Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş Respublika Gənclər Konfransı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc Alimlər Şurasının təşkilatçılığı ilə Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş Respublika Gənclər Konfransı keçirilib. Konfransda 50-yə yaxın tədqiqatçı alim, Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin tələbələri  çıxış edib.

Plenar iclası  giriş sözü  ilə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov açaraq “Nizami irsinin nəşri, tədqiqi və tərcüməsinin müasir problemləri” mövzusunda məruzə etdi. Natiq bildirdi ki, bu konfrans  əlamətdar bir dövrə–Nizami ilinə təsadüf edir. Eyni zamanda Zəfər ilimiz də Nizaminin adı ilə başlandı və davam edir. Konfrans iştirakçılarına uğurlar arzulayan R.Hüseynov gənc alimlərə araşdırmalarını müasir tələblər çərçivəsində gerçəkləşdirməyi tövsiyə etdi.

Natiq blidirdi ki, nizamişünaslığın artıq xeyli yaşı var.  XVII yüzildə Fransada, Almaniyada, İngiltərədə Nizami ilə bağlı ilk tərcümələr, araşdırmalar yaranır. Orta əsrlər Şərqini götürsək Məhəmməd Oufinin “Lubabu-l-əlbab”ından tutmuş XX yüzilə kimi Məhəmmədəli Tərbiyyətin “Danişməndani-Azərbaycan”ınacan yaranmış 800-ə yaxın təzkirənin əksəriyyətində Nizami ilə bağlı bilgilər var.  Bu bilgilərin bir çoxu iformativ xarakter daşısa da, onların içərisində Nizaminin şəxsiyyətinə, yaradıcılığına, ayrı-ayrı əsərlərinə qiymətverici nöqteyi-nəzərdən yanaşmaq təşəbbüsləri də var. Orta əsrin ənənəvi təhlil və yanaşma üsullarını düşünəcək olsaq, həmin əsərlər müəyyən mənada ədəbiyyatşünaslıq nümunələri, fraqmentləri kimi dəyərləndirilə bilər. Yəni Nizamişünaslığın yaşı çoxdur. Lakin bu sahədə görülməli işlər daha çoxdur. Çünki bu gün Nizami irsini toplamaq, əldə etmək daha asandır. Dünyanın hər yerində olan əlyazmaları əldə edə bilərik.

Nizami Gəncəvinin elmi tənqidi mətninin hazırlanmasına ciddi ehtiyac var. Düzdür, Nizaminin “Xəmsə”sinin ötən əsrin 40-50-ci illərində akademik Yevgeni Eduardoviç Bertelsin rəhbərliyi ilə hazırlanmış dörd əsərinin elmi tənqidi mətni var. Sonuncu olaraq “Yeddi gözəl”in elmi-tənqidi mətni ötən əsrin 80-ci illərində hazırlanıb və 90-cı illərdə işıq üzü gördü..

Akademik vurğulayıb ki, bu gün “Xəmsə” sarıdan böyük problemlər yoxdur. Lakin əldə olunan yeni mətnlər əsasında dəqiqləşdirmələr aparmağa ehtiyac var. Ən çox ciddi narahatlıq doğuran isə Nizaminin “Divanı”dır. Nizami “Divanı”nı vaxtilə Səid Nəfisi və Vahid Dəstgirdi çapa hazırlamışdılar. Həmin vaxtdan xeyli keçdiyindən elmi tənqidi mətnin yenidən hazırlanmasına təşəbbüslər olmayıb. Bundan başqa həmin əsərlərin filoloji və bədii tərcümələri də hazırlanmalıdır.

Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov konfrans iştirakçılarına uğurlar arzuladı, indiyədək böyük yazıçının seçilmiş əsərlərinin on iki cilddə çap olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, yazıçının çap olunan əsərlər bir çox kitabxanalara verilib, oxucuların istifadəsi üçün şərait yaradılıb. Əzizə Cəfərzadənin ev arxivi elektronlaşdırılıb, tədqiqatçılar, maraqlananlar üçün açıqdır və istənilən vaxt bura müraciət edib kitablardan istifadə etmək, həm də elektron nüsxələri əldə etmək mümkündür.

Filologiyaüzrə fəlsəfə doktoru, dosent Xəyalə Mürsəliyevanın “Aləmdə səsim var  mənim” əsərində ləqəbçilik ənənəsi, Ayna Babazadənin Əzizə Cəfərzadənin “Qobustan çökəklikləri” əsərində qaçaq hərəkatı və ona qarşı mübarizənin təsviri, Elnurə Hüseynovanın Səməd Vurğunun əsərlərində fitonimlərin işlənmə məqamları, Fatimə Süleymanovanın “Xəmsə” poemalarına həsr olunmuş süjetli xalçaların ideya və kompozisiya baxımından təsnifatı” adlı məruzələri dinlənildi.

Sonra konfrans iki seksiyada Əzizə Cəfərzadənin anadan olmasının 100 illiyinə həsr olunan ədəbiyyatşünaslıq və Səməd Vurğunun anadan olmasının 115 illiyinə həsr olunan dilçilik, Lətif Kərimovun anadan olmasının 115 illiyinə həsr olunan mədəniyyətşünaslıq və  Xan Şuşinskinin anadan olmasının 120 illiyinə həsr olunan incəsənət bölmələrində işini davam etdirib.

Qabil Yusifoğlu,

“Xalq qəzeti”

8 Oktyabr 2021 15:57 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə