Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pakistan səfiri Bilal Hayeenin "Xalq qəzeti"nə müsahibəsi - EKSKLÜZİV

“Xalq qəzeti”nin növbəti müsahibi Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeedir.

 

Bilal Hayee 29 dekabr 1970-ci ildə Pakistanın Sialkot şəhərində anadan olub.

Pəncab Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini və Avstraliyanın Monaş Universitetində Beynəlxalq və Müqayisəli Hüquq üzrə magistraturanı bitirib. Fransanın Viçi əyalətinin Kavilam şəhərində intensiv fransız dili kursunu müvəffəqiyyətlə tamamlayıb.

2001-ci ildən diplomatik fəaliyyətdədir. Lahorda 28-ci Ümumi Təlim Proqramında iştirak edib.

2004–2008-ci illərdə Nyu-Yorkda –Birləşmiş Millətlər Təşkilatı yanında Pakistanın Daimi Nümayəndəliyində çalışıb və Birləşmiş Millətlər Təşkilatının insan haqları və humanitar məsələlər üzrə Üçüncü Komitəsində Pakistanı təmsil edib.

İslamabadda Xarici İşlər Nazirliyinin inzibati strukturlarında, Cənubi Asiya, Şimali və Cənubi Amerika və Avropa şöbələrində müxtəlif vəzifələrdə çalışıb. O, 2008–2010-cu illərdə İslamabadda Prezident Katibliyində xarici işlər üzrə direktor və 2011–2012-ci illərdə Xarici İşlər nazirinin direktoru vəzifələrində çalışıb.

2012-ci ildən 2017-ci ilə qədər Pakistanın ABŞ-dakı səfirliyində siyasi müşavir işləyib.

Bilal Hayee Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmazdan əvvəl, 2018 -ci ilin sentyabrından 2020-ci ilin sentyabrınadək Pakistan Xarici İşlər Nazirliyinin Amerika bölməsinə rəhbərlik edib.

– Cənab səfir, bizə zaman ayırıb qəbul etdiyiniz üçün təşəkkürümüzü bildiririk.

Pakistan 1991-ci ildə Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikin­ci dövlətdir. Pakistan Ermənistanın ölkəmizin ərazisinin 20 faizini işğal etməsi faktına görə bugünədək onunla diplomatik əlaqələr qurmayıb. II Qarabağ müharibəsi za­manı Pakistan Azərbaycana mənəvi və siyasi dəstək göstərib. Cənab səfir, ölkənizin Azərbaycana olan müstəsna sevgisinin səbəbi nədir?

– Pakistan və Azərbaycan güclü, müstəqil və sülhsevər dövlətlər kimi tərəqqi, inkişaf üçün ortaq bir inanca, istəyə bağlıdır. Amma münasibətlərimizin kökləri tarixin dərinliyindədir. Pakistan Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkələrdən biridir. 1993-1994-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Pakistan Təhlükəsizlik Şurasında BMT-nin müxtəlif qətnamələrinin qəbul edilməsində mühüm rol oynayıb. Bu qətnamələr Azərbaycanın Dağlıq Qarabağ məsələsində mövqeyinin hüqu­qi əsasını yaratdı. Azərbaycan müstəqillik qazandıqdan sonra iki ölkənin dövlət başçıları tərəfindən bir neçə yüksək səviyyəli səfərlər həyata keçirilib.

Pakistan və Azərbaycan ərazisindəki insanların qədim İpək Yolu boyunca ticarət ortağı olması haqqında məlumat oxucularınız üçün maraq doğurar. Bakıda İçərişəhərdəki karvansaray tarixi əlaqələrimizin sübutudur. Deməli, Pakistan və Azərbaycan arasın­da əlaqələr, əslində, qarşılıqlı hörmətə və ümumi maraqlara söykənən uzun bir tarixə malik münasibətdir.

– Dövlətlərarası əlaqələrdən başqa, hər iki ölkənin xalqları arasında dostluğun daha da inkişafı üçün hansı tədbirlər həyata keçirilir?

– İnsanlar arasında təmasların genişləndirilməsi və iqtisadi əlaqələrin gücləndirilməsi hər iki dövlətin diqqət mərkəzindədir, xüsusən də Qarabağ müharibəsi bitdikdən sonra. Bu yaxınlarda Bakıda ikitərəfli ticarətin inkişa­fını təşviq etmək üçün Pakistan və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq Palatası yaradıldı. Eyni şəkildə, Azərbaycan Dillər Universitetində sosial əlaqələrin inkişafina kömək edəcək Pakis­tan Mədəniyyət Mərkəzi açıldı. Digər müsbət məqam, karantin dönəmində də yumşalma yara­narsa, iki ölkə arasında birbaşa uçuşların bərpa olunmasıdır.

– Prezident İlham Əliyev Kəşmir məsələsində hər za­man Pakistanı dəstəkləyərək Azərbaycanın açıq mövqeyini nümayiş etdirir. Bu mövqe ədalət, beynəlxalq hüquq və qardaşlıq əlaqələrimizə əsaslanır. Təəssüf ki, Kəşmir problemi hələ də öz həllini tapmayıb. Bu, Azərbaycan ictimaiyyətini də narahat edən məsələdir.

– Kəşmir mübahisəsinin Birləşmiş Millətlər Təşkilatının keçmişdən indiyədək gündəmində olmasına baxmayaraq, hələ də həllini tapmaması təəssüf do­ğurur. Kəşmir məsələsi son 70 ildə ortaya çıxan problemdir. Cammu və Kəşmir məsələsində göstərdikləri ardıcıl, siyasi və mənəvi dəstəyinə, Birləşmiş Millətlər Təşkilatı, İƏT də da­xil olmaqla müxtəlif beynəlxalq forumlarda diplomatik mövqeyinə görə Azərbaycana minnətdarıq. Dövlətiniz işğal altında olan Cam­mu və Kəşmir sakinlərinə dəstək olaraq açıq bəyanatlar verdi. Biz Azərbaycandan daha enerjili, daha qətiyyətli və daimi dəstək almaq istərdik, çünki Kəşmir xalqı­nın mübarizəsi həlledici mərhələyə qədəm qoyub. İndi mübarizə aparırlar və azadlıqlarının ciddi şəkildə məhdudlaşdırıldığı işğal olunmuş ərazilərdə hind qoşunla­rının qəddar basqısı ilə üzləşirlər. Pakistan bu yaxınlarda beynəlxalq ictimaiyyətə Hindistanın işğal etdiyi Cammu və Kəşmirdə törətdiyi müharibə cinayətlərinə dair çoxlu sübutlar olan sənəd təqdim edib. Ümid edirik ki, Cammu və Kəşmirin məzlum xalqına Azərbaycanın göstərdiyi cəsarətli və ardıcıl dəstəyi digər sülhsevər ölkələr, insan haqlarına, ləyaqətinə və dəyərinə inanan şəxslər də göstərəcək.

– 1990-cı ildə Pakistan Tali­banı ölkənin qanuni hökuməti olaraq tanıyan üç ölkədən biri idi. Pakistan hökumətinin bugünkü Taliban hakimiyyəti ilə bağlı mövqeyi necədir?

– Pakistan təxminən 2600 kilometr ümumi sərhədimiz olan Əfqanıstanla qonşudur. Əfqanıstanda baş verən hər han­sı qeyri-sabitlik Pakistana da təsir edir. Ölkəmiz onilliklər ərzində milyonlarla əfqan qaçqına sığı­nacaq verib. Pakistan beynəlxalq qüvvələrin geri çəkilməsindən sonra yeni bir reallığın ortaya çıxdığı Əfqanıstandakı vəziyyəti yaxından izləyir. Yeni hökuməti tanımaq üçün tələskənlik olmaya­caq. Azərbaycan da daxil olmaqla bölgə ölkələrinə məsləhət veririk. Pakistan Kabildə Əfqanıstan xalqı üçün normal həyatı və sülhü bərpa edən hökumət görmək istəyir.

– Pakistan demokratik inkişaf yolu tutan müsəlman dövlətlərindən biridir. Ötən əsrin sonunda Bənazir Bhut­tonun iki dəfə Pakistanın baş naziri seçilməsi, ölkədə formala­şan seçki sistemi bu fikrin bariz nümunəsidir. Pakistanda terror problemi demokratiya yolun­da maneədir. Digər tərəfdən, terrorla mübarizəyə sərf olunan milyardlarla vəsait ölkənizin iqi­sadiyyatının inkişafına xərclənə bilərdi. Bu problemi kökündən həll etmək üçün nə tələb olu­nur?

– Pakistan xüsusilə 11 sent­yabr hadisələrindən sonra ter­rorun ən böyük qurbanı oldu. Həm əsgər, həm də mülki şəxslər olmaqla, təxminən, 90 min insan itirdik. İqtisadi itkilərimiz 150 milyard dollardan çox idi. Son bir neçə ildə Pakistanın düşmənləri Əfqanıstan torpaqlarından istifadə edərək Pakistana qarşı terror hü­cumları təşkil etdilər. Bu səbəbdən Əfqanıstanda sülhün bərpasına böyük sərmayə qoyuruq, çün­ki bu, bütün bölgəyə sabitliyin gəlməsinə birbaşa kömək edəcək. Ümid edirik ki, bölgədəki hegemon qüvvələr, xüsusən də Hindistan, siyasi məqsədləri naminə Pakis­tanda sabitliyi pozmaq məqsədilə müxtəlif vasitələrdən istifadə etməyi dayandıracaq. Beynəlxalq ictimaiyyətə gəldikdə, biz hesab edirik ki, Əfqanıstanla əlaqələrin davam etdirilməsi və onlara lazımi humanitar yardımın göstərilməsi bölgədə sabitliyin bərqərar olması üçün həyati əhəmiyyət kəsb edəcək.

– Böyük geosiyasi güclərin Əfqanıstandan bir platsdarm kimi istifadə edərək dünya səhnəsinə təsir etmək üçün mübarizə apacaqlarını deyə bilərikmi?

– Bölgədə Əfqanıstanın bir daha marionet müharibələri teatrına və terrorizm üçün bir tramplinə çevrilməməsi barədə düşüncələr artmaqdadır. BMT-nin keçmiş hesabatlarından bir neçəsi Əfqanıstanda idarə olunmayan yerlərdən beynəlxalq terror təşkilatları tərəfindən istifadə edildiyi göstərilib. Pakis­tan bu müharibədən, xüsusən də Əfqanıstan torpaqlarından istifadə edərək ölkəmizdə terror fəaliyyəti həyata keçirən Hindis­tan şəbəkəsindən əziyyət çəkdi. Xarici qoşunların Əfqanıstandan çıxarılmasından sonra xalqın 1990-cı illərdə olduğu kimi ölkəni tərk etməməsi şərti ilə sülhün bərpasına bir qədər ümid yaranıb.

– Cənab səfir, necə düşü­nürsünüz, Pakistan Əfqanıstan rəhbərliyi ilə dialoq apara biləcəkmi? Ümumiyyətlə, Pa­kistanın Əfqanstanda davamlı və dayanıqlı sülhün bərqərar olunmasında rolunu necə qiymətləndirirsiniz?

– Pakistan Əfqanıstanda sülh və sabitliyin olmasında çox maraq­lıdır. Kabildə inklüziv bir hökumət görmək istəyirik. Əfqanıstan xal­qının bu həlledici anda beynəlxalq birliyin dəstəyinə ehtiyacı var. Baş nazirimiz, müxtəlif bölgə liderləri ilə məsləhətləşərək, Taliban rəhbərliyi ilə birlikdə digər etnik qrupların nümayəndələrinin iştirakı ilə əhatəli bir hökumət qurmalarını təşviq edəcəklərini açıqladı. Pakis­tan bu istiqamətdə birgə səylər göstərmək üçün Tacikistan, İran, Rusiya və Özbəkistan da daxil ol­maqla bölgədəki maraqlı tərəflərlə məsləhətləşmələr aparır.

– Azərbaycanın hərbi əməkdaşlıq sferasında Pakis­tan dövləti mühüm rol oynayır. Ölkələrimiz arasında güclü hərbi əlaqələr mövcuddur. İki ölkənin başqa sahələrdə əməkdaşlığını necə genişləndirmək olar?

– Pakistanla Azərbaycan arasında hərbi əməkdaşlıq 2005-ci ildə iki ölkə arasında strateji çərçivə sazişi imzalandıqdan sonra genişlənməkdədir. Pakistan qardaş Azərbaycanın müdafiə sahəsində təlim və potensialının gücləndirilməsi istiqamətində geniş əməkdaşlıq edir. Pakistan Azərbaycana dövlətimizin hərbi sənaye kompleksinin ən müasir məhsullarını təklif edir. Ümid edirik ki, bu əməkdaşlıq önümüzdəki aylarda və illərdə daha da güclənəcəkdir.

– Azərbaycan Türkiyə ilə birlikdə hərbi təcrübə mübadiləsinə paralel olaraq hərbi sənaye kompleksini inkişaf etdirir. Bu günlərdə Bakıda ilk dəfə olaraq keçirilən Azərbaycan, Türkiyə və Pakista­nın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş – 2021” birgə beynəlxalq təlimləri bu əməkdaşlığı təcəssüm etdirdi. Gələcəkdə Pakistanla ikitərəfli və üçtərəfli (Azərbaycan–Türkiyə–Pakistan) hərbi sənaye məhsulları istehsalını nə dərəcədə real görürsünüz?

– Üç qardaş ölkə arasında çox güclü əlaqələr var. Ötən illərdə bizim siyasi, iqtisadi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə dair görüşlərimiz olub. Əməkdaşlığın daha da gücləndirilməsi üçün üçtərəfli əlaqələrin gələcəkdə yeni və yüksək mərhələyə keçəcəyinə inanıram. Üç ölkənin xüsusi təyinatlılarının birgə təlimləri bu üçtərəfli əməkdaşlığın parlaq nümunəsidir. Pakistan, Azərbaycan, Türkiyə üç ölkənin müdafiə qabiliyyətlərini artıracaq müdafiə platformalarını birlikdə inkişaf etdirmək üçün əməkdaşlığı genişləndirə bilər.

– Pakistanın Azərbaycana yardım göstərməyə hazır oldu­ğu daha bir sahə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsidir. Xatırladım ki, Müdafiə naziri Zakir Həsənovla danışıqlar zamanı general Bacva ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində pa­kistanlı mütəxəssislərin iştirak etməyə hazır olduğunu bildir­mişdi. İşğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa islərində Pakistan dövlətinin və şirkətlərinin iştirakı barədə nə deyə bilərsiniz?

– Başa düşürük ki, Azərbaycanın mühüm vəzifələrindən biri işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsidir. Pakistan şirkətləri artıq bununla bağlı yardım təklif edib. Pakistan şirkətləri Qara­bağda bərpa işlərində iştirak etməkdə maraqlıdırlar. Pakis­tanın Sərhəd İşləri Təşkilatı da daxil olmaqla bir neçə şirkət azad edilmiş əraziləri ziyarət edib. Ümid edirik ki, qarşılıqlı məsləhətləşmələrdən sonra daha çox Pakistan şirkəti Azərbaycana səfər edərək mövcud imkanları özləri dəyərləndirəcəklər.

– Cənab səfir, ətraflı müsahibə üçün təşəkkür edirik. Ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi üçün sizə diplomatik fəaliyyətinizdə uğurlar arzulayırıq.

 

Leyla RƏŞİD,

Foto: Elşən AĞALAROV, “Xalq qəzeti”

7 Oktyabr 2021 15:25 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Köhnə versiyamızdan xəbərləri izlə