Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Senatı borc həddinin artırılması barədə qanunu qəbul edib

ABŞ Senatı xarici borc limitinin üst həddinin 2021-ci il dekabrın əvvəlinə qədər 480 milyard ABŞ dolları həcmində artırılması barədə qanunu qəbul edib. Bu, o deməkdir ki, bu il dekabrın 3-nə qədər dövlət xərclərinin maliyyələşdirilməsində problem ya­ranmayacaq. Bu barədə “Amerikanın səsi” radiosu məlumat yayıb.

Qeyd edək ki, qanun Nümayəndələr Palatası tərəfindən təsdiqləndikdən sonra imzalanması üçün ABŞ Prezidenti Co Baydenə təqdim ediləcək. Lakin iş qrafikinə əsasən, aşağı palata yalnız ayın ikinci yarısında işə başlayacaq. Eyni zamanda, Nümayəndələr Palatasının sədri Nensi Pelosi səsvermədən əvvəl bəyan edib ki, konqresmenlər gələn həftə Vaşinqtona qayıda bilərlər. Xatırladaq ki, sənəd təsdiqləndikdən sonra ABŞ-ın xarici borcu təxminən 28,9 trilyon dollara qədər artacaq.

Yeri gəlmişkən, ABŞ-ın maliyyə naziri Canet Yellen bildirmişdi ki, bu məbləğ 3 dekabra qədər dövlət xərclərinin maliyyələşdirməsi üçün lazımdır.

Qeyd edək ki, xarici borc limitinin üst həddini artırmaqla, büdcəyə əlavə vəsaitlər ayrılır. Lakin bu proses baş verməzsə, onda dövlətin öhdəlikləri üzrə ödənişlər üçün Maliyyə Nazirliyinin heç bir qanuni əsası olmur və ödənişlər dondurulur. Nəticədə, nazirliyin və ya xəzinənin pulları bitmiş hesab olunur. Çünki onları xərcləmək üçün qanuni əsas olmur və xərclənmə istiqamətləri, həcmləri müəyyən edilmədiyinə görə faktiki olaraq büdcə böhranı yaranır.

ABŞ-dan daxil olan digər xəbərdə deyilir ki, Vaşinqton Pxenyana müzakirələr üçün konkret təkliflər göndərib və müsbət cavab gözləyir.

Bu barədə Dövlət Departamentinin mətbuat katibi Ned Prays keçirdiyi brifinqdə məlumat verib.

“Biz istənilən vaxt və istənilən yerdə heç bir şərt olmadan KXDR nümayəndələri ilə görüşməyə hazırıq. Onlara göndərilən məktublarda müzakirələr üçün konkret təkliflər vermişik. Ümid edirik ki, müsbət cavab verəcəklər", – deyə Prays bildirib.

M.HACIXANLI, “Xalq qəzeti”

9 Oktyabr 2021 03:37 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Noyabr 2021 | 11:12
Yeni ştamm aşkarlanıb
26 Noyabr 2021 | 11:12
Məcburi vaksinasiya

Köhnə versiyamızdan xəbərləri izlə