Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan aliminin nanotexnologiya sahəsindəki uğurları Moskva Dövlət Universitetində yüksək qiymətləndirilib

Tanınmış Azərbaycan alimi, texnika elmləri doktoru, professor Eldar Şahbazovun rəhbərliyi və birbaşa iştirakı ilə neftçıxarmada nanotexnologiyanın tətbiqi sahəsində ölkəmizdə aparılan axtarışlar və həyata keçirilən yeniliklər qonşu Rusiyanın nüfuzlu elm mərkəzlərində yüksək dəyərləndirilir. Bu barədə dünya şöhrətli Moskva Dövlət Universitetindən bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyasına daxil olmuş məktubda bildirilir:

“İndiki dövrdə neft hasilatında ən aktual problemlərdən biri çətin çıxarılan qalıq ehtiyatlara malik yataqlarda neftvermə əmsalını artırmaqdan ibarətdir. Belə ki, çətin çıxarılan qalıq neft yataqlarına, ilk növbədə, qeyri-nyuton, özlüklü və parafinli neftlər aid olunur. Az qala, iki əsrə yaxın neft hasilatı təcrübəsinə malik Azərbaycan məhz bu cür yataqlarla zəngindir. Göstərilən problemlərin həllində neftvermə əmsalının artırılmasına təminat verən daha səmərəli texnologiyaların axtarışı və tətbiqi başlıca vəzifələrdən hesab olunur.

Son illərdə dünyada yeni elmi istiqamətlərdən biri kimi nanoelmin və onun əsasında nanotexnologiyanın meydana gəlməsi və sürətli inkişafı bir çox sahələrdə olduğu kimi, neft və qaz hasilatında da yeni innovasiya texnologiyalarının tətbiqinə imkan verir.”

Moskva Dövlət Universitetinin fizika fakültəsinin əməkdaşları – fizika-riyaziyyat elmləri doktoru Q.B.Xomutovun və fakültənin elmi katıbi, fizika-riyaziyyat elmləri doktoru, professor V.A. Karavayevin imzaladıqları məktubda daha sonra qeyd olunur ki, neft sənayesində nanotexnologiyanın tətbiqində Azərbaycanın adı lider ölkələr siyahısında çəkilir. Həmin işlər texnika elmlər doktoru, professor Eldar Şahbazovun rəhbərliyi və birbaşa iştirakı ilə həyata keçirilir. Onun elmi tədqiqatlarının nəticələri hələ 2008-ci ildə Moskvada keçirilən beynəlxalq ”Rosnanotex” forumunda geniş rezonans doğurmuşdur. Həmin forumda E.Şahbazov geniş məruzə ilə çıxış etmiş və “kollektor–lay–quyu” sisteminə nanotexnologiyanın istehsalata tətbiqinin uğurla həyata keçirildiyini sübut etmişdir.

Məktubun sonunda professor Eldar Şahbazovun elmi tədqiqatlarının dünyanın bir çox nüfuzlu elmi nəşrlərində dərc olunduğu, habelə neft çıxarma sahəsində nanotexnologiyanın tətbiqində və inkişafındakı xidmətlərinə görə UNESCO-nun laureatı adına layiq görüldüyü də minnətdarlıq hissi ilə qeyd olunur.

Akif ƏHMƏDOV, “Azərbaycan neft təsərrüfatı” jurnalının əməkdaşı

7 Oktyabr 2021 09:03 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə