Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

25 yaşında canından çox sevdiyi Vətənin bir parçasına çevrilən şəhid

Sentyabrın 26-da Şirvanda yaşayan nişanlısına zəng edib danışıb: “Neçə gündür könlümə dolma düşüb. Bir boşqab yarpaq dolması üçün darıxmışam. Oktyabrda məzuniyyətə çıxacağam. Tezliklə görüşərik. Az qalıb, lap az...”.

 

Bir gün sonra cəbhədə döyüş əməliyyatları başlayır və gizir Elçin Əliyev də ilk gündən əməliyyatlarda iştirak edir. Sentyabrın 27-də tankçılar Lələtəpə yaxın­lığında “Vilayət” adlanan postdan düşmənə əks-həmlə əməliyyatı ilə cavab verərək Cəbrayıl rayonunun Daşbulaq kəndini və bir neçə kəndi erməni yaraqlılarından tamamilə təmizləyiblər. Sonra Nüzgar kəndi yaxınlığına qayıdarkən onların tankı minaya düşərək partlayır. Tankın heyəti bu zərbə nəticəsində müxtəlif dərəcəli xəsarət alsa da, döyüşü davam etdirir. Onlar hərbi qənimət kimi əldə etdikləri düşmən tankına keçərək əməliyyatları davam etdiriblər.

Sentyabrın 28-i daha bir uğurlu əməliyyat. Ermənilərin daha bir neçə əlverişli mövqeyi ələ keçirilir. Elçinin idarə etdiyi tankda nasaz­lıq olduğu üçün onu Milli Ordunun başqa bir tankı ilə əvəz edirlər.

Həmin günü əks etdirən bir videokadr var. Pəhləvan cüssəli Elçin tankın üzərində durub deyir: “Saat 7-yə işləyir, ekipaj düşmənə ağır zərbə vurmaq üçün əmr gözləyir”.

Bu, həmin gündür. O gün ki, igid tankçı­lar yenə də döyüş tapşırığının öhdəsindən uğurla gəlirlər.

Sentyabrın 29-da Füzuli rayonunun Horadiz kəndinin yaxınlığnda yüksəklik düşməndən təmizlənir və həmin müşahidə məntəqəsi vasitəsilə magistral yola nəzarət etmək mümkün olur.

Günorta radələrində tankın mərmisi qurtarır, onlar hərbi texnikanı sursatla təchiz edib növbəti əməliyyata hazırlaşırlar. Elə bu vaxt tankçılar onların yanına düşən mərminin hədəfinə çevrilirlər, sürücü-mexanik Elçin Əliyev aldığı zərbədən elə orada şəhidlik zirvəsinə yüksəlir. Onun döyüş yoldaşı tuş­layıcı operator Kamal Əliyev iki ayağından, qolundan və çiynindən ağır yara alır.

Tank komandiri Rasif Quliyev həmin hadisəni belə xatırlayır: “Üç gün dalbadal aparılan uğurlu döyüş əməliyyatları nəticəsində bir neçə kəndi azad etdik, əlverişli mövqelərə yiyələndik. Həmin gün ermənilərin 12 tankını qənimət kimi ələ keçirdik. Növbəti hərbi əməliyyata hazırlıq məqsədilə tankı sursatla təchiz edərkən düşmənin hədəfinə tuş gəldik. Həmin vaxt mən tankın üstündə, Elçinlə Kamal isə tankın yanında idi. Yaxınlıq­da partlayan top mərmisi Elçinin həyatına son qoydu, Kamal isə ağır yaralandı”.

Milli Ordunun 25 yaşlı gizirinin Azərbaycan bayrağına bükülü tabutu Yardımlı rayonunun Kürəkçi kəndinə gətirilir. Bütün kənd, qonşu kəndlərdən, rayon mərkəzindən gələn axın-axın insanlar, hərbçi yoldaşları qəhrəman Vətən oğlu­nu çox böyük hörmət və ehtiramla torpağa tapşırırlar. Elçin Əliyev Yardımlının Vətən müharibəsində həlak olan ilk şəhidi olur.

Toyu tutulu gənc canından çox sevdi­yi ana Vətən, onun müqəddəs torpağını qorumaq üçün həmin torpağın bir parçasına çevrilir. Atası Sarvanın, anası Elmiranın oğul toyu görmək, bacıları Esmira, Elminə, Çinarə, Leyla və Lalə, qardaşı İlkinin Elçinin toyunda sevinmək arzuları ürəklərində qalır...

Elçin Əliyev 1995-ci il mayın 23-də anadan olmuşdu. Kənddəki məktəbdə orta təhsil almışdı. Hərbi xidmətini başa vurandan sonra Milli Ordunun tank taborunda müddətdən artıq xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirib. "Vətən uğrunda" və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. “YAŞAT” Fondundan ailəyə maddi yardım göstərilib. Ailənin digər sosial ehtiyaclarının ödənilməsi üçün də sənədlər toplanılıb.

29 Sentyabr 2021 00:11 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə