Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səngərlərdə öz əsgərinin ayağını zəncirləyən bir ordunu ordu adlandırmaq olarmı?!

Müsahibimiz Milli Məclisin deputatı Məlahət İbrahimqızıdır.

 

– Məlahət xanım, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri artıq mütəmadi xarakter alıb. Növbəti səfər Tərtər, Bərdə və Cəbrayıl rayonlarına reallaşdı. Suqovu­şana səfəri zamanı möhtərəm Prezidentimiz həmişə olduğu kimi, çox önəmli məqamlara toxundu. Bunlardan biri də Ermənistanın keçmiş prezidenti Serj Sarkis­yanla bağlı idi. Bu barədə sizin təəssüratlarınızı da bilmək maraqlı olardı.

– Öncə qeyd edim ki, möhtərəm Prezidentimizin müsahibə və çıxış­larını nəinki Azərbaycan və Türkiyə ictimaiyyəti, bütövlükdə bölgə ictimaiyyəti, aparıcı xarici mətbuat vasitələri də səbirsizliklə gözləyir və diqqətlə izləyirlər. Çünki bütün müsahibə və çıxışlarda hər dəfə gündəmi müəyyən edən, mətbuatın baş xəbərinə çevrilən mesajlar səslənir. Onu da deyim ki, möhtərəm Prezidentimizin fəaliyyəti və onun çıxışları Ermənistan ictimaiyyəti və mediasının da diqqət mərkəzindədir. Sadə erməni xalqı çox gözəl dərk edir ki, bir xalq olaraq, onların ta­leyi Azərbaycan dövlətindən, onun humanist Prezidentindən asılıdır. Ermənistan dövlətinin rəhbərliyi və əksər ziyalıları, politoloqları da bu gerçəkliyi anlayır və bilirlər ki, artıq Ermənistanın baş naziri kapitulyasiya aktını imzalamaqla məğlubiyyətlərini rəsmən təsdiqləyib. Bu mənada, qalib dövlətin xilaskar rəhbəri və onun şərtləri ilə razılaşmaq məcburiyyətindədir. Təbii ki, işğalçılar və onları dəstəkləyən qüvvələr üçün də Azərbaycandan gələn mesaj­lar çox önəmlidir. Yeri gəlmişkən, hər dəfə möhtərəm Prezidentimiz Ermənistana və onun havadarlarına yönəlik sərt və reallığa əsaslanan mesajları səsləndirən kimi, vaxt keçmədən əks tərəfdən reaksiya gəlir. Dövlət başçımızın Suqovuşandakı çıxışına ilk reaksiyalardan biri, daha doğrusu, ilk üzrxahlığı Ermənistanın eks prezidenti Köçəryandan gəldi. Həqiqətən də bütün bunlar güclü və haqlı olmağımızın nəticəsidir.

Qaldı Xocalı qatili, əli günahsız in­sanların qanına boyanmış, Qarabağ­da və Ermənistanda azərbaycanlılara qarşı törədilmiş bir sıra ağır cinayətlərin təşkilatçısı və icraçısı olan cəllad Serj Sarkisyanla bağlı mesajlara… Əslində, qatil Serjikin törətdiyi cinayətlər, xüsusən də Xo­calıdakı qətliam beynəlxalq təşkilatlar üçün qara ləkə və utancverici haldır. Bu cinayətkar illər uzunu Avropada, ABŞ-da, AŞPA, ATƏT, Avropa Par­lamenti, BMT-nin ofislərində sərbəst gəzəndə ona heç vaxt törətdiyi və özünün beynəlxalq mətbuatda etiraf etdiyi bu cinayətlə bağlı bir dəfə də olsun sual vermədilər, irad tutmadı­lar. Əksinə, ayağının altına qırmızı xalçalar açaraq, axtarışda olan bu cinayətkardan müxtəlif mükafat və rüşvət almaqla məşğul idilər. İnsan haqları, demokratik dəyərləri ancaq Azərbaycan və Türkiyədə axtaran bəzi riyakar beynəlxalq qurum və siyasətçilər, yüzlərlə günahsız qətlə yetirilmiş canların hesabının haqqı və ədaləti tələb edən Azərbaycan dövləti tərəfindən bir gün tələb olunacağını bilmirdilərmi?

– Sizə elə gəlmirmi ki, artıq o haqq –hesab günü yetişib?

– Bəli, o hesab günü keçən il Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qəhrəman ordumu­zun şücaəti ilə qazandığımız Zəfər günü idi. Keçən il müharibə bitəndən sonra möhtərəm Prezidentimiz çıxışlarının birində demişdir ki, bizim müharibəmiz bitdi, lakin mübarizəmiz davam edir. Bəli, bizim mübarizəmiz azərbaycanlıların və türklərin qanı­na susamış Sarkisyan və onun kimi cinayətkarlara qarşı davam edir. Müharibənin də öz qanunları var. Birincisi, Ermənistanın təcavüzkarlıq siyasəti Azərbaycana qarşı elan edilməmiş və işğalçılıq müharibəsi idi. Qeyd etdiyim kimi, yüzlərcə günahsız mülki insanın öldürülməsinə, Xocalı qətliamına, Gəncə, Bərdə, Tərtər, Naftalan, Mingəçevir, Goranboy, Xızı və Qəbələ kimi cəbhədən çox uzaqda törədilən terror və müharibə cinayətlərini törədənlər mütləq qanun qarşısında cavab verəcəklər. Bü­tün bunlarla bağlı Baş Prokurorluq tərəfindən cinayət işi açılıb. Hesab edirəm ki, işlər yekunlaşdıqdan sonra müvafiq beynəlxaq qurumlara təqdim ediləcəkdir. Biz mübarizəmizi sona qədər aparacağıq.

– Prezident Suqovuşanda çıxış edərkən erməni ordusundakı xaos və fərariliyə də toxundu. Bu barədə sizin də fikirlərinizi bilmək istərdik.

– Sözsüz ki, ötən dövr ərzində möhtərəm Prezidentimiz bütün çıxış­larında Ermənistan hakimiyyətində, erməni ictimaiyyətində baş verən prosesləri o qədər dəqiqliklə təhlil edir ki, bəlkə də Ermənistan rəhbərliyi öz ölkəsində cərəyan edən ictimai-siyasi prosesləri bu dərəcədə dərk etmir. Ermənistan rəhbərliyi hər zaman öz xalqına yalan danışıb, onları alda­dıb. Möhtərəm Prezidentimiz erməni ordusunda olan hərc-mərclikdən, korrupsiya və total rüşvətxorluq, satqınçılıq və nəhayət, on minlərlə əsgər və hərbçinin fərariliyi haqqında bölgə ictimaiyyətini məlumatlandırdı. Təsəvvür edin, müharibənin təkcə ilk günündə Suqovuşan – Talış istiqamətində döyüşlər zamanı Rusi­ya mətbuatının verdiyi məlumata görə Hadrut ətrafında on beş mindən çox erməni əsgər və zabiti öz mövqelərini qoyub qaçmışdır. Yəni, onlar anladı­lar ki, bu torpaq onların vətəni deyil. Vətən məfhumu o qədər dərin məna kəsb edir ki, o, insanların genetik yaddaşlarında formalaşmış bir istək, sevgi və duyğudur. Vətən pulla alın­mır. İnsan hər yaşadığı torpağa və ya əraziyə Vətən demir. İnsan anlayanda ki, onun ayağı altındakı torpaq uğ­runda qanlar axıdılıb və ya dədələrin ruhu gəzir, onda dərk edir ki, bura Vətən torpağıdır. Görkəmli şairimiz Abbas Səhhət “…Vətən əcdadımızın mədfənidir…” misrasını sözgəlişi deməyib. Biz azərbaycanlıları Vətənə bağlayan bu ruhdur, bu sevgidir.

Bu mənada, erməni ordusunu kütləvi olaraq tərk edən on minlərlə əsgər bilir ki, nəinki Qarabağ, hətta, indiki Ermənistan ərazisi belə on­ların vətəni deyil. Müxtəlif xarici və erməni mətbuatının verdiyi məlumata görə, bu müharibə dövründə erməni tərəfindən, guya, altımış minə yaxın hərbi qulluqçu və əsgər olmuşdur. Sözsüz ki, bunun əksəriyyəti xarici muzdurlar və terrorçular idi. Deməli, erməni ordusunun hər üçüncü və ya dördüncüsü fərari olmuşdur. Bu rəqəm özlüyündə Ermənistanda baş verən xaos, eləcə də, bir çox problemlərin cavabıdır. Ən önəmli cavablardan biri Ermənistanda ordu deyilən bir qurumun olmama­sı, əvəzində isə quldur və ayrı-ayrı cinayətkar dəstələrin mövcudlu­ğunu göstərir. Erməni ordusunun təchizatına ayrılan bütün pulları uzun illər hakimiyyətdə olan Serj Sarkis­yan və onun cinayətkar komandası mənimsəyib. Əvəzində isə Rusiya­dan ucuz qiymətə, istifadə müddəti bitmiş və köhnə model silahlar alınıb. Bunu keçən il müharibə vaxtı baş nazir Nikol Paşinyan da etiraf etdi. Mövqelərdə öz əsgərinin ayağını zəncirlə bağlayan bir ordunu ordu adlandırmaq olarmı!? Ona görə Ermənistanda gənclər kütləvi olaraq ölkəni tərk edir.

– Möhtərəm Prezidentimizin to­xunduğu məsələlərdən biri də bəzi beynəlxalq təşkilatların hələ də ikili standartlardan əl çəkməməsi oldu.

– Həqiqətən də, Ermənistanda son seçkidən öncəki seçki hədə-qorxu, total saxtakarlıqla müşayiət olundu. 2018-ci il Serj Sarkisya­nın son seçkisinin nəticələrinin beynəlxalq təşkilatlar, xüsusən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən tanınması, onun demokratik seçki adlandırıl­ması bu təşkilatların iflası və ya seçki cinayətinə şərik olması demək idi. Möhtərəm Prezidentimiz istər Azərbaycanda, istərsə də, xaricdə, ən yüksək kürsülərdə çıxışlarında hər za­man bu məsələlərə kəskin münasibət bildirib. ATƏT-in Minsk qrupunun, faktaraşdırıcı və monitorinq qrupla­rının yarıtmaz fəaliyyətinə, onların qeyri-obyektiv, qərəzli mövqelərinə qarşı kəskin münasibətini bildirib. Əsl həqiqət də budur ki, Qarabağ münaqişəsinin uzun müddət həll olun­mamasında, müharibə vəziyyətinə gətirib çıxarılmasında da onların məsuliyyəti var. Təsəvvür edin ki, 30 ilə yaxın müddətdə Azərbaycan ərazisi işğal altında qalır, bir mil­yondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşür, bütün hüquqları kobud şəkildə po­zulur, onların bütün problemləri ilə Azərbaycan hökuməti özü məşğul olur, işğalçı dövlətə heç bir sanksiya tətbiq edilmir. Beynəlxalq təşkilatlar açıq şəkildə öz öhdəliklərini yerinə yetirmirlər. Nəhayət, Azərbaycan öz gücü ilə bu işğala son qoyur, ərazisini azad edir. Hansı ki, bu ərazilərdəki yaşayış məskənləri, ətraf mühit erməni vandalları tərəfindən tamamilə darmadağın edilib. Amma Avro­pa Birliyi təcavüzkar Ermənistana külli miqdarda maliyyə vəsaiti ayırır, Azərbaycana isə demək olar ki, cüzi məbləğ nəzərdə tutulur. Bu dərəcədə ədalətsizlik heç cür qəbul edilə bilməz. Beynəlxalq təşkilatlar nəhayət ki, ikili standartlara son qoymalıdırlar.

Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

6 Oktyabr 2021 00:55 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Köhnə versiyamızdan xəbərləri izlə