Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qubadlılılar Anım Gününü qürurla qeyd etdilər

 

 

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Bakı şəhərindəki Şəhidlər xiyabanında, eləcə də, Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında və Abşeron rayonu Sumqayıt stansiyası ərazisində Vətən müharibəsi şəhidlərinin anım mərasimləri keçirildi. Təşkil olunmuş tədbirlərdə RİH-in başçısı Malik İsaqov, hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidlərimizin yaxınları, eyni zamanda, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə Bakı şəhərində yerləşən ikinci Fəxri xiyaban­da torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Qubadlı rayonundan Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Milli Qəhrəman Şükür Həmidov, Elçin Alıyev, Vüqar Ağayev və Faiq Qasımovun məzarları ziyarət olundu, məzarları üzərinə gül dəstələri qoyuldu. Qeyd edək ki, Vətən müharibəsinin ilk şəhidlərindən olan Qayalı kənd sakini sonradan Vətən müharibəsi qəhrəmanı adına layiq görülmüş şəhid polkov­nik-leytenant Faiq Qasımov 2020-ci il sentyabrın 27-də ermənilərin müdafiə səddini ilk yaran hərbçilərimizdən olub və rəhbərlik etdiyi qrupla birgə Füzuli rayonu ərazisində düşmənin bir neçə post və səngərini dağıdaraq 300-ə yaxın düşmən əsgərini və zabitini məhv etmiş, qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə şəhid pol­kovnik-leytenant Faiq Qasımova ölümündən sonra “Vətən müharibəsi qəhrəmanı" adı verilmiş, “Vətən uğ­runda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şəhidimizin məzarına ziyarət za­manı vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna ithaf olunmuş şeirlər səsləndirilmışdir. Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd edib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımız­da dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin baş­ladığı günün Azərbaycan Respublika­sında Anım Günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalamışdır. Bu, şəhidlərimizin ruhlarına, şəhidlərimizin doğmalarına ali ehtiramın göstəricisidir. Xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur.

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi həmrəylik nüma­yiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarca aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Son 30 ildə ha­vadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xunta başçıları güman edirdilər ki, “xilaskar”ları bu dəfə də on­ların köməyinə gələcək. Lakin 44 günlük müharibədə ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə bax­mayaraq, Azərbaycan qələbə qazandı və tarixi ədalət bərpa olundu.

Digər çıxış edənlər də bildirmişlər ki, 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində canından və qanından keçən qəhrəmanlar içərisində Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yaz­mışdır.

Daha sonra Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəhidlərimiz – Vüsal Allahver­diyev, Məhəmmədəli Həsənzadə, Ülvi Məmmədov, Rüfət Mustafayev, İlkin İsgəndərov, Sirac Abışov və Orxan Rəhimlinin məzarları ziyarət olunmuş, məzarları üzərinə gül dəstələri qoyul­muşdur.

Sonra Abşeron rayonu Sumqayıt stansiuyası ərazisində yerləşən Hal kənd tam orta məktəbinin həyətində rayonun ümumtəhsil məktəblərinin təşkil etdiyi Anım Gününə həsr olunmuş sərgi və ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Sonda Abşeron rayonu Sumqayıt stansiyası ərazisində şəhidlərimizin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası həyata keçirilmişdir. Eyni za­manda, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin həyətyanı ərazilərində ağaclar və gül kolları əkilmişdir.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

29 Sentyabr 2021 00:17 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə