Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xatirələrdə yaşayacaq insan

İnsana verilən ömür payı çox qısa olsa da, bu qısa ömrün şanı-şöhrəti əbədi ola bilir. Şöhrət ölməz əməllərin bəhrəsidir. Beşiklə məzar arasındakı sınaq müddətini – Uca Yaradanın bəxş etdiyi ömrü gərək elə yaşayasan ki, səndən sonra ya insanların əqlinə, ruhuna qida verən əməllərin, ya da cəmiyyətə fayda verən nəcib övladların qala. Aqillər deyib ki, doğumla ölümdən qaçmaq olmaz, bizə bu diametral zaman kəsimində həyat yolunu ləyaqətlə keçmək qalır.

40 gün əvvəl haqq dünyasına qovuşmuş unu­dulmaz insan – Azərbaycan Dövlət Pedaqoji Uni­versitetinin Elmi-təşkilati şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Əli Qulu oğlu Allahverdi­yev 69 illik ömrünü şərəflə və ləyaqətlə yaşayaraq xatirəyə çevrilən belə ziyalılardan biridir.

Əli müəllim 22 mart 1952-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində Qulu kişinin və Ayna xanımın ailəsində anadan olub. 7 qardaş və bacının böyüyü idi.

Əsrarəngiz təbiəti ilə seçilən Cil kəndi Göyçə gölünün sahilində yerləşir. Bir zamanlar Dədə Qorqud qəhrəmanlarının at çapıb qılınc oynatdığı əzəli türk yurdunda. 1988-ci ildə erməni quldur­ları kəndi yağmalayanda burada 1500-dən artıq əhali yaşayırdı. Kənddə ondan çox sosial-mədəni obyekt fəaliyyət göstərirdi. 1923-cü ildə təşkil edilmiş ilk ibtidai məktəb sonralar 7 illik, daha sonra 8 illik, nəhayət, orta məktəbə çevrilmişdi. Əli müəllim orta təhsilini 1959-1969-cu illərdə Cil kənd orta məktəbində almışdı. Təhsil illərində çalışqanlığı, istedadı ilə seçilən Əli orta məktəbi bitirəndən sonra arzularının qanadında Bakıya gəlir və Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunur. 1969- 1974-cü illərdə həmin institutun Ümumiqtisad fakültəsində siyasi iqtisad ixtisası üzrə təhsil alır. İnstitutu iqtisadçı, siyasi iqtisad müəllimi ixtisası ilə başa vuran Əli müəllim Azərbaycan Ali və Orta İxtisas Təhsili Nazirliyinin göndərişi ilə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Siyasi iqtisad kafedrasına laborant vəzifəsinə təyin olunur. 1975–1976-cı illərdə ordu sıralarında hərbi xidmətdə olur. Zabit kimi ehtiyata buraxılan Əli Allahverdiyev Pedaqoji İnstitutda elmi-pe­daqoji fəaliyyətini davam etdirir. Siyasi iqtisad kafedrasında laborant (1976-1980), assistent, baş müəllim (1980-1991), dosent (1992-2011), professor (2011-2012) vəzifələrində işləyir. Pe­daqoji fəaliyyəti ilə yanaşı sistemli elmi araşdır­malarla məşğul olur. 1978–1981-ci illərdə Bakı Dövlət Universitetinin Siyasi iqtisad kafedrasının aspiranturasında təhsil alır. “İctimai istehsalın iki bölməsi arasındakı nisbətin təkmilləşdirilməsi və səmərəliliyin artırılması” mövzusunda namizədlik dissertasiyası üzərində çalışır. Dissertasiya işini vaxtından əvvəl başa çatdırsa da, müdafiə prosesində xeyli çətinliklərlə üzləşməli olur. Əsəri müdafiə etmək üçün qədim türk yurdu İrəvana ezam olunur. Dissertasiya işini İrəvan Dövlət Universitetinin nəzdindəki Dissertasiya şurasına təqdim edir. Dissertasiya dəfələrlə müzakirə edilərək bəyənilsə də müdafiəsi təşkil edilmir. 1988-ci ildə azərbaycanlıların qədim türk torpaqlarından – indiki Ermənistan ərazisindən deportasiyasın­dan sonra münaqişə daha da kəskinləşir, qanlı müharibəyə çevrilir. Bu səbəbdən də Əli müəllim namizədlik dissertasiyası­nı 1988-ci ildə Daşkənd Universitetində müdafiə etməli olur. 22 fevral 1989-cu ildə SSRİ AAK tərəfindən ona iqtisad elmləri namizədi elmi dərəcəsi, 17 fevral 1992-ci ildə İqtisadi nəzəriyyə kafedrası üzrə dosent elmi adı verilir. Pedaqoji və elmi uğurları ilə fərqlənən Əli müəllim az sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin İqtisadi və sosial fənlər kafedrasının müdiri vəzifəsinə seçilir, 1997-2012-ci illərdə həmin kafedraya rəhbərlik edir. Bu illər ərzində elmi-pedaqoji fəaliyyətində böyük uğurlar əldə edir, Bakıda və xarici ölkələrdə keçirilən elmi konfranslarda dəyərli elmi məruzələrlə çıxış edir, ölkəmizdə nüfuzlu iqtisadiyyat mütəxəssislərindən biri kimi tanınır, iqtisad elmi sahəsində səlahiyyətli söz sahiblərindən birinə çevrilir. Rəhbərlik etdiyi kafedra ölkədə iqtisadi və sosial fənlərlə bağ­lı müdafiə edilən dissertasiyalar üçün aparıcı təşkilata çevrilir. Kafedrada yüksək elmi mühit, respublikanın tanınmış iqtisadçı alimləri ilə səmərəli əməkdaşlıq şəraiti formalaşdırılır.

2005-ci ildə Əli müəllim AMEA-nın İqtisadiy­yat İnstitutunun ixtisaslaşdırılmış Dissertasiya Şurasında "Bazar iqtisadiyyatının təşəkkülü prosesində makroiqtisadi dinamik və struktur dəyişikliklərinin tənzimlənməsi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Elmi-nəzəri və praktik əhəmiyyəti ilə seçilən dissertasiya işində bazar iqtisadiyyatının təşəkkülü prosesində makroiqtisadi dinamik və struktur dəyişikliklərinin tənzimlənməsinin mü­hüm problemlərinin nəzəri-metodoloji aspektləri araşdırılır, makroiqtisadi inkişafın mənbə və mexanizmləri tədqiq edilir, iqtisadi sistemdə üzə çıxan qarşılıqlı təsirlər müəyyənləşdirilir, makroiq­tisadi əlaqələrin hərtərəfli liberallaşdırılmasına dair konseptual müddəalar irəli sürülür, Azərbaycan iqtisadiyyatında struktur dəyişikliklərinin xarakte­rini müəyyən edən amillər şərh olunur, struktur deformasiyaların aradan qaldırılması və səmərəli strukturun formalaşdırılması, makroiqtisadi dina­mikanın tənzimlənməsi və sabitləşməsinin əsas yolları göstərilir.

Respublikamızın tanınmış iqtisadçı alimlərinin təqdir etdiyi dissertasiya işinə görə Əli Allahverdiyevə 12 yanvar 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında AAK tərəfindən iqtisad elmləri doktoru elmi dərəcəsi, 30 sentyabr 2011-ci ildə isə İqtisadi və sosial fənlər kafedra­sı üzrə professor elmi adı verilir. Əli müəllim bir dərsliyin, üç monoqrafiyanın, dörd dərs vəsaitinin, 100-dən artıq elmi məqalənin, iqtisadi nəzəriyyə ilə bağlı proqram və metodik vəsaitlərin müəllifidir. Pedaqoji və iqtisadçı kadrların hazırlanmasında mühüm xidmətləri var. Uzun müddət Təhsil Nazir­liyinin iqtisadiyyat üzrə metodiki komissiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının iqtisadiyyat bölməsinin ekspert şurasının üzvü olub.

Yaşanan ömür insanı heç də asanlıqla şan-şöhrətə çatdırmır. Əli müəllimin qazandığı şöhrət payı onun zəhmətsevərliyindən, istedadından və inadkar xarekterindən güc alırdı. Əli müəllim möhkəm iradəsi, yeniliyə can atması, azadfikirliliyi, xeyirxahlığı, təşəbbüskarlığı, həssaslığı, bəlağətli nitqi və yüksək idarəetmə qabiliyyəti ilə seçilir­di. Bu keyfiyyətlərinə görə o, 2012-ci ildə daha yüksək vəzifəyə – Azərbaycan Müəllimlər İnstitu­tunun Quba filialına direktor təyin edildi. Qısa bir müddətdə filialda infrastrukturun təkmilləşdirilməsi, maddi-texniki bazanın və elmi-pedaqoji po­tensialın gücləndilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, effektiv təhsil mühitinin yaradılma­sı sahəsində uğurlara nail olundu. 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı ADPU-nun filialına çevrildi. Əli müəllim 2019-cu ilin sentyabr ayına kimi gənclik enerjisi ilə filiala rəhbərlik etdi. Səhhəti ilə bağlı olaraq 18 sentyabr 2019-cu ildə ADPU-nun rektoru, professor Cəfər Cəfərovun əmri ilə universitetin elmi-təşkilati şöbəsinin müdiri vəzifəsinə təyin olundu.

Geniş ürək sahibi olan Əli müəllimin bö­yüklüyü onun səmimiliyində, sadələyində və təvazökarlığında idi. O, insanlığı, ədəb-ərkanı, əxlaq və fəziləti ilə seçilən nikbin insan idi. Aman­sız ölüm əvvəl bacısını, sonra anasını əlindən alsa da, ölüm haqqında deyil, həyat haqqında düşünürdü, böyük arzularla yaşayırdı. Ailənin, qo­hum-qardaşın, elin-obanın onun üzərinə qoyduğu ağsaqqallıq missiyasını ləyaqətlə yerinə yetirirdi.

İnsan ömrü yarpaq üstündəki şeh damlasını xatırladır. Günəş çıxan kimi yox olur. Gec-tez əcəl şərbətini içəcəyini hamı bilsə də heç kəs ölümü özünə yaxın buraxmaq istəmir. Arzularla yaşayır, yaş artdıqca arzuların sayı da artır. Əli müəllimin də arzuları saysız-hesabsız idi, çoxunu başa çatdıra bilmədi. Əcəl mane oldu. İnsanların çoxu ailədən, az bir hissəsi eldən gedir. Görkəmli alim, böyük ziyalı, tanınmış pedaqoq, professor Əli Allahverdiyev eldən getdi. Belə insanların yeri həmişə görünür və görünəcək. Allah Əli müəllimə rəhmət eləsin. Qəbri nurla dolsun.

Fərrux RÜSTƏMOV,

ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı,

pedaqoji elmlər doktoru, professor,

Əməkdar elm xadimi

2 Oktyabr 2021 08:36 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə