Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bayraqların hər biri əbədi müstəqillik və azadlıq atəşinin parlaq rəmzi idi - 2

Gəncə

Gəncədə keçirilən “Anım Günü” mərasimində şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Respublika­sı Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı Ənvər Əfəndiyev, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki baş konsulu Nikolas İaşvili, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuş, önünə təzə-tər güllər düzülmüşdür. Daha sonra şəhərin Baş meydanındakı monitordan müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa müraciəti dinlənilmişdir.

Anım tədbiri Gəncənin Şəhidlər xiyabanında davam etdirilmişdir. Tədbir iştirakçıları burada yeni quraşdırılan, üzərində Gəncə şəhidlərinin şəkilləri və onlar haqqında olan məlumatları əks etdirən lövhəyə bax­mışlar. Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı Ənvər Əfəndiyev “Əbədi məşəl” abidəsi önünə əklil qoymuşlar. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə nümayəndəsi Hacı Tahir Abbasov çıxış edərək, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər bir kəsin fəxr etdiyini, qürur duyduğunu demişdir.

Şəhid ailələri adından çıxış edənlər tarixi Qələbəmizdən, torpaqla­rımızın azadlığı uğrunda canlarından keçən oğullarımızın göstərdikləri şücaətlərdən danışmışlar. Onlar bildirmişlər ki, şəhid ailələri dövlətimizin, şəxsən Prezident İlham Əliyevin, ölkənin birinci xanımı Mehriban Əliyevanın hədsiz diqqət və qayğısını daim hiss edirlər və buna görə hədsiz minnətdarlıqlarını bildirirlər.

Şəhidlər xiyabanı gün ərzində şəhər sakinlərinin ziyarətgahına çev­rilmişdir. Qeyd edək ki, İkinci Qarabağ müharibəsi günlərində, xüsusilə oktyabr ayında cəbhədən yüz kilometr aralıda yerləşən Gəncə şəhəri xain erməni hücumlarına-terrora məruz qalmış, çoxlu sayda şəhər sakini həlak olmuş, yüzlərlə insan yaralanmış, evlər, mülki obyektlər dağıdılmış­dır. Ziyarətə gələnlər həmin günlərdə həyatlarını itirmiş həmyerlilərini yad etmiş, dünya ictimaiyyətini belə vəhşiliyə dözməməyə, ona hüquqi-siyasi qiymət verməyə çağırmışlar.

Həmin gün oktyabrda şəhərə atılmış raket zərbələri nəticəsində yerlə-yeksan olmuş yerlər də ziyarət olunmuş, qərənfillər düzülmüşdür. Məlumat üçün bir daha xatırladaq ki, Gəncəyə ilk hücum oktyabrın 4-də baş vermiş və bir nəfər mülki şəxs Əliyev Tunar Qoşqar oğlu şəhid olmış, 30-dan çox mülki şəxs yaralanmışdır. Bu, müharibənin getdiyi bölgədən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə oktyabrın 5-də baş vermiş və bu hücum nəticəsində 3 mülki şəxs yaralanmışdır. Üçüncü raket hücumu oktyabrın 8-də baş vermişdir. Lakin təsadüf nəticəsində həlak olan və yaralanan olmamışdır. Dördüncü raket hücumu isə oktyab­rın 11-də baş vermiş və nəticədə 10 mülki şəxs şəhid olmuş, 40-dan çox insan yaralanmışdır. Özü də bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və beləliklə, ermənilər özləri atəşkəsi pozmuşlar. Yenə dinc əhalini hədəfə alan beşinci raket hücumu isə oktyabrın 17-də baş vermiş, nəticədə hamısı mülki şəxs olmaqla daha 16 nəfər şəhid olmuş, 55 nəfər yaralanmışdır.

…İllər, onilliklər, əsrlər keçəcək, lakin erməni cəlladlarının törətdikləri heç vaxt unudulmayacaq. Tarix boyu xalqımız onların bir çox xəyanətlərini humanistlik göstərərək bağışlayıb. Lakin bu, bir daha baş verməyəcək! Anım Günündə Gəncədə meydanlara axışanlar bunu dönə-dönə qeyd etdilər: “şəhidlərimizə rəhmət, düşmənlərimizə lənət”, dedilər…

Tovuz

Sentyabrın 27-də Tovuzun Şəhidlər xiyabanında qələbəlik idi. Anım Günü ilə əlaqədar burada keçirilən tədbirə rayon icra hakimiyyətinin baş­çısı, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri toplaşmışdılar.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Sonra rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov rəşadətli ordumuzun keçdiyi döyüş yolundan, müzəffər Ali Baş Komandanımızın müharibə zamanı göstərdiyi qətiyyətdən söz açmışdır.

Milli Məclisin deputatları Qənirə Paşayeva və Arzu Nağıyev, rayon ictimaiyyətinin nümayəndəsi Mücaməddin Axundov, şəhid leytenant Vasif Heydərovun anası Şövkət Məmmədova, şəhid leytenant Aqil Məcidovun atası Aydın Məcidov, şəhid Röyal Aslanovun atası Elzar Aslanov və Vətən müharibəsi qazisi Şamil Məmmədov çıxış edərək şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya tovuzlular adından öz təşəkkürlərini bildirmişlər.

Şəhidlərin ruhuna dualar oxunduqdan sonra “Xatirə lövhəsi”nin, “Əbədi Məşəl” abidəsinin, eləcə də ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları önünə gül dəstələri düzülmüş, onların xatirəsi böyük ehtiramla yad edilmişdir.

Gün ərzində rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, sakinlər də Şəhidlər xiyabanına gələrək şəhidlərimizi anmışlar.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

29 Sentyabr 2021 00:22 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə