Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lənkəranda silsilə tədbirlər

 

Sentyabrın 27-də ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da 44 günlük Vətən müharibəsinin başlanmasının birinci ildönümünə və şəhidlərin əziz xatirəsinə həsr olunmuş kütləvi anım mərasimləri keçirilib. Anım mərasimləri əsaslı tikinti-bərpa işlərindən sonra həmin gün yenidən açılan Şəhidlər Xatirə Kompleksi abidəsinin önündən başlanıb.

Lənkəran ŞİH başçısı Taleh Qa­raşov, Milli Məclisin depudatı Ziyafət Əsgərov, hüquq-mühafizə orqanla­rının, idarə və təşkilatların rəhbər heyəti, əmək kollektivləri, ictimaiyyət nümayəndələri pandemiya qaydaları­na əməl olunmaqla kompleksi ziyarət ediblər. Şəhid məzarlarının üzərinə tər çiçək dəstələri düzülüb. Şəhər rəhbəri şəhidlərin valideynləri, ailə üzvləri və övladları ilə görüşərək söhbət edib. Sonra o, abidənin qarşısında çıxış edib. Natiq bildirib ki, 2020-ci il sentyabrın 27-də rəşadətli Milli Ordumuz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə əks hucuma keçərək ərazi bütövlüyümüzün bərpasına nail olub. Müharibə günlərində ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da vətənpərvərlik ruhunun çox yüksək olduğunu qeyd edən icra başçısı döyüşlərin başladığı gündən hər bir lənkəranlının müsəlləh əsgərə çevrilərək vətən uğrunda canından keçməyə hazır olduğunu xüsusi vurğulayıb. Döyüşə gedən gənclərdən 66 nəfəri qəhrəmancasına həlak olub, bir çoxları yaralanıb, ancaq heç kimin qələbə əzmi azalmayıb. Onla­rın şücaəti hər bir gənc üşün misilsiz vətənsevərlik nümunəsidir. Torpaqla­rımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsinin həmişə ehtiramla yad ediləcək.

Lənkərandakı Şəhidlər Xatirə Kompleksi abidəsi artıq əsaslı şəkildə tam yenidən qurulub. Kompleksin gi­riş hissəsində bütün şəhidlərin şəkilləri, ad və soyadları qeyd olunmuş hündür divar lövhə quraşdırılıb. Bu diqqət və qayğıdan, yüksək ehtiramdan razı­lıqlarını bildirən şəhid ataları Kamran Kazımov, Layim Veysəlov, şəhid həyat yoldaşı Rəna Bayramova, şəhid övlad­ları Emiliya Qurbanova, Rüqəyya Quli­yeva və digərləri Vətən müharibəsində qəhramancasına həlak olan əzizləri ilə və bütün digər şəhdilərlə qurur duy­duqlarını, fəxr etdiklərini söyləyiblər. Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə ediblər. Məktəblilərin ifasında Vətən müharibəsinə və şəhidlərə həsr olun­muş ədəbi-bədii kompozisiya təqdim olunub.

İcra başçısı, Milli Məclisin de­putatı və digər rəsmilər rayon ərazisində müxtəlif yerlərdə dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət ediblər. Həmin gün məscid və ibaqdətgahlarda şəhidlərin ru­huna dualar və Quran ayələri oxunub, Şəhidlər Xiyabanının genişləndirilmiş ərazisində və Heydər Əliyev prospektində 1000-ə yaxın həmişəyaşıl ağac əkilib. Saat 12-00da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bir dəqiqəlik sükut zamanı nəqliyyat vasitələri və sakinlər ehtiram əlaməti olaraq hərəkəti dayandırıblar. Eyni zamanda Heydər Əliyev Xatirə Parkında və şəhərin digər ərazilərində yerləşən rəqəmsal monitorda Vətən müharibəsi şəhidlərinin şəkillərini, ad və soyadlarını 44 gün ərzində fasiləsiz olaraq nümayiş etdirən videoproqram işə salınıb.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

29 Sentyabr 2021 00:16 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə