Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə və beynəlxalq standartlara uyğun olaraq, hazırlıq səviyyəsi və mənəvi keyfiyyətləri ilə seçilən gənclərin cəmiyyətdə layiqli yer tutması məqsədilə gənc mütəxəssislərin tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında prokurorluqda qulluğa qəbulu istiqamətində görülən tədbirlər davam etdirilir.

"Xalq qəzeti" xəbər verir ki, Baş Prokurorluq tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə oktyabrın 8-də Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq elan edilmiş sayca 23-cü müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilir.

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən elan edilmiş xüsusi karantin rejimi qaydalarına uyğun olaraq imtahan saat 10:00-dan və 15:00-dan başlayaraq üç saat ərzində kompüterlər vasitəsilə elektron qaydada Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında keçirilir. Qeyri-hökumət təşkilatlarının nümayəndələri imtahan prosesini müşahidə edirlər.

Müsabiqə ilə bağlı müraciəti qeydə alınmış namizədlərdən 70 və daha artıq bal toplamış şəxslər müsabiqənin növbəti mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanacaqlar.

Nəticələr Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) və Baş Prokurorluğun (www.prokurorluq.gov.azwww.genprosecutor.gov.az) internet saytlarında yerləşdiriləcək.

İmtahanda uğurlu nəticə əldə etmiş namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə kütləvi informasiya vasitələrində və Baş Prokurorluğun internet saytında əlavə məlumat veriləcək.

8 Oktyabr 2021 11:09 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə