünə layiqli mövqe qazanmış, Azərbaycan şərqşünaslığının qadın ulduzuna çevrilmişdir.

Aida İmanquliyeva uzun illər apar­dığı elmi axtarışların məntiqi nəticəsi olaraq 1989-cu ildə Tbilisidə filologiya elmləri doktoru alimlik dərəcəsi al­maq üçün təqdim etdiyi dissertasiyanı böyük müvəffəqiyyətlə müdafiə etmişdi. Həmin dissertasiya əsasında hazırlan­mış “Yeni ərəb ədəbiyyatı korifeyləri” adlı monoqrafiyanın 1991-ci ildə “Elm” nəşriyyatında çap olunması Azərbaycan şərqşünaslığında əlamətdar hadisə kimi qarşılanmışdı. Kitab yaxın və uzaq ölkələrin şərqşünasları arasında böyük əks-səda doğurmuşdu. Onun haqqında çoxlu məqalələr və müsbət rəylər çap olunmuşdu. Bu tədqiqatların böyük elmi əhəmiyyəti və orijinallığı həmişə xüsusi qeyd edilir.

Milli şərqşünaslığımızda görkəmli tədqiqatçı olan Aida İmanquliyeva,eyni zamanda, yüksək elmi-təşkilatçılıq qabiliyyəti ilə də seçilirdi. Bu məharət ərəb filologiyası şöbəsində müdir olduğu dövrdə özünü daha qabarıq şəkildə göstərirdi. Bütün bunların nəticəsi olaraq Aida xanım 1988-ci ildə coşğun və zəngin həyatının 35 ilini sərf etdiyi doğma Şərqşünaslıq İnstitutuna elmi işlər üzrə direktor müavini, 1991-ci ildə isə direktor təyin edildi. Bu, Aida xanımın nadir istedadının və sanballı əməyinin bəhrəsi olmaqla yanaşı, həm də uzun illər doğma institutun onu narahat edən problemlərini həll etmək üçün yeni im­kanlar qazanması demək idi.

Aida xanım milli şərqşünaslıq elminə rəhbərlik etməyin ağırlığını və böyük məsuliyyətini bütün varlığı ilə dərk edirdi. Qarşıda məsuliyyətli və gərgin işlər dururdu. Adlı-sanlı bu elm məbədinin zəngin ənənələrini yaşatmaq və daha da inkişaf etdirmək lazım idi. İnstitu­tun yeni strukturu hazırlanmalı, elmi problemlər yenidən nəzərdən keçirilməli və genişləndirilməli idi. SSRİ-nin süqutu dövründə siyasiləşməyə başlamış bəzi əməkdaşlar elmə cəlb edilməli, attesta­siya aparılmalı, kadr hazırlığına diqqət artırılmalı idi. İnstitut əməkdaşlarının so­sial vəziyyətinin yaxşılaşdırılması barədə yuxarı təşkilatlar qarşısında məsələ qaldırılmalı, “beyin axını” kimi təhlükəli təmayülün qarşısı alınmalı idi və s.

Belə bir məsul və mürəkkəb şəraitdə Aida xanım mənə Şərqşünaslıq İns­titutunun elmi işlər üzrə direktor mü­avini vəzifəsini təklif etdi. O, bir elm təşkilatçısı kimi institut qarşısında duran vacib vəzifələrdən də ətraflı söhbət açdı. Bu zaman mən onun necə böyük insan olduğunu, hansı nəcib amallarla yaşadı­ğını bütün dərinliyi ilə hiss etdim.

Tale elə gətirdi ki, Aida xanımın direktor vəzifəsində işə başlaması Azərbaycanın müstəqillik qazanma­sı ilə eyni vaxta düşdü. Uzun illər Azərbaycanın müstəqilliyini arzulayan və bu yolda əlindən gələn hər köməyi göstərən bir insan kimi onun sevincinin həddi-hüdudu yox idi. Aida xanımın böyük ziyalı qəlbində möhtəşəm planlar yaranmağa başladı. İnstitutun fəaliyyətini genişləndirmək, onun problematikasını doğma Azərbaycanın mənafeyinə doğru istiqamətləndirmək, elmi yaradıcılıqda ideoloji məhdudiyyəti aradan qaldırmaq, layiqli hamilər tapıb institutun maddi-tex­niki bazasını möhkəmləndirmək, kollek­tivin mətbuat orqanını yaratmaq (onun arzusu “Şərq və Qərb” elmi-publisistik jurnalını təsis etmək idi), xarici əlaqələri genişləndirmək, bizim alimlərin xaricdə, əcnəbi alimlərin isə ölkəmizdə təcrübə keçməsini təşkil etmək və s.

Bu problemlərin həll edilməsi üçün onun, necə deyərlər, döymədiyi qapı qalmadı. Çox vaxt “daş qəlblilər” onu biganəliklə qarşılasa da, Aida xanım öz əzmkarlığından dönmür, fəallığını daha da artırırdı. Yadımdadır, institutun elmi işlərinin çapa hazırlanması üçün kompüterlər almaq qərarına gəlmişdik. 1988-1989-cu illərdə bu, Azərbaycan üçün əlçatmaz bir iş idi. İnstitut büdcəsində də bunun üçün vəsait nəzərdə tutulmamışdı. Buna baxmaya­raq, bizə lazım olan kompüterləri Aida xanım Azərbaycan EA Fizika İnstitutun­da işləyən həyat yoldaşı Arif Paşayevin şəxsi kanalları ilə əldə etdi. Tezliklə həmin kompüterləri istifadəyə verdik. Bu, ictimai elmlər sahəsində ilk belə addım oldu və çap işlərinin sürətləndirilməsinə xeyli təkan verdi.

Aida xanımın rəhbərliyi dövründə Şərqşünaslıq İnstitutunun xariclə əlaqələrində canlanma yarandı. İran və Türkiyənin səfirlikləri ilə elmi əlaqələr genişləndirildi. İnstitutun nəşriyyat baza­sının yaradılması haqqında danışıqlar aparılırdı.

1989-cu ildə SSRİ Xarici İşlər Nazirliyi Moskva şəhərində Asiya, Afrika və Latın Amerikası ölkələrinin problemlərinə həsr olunmuş konfrans keçirirdi. Müxtəlif ölkələrin siyasi və dövlət xadimlərinin iştirak etdiyi həmin konfransda Azərbaycan nümayəndə heyətinin tərkibinə Aida xanımla mən də daxil edilmişdik. Konfransın proqramın­da, əsasən, siyasi və dövlət xadimlərinin çıxışları planlaşdırılmışdı. Buna baxma­yaraq, o, məclisdə söz almağa müvəffəq oldu. Aida xanım diskussiyalarda tez-tez çıxışlar edir, Şərq və Qərbin mənəvi dəyərlərinin vəhdəti, inkişaf etməkdə olan ölkələrin aktual problemləri haqqın­da bir diplomat kimi məharətlə danışır, müzakirələrdə fəal iştirak edirdi.

O günlərin ən ağrılı məsələsi olan Dağlıq Qarabağ problemi, ermənilərin həyasızlıqları haqqında da Aida xanım yüksək tribunalardan çıxışlar edir, öz sö­zünü deyirdi. Bundan əlavə, o, görüş və söhbətlərdə bu problem barədə müxtəlif ölkələrin nümayəndələrinə məlumatlar verir, məsələnin əsl mahiyyətini onla­ra çatdırırdı. O zaman Zori Balayanın həyasız çıxışlarına cavab vermək üçün Aida xanım erməni nümayəndələri, o cümlədən Zori Balayanı dəvət edib diskussiya təşkil olunmasını təkidlə tələb etdi. O, elmi ictimaiyyət qarşısında hər şeyi bədnam erməni ideoloqunun gözü­nün içinə deməyə hazırlaşmışdı. Lakin Zori Balayan belə açıq söhbətlərdən, diskussiyalardan hər vasitə ilə qaçırdı.

Azərbaycan–Ermənistan münaqişəsi, Sumqayıtda və Bakıda baş verən qanlı hadisələr Aida xanımın zərif və narahat qəlbinin dərinliklərinə sirayət edir, bu problemin faciəli dramatizmini bütün ağrıları ilə yaşayırdı. Dəfələrlə bu barədə kollektiv qarşısında ürək yanğısı ilə çıxışlar edir, SSRİ və Azərbaycan rəhbərliyinə institut kollektivi adın­dan etiraz müraciətləri göndərirdi. Bir vətənpərvər alim kimi onu dünya informasiya kanallarının Qarabağ hadisələrində qaraya ağ, ağa qara deməsi, təcavüzkarı qurban cildində qələmə verməsi çox narahat edirdi.

Aida xanım dünya ictimaiyyətinə əsl həqiqətin çatdırılmasının tərəfdarı idi. Bununla əlaqədar onun tapşırı­ğı ilə institutda “Erməni terrorizmi və cinayətləri: Azərbaycanda, Türkiyədə və dünyada. Hadisə və faktların xro­nikası” adlı kitab üzərində gərgin iş gedirdi. Yüz il ərzində qəzet və arxiv materialları əsasında erməni terrorizmi və cinayətləri haqqında bütün dünyada faktlar toplanmağa başlandı. Dünyada və Türkiyədə bu hadisələr haqqında türk və ingilis dillərində kifayət qədər kitablar yazılmışdı. Azərbaycandakı hadisələr haqqında isə bu, ilk addım idi. Kitab əvvəlcə ərəb dilində çap olundu və onun bir hissəsini Nazirlər Sovetinin sədri Həsən Həsənova təqdim etdik. O da bu nəşri rəsmi kanallarla bütün ərəb ölkələrində yaydı. O vaxt beynəlxalq təşkilatlardan yalnız İslam Konfransı Təşkilatı Ermənistanı təcavüzkar ölkə kimi tanımışdı. Bu tarixi qərarın qəbul edilməsində, heç şübhəsiz, düzgün informasiyanın, o cümlədən bizim kitabın da rolu az olmamışdı.

Bu yerdə M.F.Axundzadənin bir ifadəsi yada düşür: “Yüksək əxlaqlı, xeyirxah insan yalnız o adam hesab edilə bilər ki, o, özünün bütün hərəkət və davranışlarını əsl vətənpərvərliklə uyğunlaşdırsın”. Bu sözlər, elə bil ki, Aida xanım haqqında deyilmişdir. Şərq və Qərb dəyərlərinin qovuşmasının canlı təcəssümü olan Aida xanımın elmi yaradıcılığının əsasını bu iki qütbün mədəni ənənələrinin sintezi, yaradıcı üs­lubun inkişafı və yeni bədii cərəyanların təşəkkülünün araşdırılması təşkil edirdi. Qərb və Şərq mənəvi dəyərlərinin mahir bilicisi və tədqiqatçısı kimi Aida xanım bu nadir inciləri öz varlığında birləşdirən canlı daşıyıcı idi.

Elə bil ki, Tanrı onu üçrəngli Azərbaycan bayrağının simvolu kimi yaratmışdı. O, fəaliyyətində, davranı­şında, həyat tərzində bu müqəddəs elementlərə üzvi şəkildə bağlı idi. Sovet rejiminin məhdudiyyətlərinə baxmaya­raq, o, həmin dəyərlərin ən yüksəyini, ən yaxşılarını özündə birləşdirmişdi. Aida İmanquliyeva hər bir Azərbaycan xanımı üçün örnək ola biləcək şəxsiyyət idi. Şərq – Qərb problemləri onun yaradıcılı­ğının əsas istiqamətini təşkil etdiyi kimi, həyat fəaliyyətinin də ana xətti idi.

Aida xanım direktor kimi Şərqşünaslıq İnstitutunun elmi-tədqiqat planlarında dəqiqləşdirmələr aparır, önəmli problemlərə daha ciddi fikir verirdi. O, institutda bu sahədə dis­kussiyalar təşkil edir, kənardan baca­rıqlı mütəxəssislər çağırırdı. Yuxarıda qeyd etdiyim kimi, Aida İmanquliyeva AMEA Şərqşünaslıq İnstitutunun xüsusi elmi-publisistik “Şərq və Qərb” jurnalını təsis etmək arzusu ilə yaşayırdı. Qar­şıya qoyduğu ülvi məqsədlərə çatmaq üçün bütün imkanlardan, o cümlədən müstəqillik əldə edilməsi və siyasi quruluşun dəyişməsi ilə yaranan yeni şəraitdən maksimum istifadə etməyə cəhd göstərirdi.

Məlum olduğu kimi, o dövrdə bürok­ratik dövlət əngəlləri yüksək səviyyədə idi və ciddi maliyyə çatışmazlıqları vardı. Planlaşdırdığı işlərin dövlət xətti ilə tam həcmdə və sürətlə həyata keçməsinin mümkün olmadığını görən Aida xanım o zamanlar təhsildə və digər sahələrdə yeni-yeni yaranan özəl təşəbbüslərə də böyük əhəmiyyət verirdi. Bununla özünün düşüncə tərzinin məhsulu olan önəmli layihələrin gerçəkləşməsinə çalışırdı.

Aida xanımda ağıl, istedad, müdrik­lik, qürur, təvazökarlıq, səmimiyyət, ana məhəbbəti, həyat eşqi, gözəllik – hamısı vəhdət təşkil edirdi. Bu, yalnız zahiri deyil, daxili zənginliyin, mənəvi gözəlliyin əsl nümunəsi idi. Ailəsi haqqında da­nışmağı xoşlamayan Aida xanım qızları və xüsusən, nəvələri haqqında böyük ana məhəbbəti ilə, ürək dolusu söz açardı. Onların şəkilləri həmişə otur­duğu masanın üstündə olardı. Bir dəfə nəvələrini göstərərək fəxrlə dedi: Bizə qohum-qonşular “yeddi gözəl” deyirlər (iki qızı – Nərgiz və Mehriban, dörd qız nəvəsi – Aida, Ülviyyə, Leyla, Arzu və bir də Aida xanımın özü ). Yerində deyilmiş bu ifadəyə yalnız bir şeyi əlavə etmək olardı: Yeddi gözəlin ilham pərisi sinəsi ana məhəbbəti ilə coşub-daşan şahanə Aida xanım idi.

Sakit təbiətli Aida xanım işdə həmsöhbətlərini diqqətlə dinləyər, onların sevinc və kədərlərini bölüşər, həmkarlarının qayğısına qalmağa ça­lışardı. Tərəzi bürcündə dünyaya göz aç­mış Aida xanımın həyat kredosu ədalət idi. Platonun bir məşhur ifadəsi var: “Ədaləti anlamaq, gözəlliyi duymaq, yax­şını arzu etmək – şüurlu həyatın mənası budur”. Aida xanımın amalı hər şeyi ədalətlə həll etmək, insanlara daha çox yaxşılıq etmək idi. Şərqşünaslıq İnstitutu kimi yüksək səviyyəli və mürəkkəb bir kollektivdə hər şeyi ədalətlə həll etmək asan iş deyildi.

Belə xoşbəxtlik yalnız Aida xanıma müyəssər olmuşdu. Çünki o, böyük iste­dad sahibi olan bir insan idi. Balzak de­diyi kimi: “Əsl istedadda hər şey sadədir, açıqdır, safdır və hər cür şübhədən uzaqdır”.

Bu gün Aida xanımın qızlarından biri – Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-preziden­tidir və ölkəmizin qadın mentalitetini bütün dünyada ən yüksək səviyyədə təmsil edir. Onun bütün dünyada həyata keçirdiyi saysız-hesabsız xeyriyyəçilik tədbirləri ölkəmizin imicini yüksəklərə qaldırmışdır. O, UNESCO və İSESCO kimi beynəlxalq təşkilatların xoşməramlı səfiri missiyasını da yüksək səviyyədə yerinə yetirir.

Bütün varlığı ilə xeyirxahlıq və gözəllik timsalı olan Aida İmanquliyeva­nın yarımçıq qalmış, bitib-tükənməyən arzularını həyatda övladları və nəvələri, elmdə isə onun şərqşünaslıq məktəbinin yetirmələri yüksək səviyyədə davam etdirirlər. Aida xanımın unudulmaz xatirəsi onu tanıyanların qəlbində səmimi duyğularla və dərin ehtiramla həmişə yaşayacaq.

Dünyamalı VƏLİYEV,

AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri, iqtisad üzrə elmlər doktoru

10 Oktyabr 2021 00:10 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə