Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq şirkətlər Azərbaycan iqtisadiyyatını dayanıqlı hesab edir

 

Azərbaycanda xarici biznes mühitinə dair sorğuda iştirak edən şirkətlərin 43 faizi Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək layihələrə maraq göstərir

Son illər ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və əlverişli investisiya qoyuluşunun təmin edilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir. Bu, öz müsbət nəticələrini verməkdədir. Təsadüfi deyil ki, COVID-19 pandemiyasının dünya iqtisadiyyatında yaratdığı böhran şəraitində belə Azərbaycan iqtisadiyyatı öz inkişaf templərini qoruyub saxlaya bildi və bu böhrandan minimum itkilərlə çıxmağa nail oldu.

Azərbaycanın əldə etdiyi uğurlar, aparılan islahatların müsbət nəticələri beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda, keçirilən rəy sorğularında da əksini tapır. Son hesabatlarda Azərbaycan investisi­ya yatırımı üçün cəlbedici ölkə kimi göstərilir.

AZƏRTAC xəbər verir ki, Alman- Azərbaycan Xarici Ticarət Pala­tasının (AHK) təşkilatçılığı ilə cari iqtisadi vəziyyət və biznesin inkişaf perspektivləri, həmçinin ölkədə inves­tisiya mühiti və həyata keçirilən iqti­sadi islahatların səmərəliliyi haqqında “Azərbaycanda Xarici Biznes: Biznes Mühiti Sorğusu 2021” hesabatında beynəlxalq şirkətlərin Azərbaycan iq­tisadiyyatını dayanıqlı hesab etdikləri əksini tapıb.

Haqqında söhbət açdığımız hesa­bat ölkəmizdə pandemiyanın iqtisa­diyyata təsirinin müəyyənləşdirilməsi və təhlil edilməsi, həmçinin mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən isla­hatların qiymətləndirilməsində faydalı platformadır. Bu cür hesabatlar işgüzar dairələrin rəyinin öyrənilməsi, biznes çağırışlarının dəyərləndirilməsi baxımından əhəmiyyətlidir.

Azərbaycanda fəaliyyət göstərən şirkətlərin 68 faizi ölkəmizin iqtisadi vəziyyətini sabit qiymətləndirir

“Azərbaycanda Xarici Biznes: Biznes Mühiti Sorğusu 2021” hesaba­tının hazırlanması zamanı ölkəmizdə təmsil olunan xarici şirkətlər arasın­da ətraflı sorğular aparılıb, onların işgüzar mühit, habelə işğaldan azad edilmiş ərazilərdə biznesin qurulma­sı və bərpa işlərində iştirakı barədə fikirləri öyrənilib.

Hesabat Azərbaycanda fəaliyyət göstərən xarici biznes nümayəndələri arasında 2021-ci ilin may-iyul ayların­da keçirilən Biznes Mühiti Sorğusu­nun nəticələrinə əsaslanır. Hesabatın hazırlanması üçün Azərbaycanda fəaliyyət göstərən və 30 ölkəni təmsil edən (Almaniya, Böyük Britani­ya, ABŞ, İsveçrə, Türkiyə və sair) 270 xarici şirkətə sorğu göndərilib, dəyərləndirmə üçün 130 etibarlı və tamamlanmış cavab seçilib. Sorğuda iştirak edən xarici şirkətlərin 88 faizi mikro müəssisələr və KOB-lardır. Şirkətlərin 67 faizi on ildən çoxdur ki, Azərbaycanda öz layihələrini həyata keçirir. Respondentlərin 68 faizi Azərbaycan iqtisadiyya­tının mövcud vəziyyətini sabit qiymətləndirib. Əvvəlki hesabatda isə bu göstərici 39 faiz təşkil edirdi. Bu qiymətləndirmənin əsas səbəbləri sırasında vergi sistemində edilən dəyişikliklər və COVID-19 pandemi­yasının kəskin vaxtlarında dövlətin sahibkarlara göstərdiyi dəstək dayanır. Həmçinin maliyyə sektorun­da aparılan islahatlar da beynəlxalq şirkətlərin müsbət qiymətləndirdikləri məqamdır.

Azərbaycan biznes investisiyaları üçün mühüm ərazi kimi dəyərləndirilir

Azərbaycanda aparılan geniş­miqyaslı iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı və dövlətimizin başçısı tərəfindən irəli sürülən, Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən “Qara qızılın insan kapitalına çevrilməsi” strategiyası dayanıqlı, stabil və çoxşaxəli iqtisa­diyyatımızın formalaşmasına gətirib çıxarıb. Bütün bunların nəticəsidir ki, aparılan sorğuda xarici şirkətlərin 57 faizi Azərbaycanda fəaliyyətini genişləndirmək və ya yeni investisiya qoymaq niyyətini ifadə ediblər.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə yaranan yeni inves­tisiya imkanları beynəlxalq şirkətlərin diqqətini cəlb edib və Azərbaycan biznes investisiyaları üçün mü­hüm ərazi kimi qiymətləndirilib. Bu qiymətləndirmə ötən ilə nisbətə 50 faizdən 60 faizə yüksəlib. AHK-yə üzv şirkətlər işğaldan azad olun­muş ərazilərimizdə bərpa-quruculuq layihələrinə böyük maraq göstərirlər. Şirkətlərin 61 faizi bu layihələrdə podratçı/subpodratçı kimi çıxış etmək və ya dövlət-özəl tərəfdaşlığı çərçivəsində iştirakda maraqlıdırlar. Sorğuda iştirak edən xarici şirkətlərin 43 faizi fəaliyyət sahələri üzrə Qara­bağ və Şərqi Zəngəzur iqtisadi rayo­nunda həyata keçiriləcək layihələrdə iştirak edə biləcəklərini, 22 faizi bu layihələrdə iştirakının mümkünlüyünü bildiriblər. Onların əksəriyyəti (17 faiz) tikinti, telekommunikasiya və informa­siya texnologiyaları sahələrinə daha çox maraq göstərirlər.

Azad edilmiş ərazilərdə yeni sənaye zonalarının yaradılması investisiya imkanlarını daha da genişləndirəcək

Vətən müharibəsində əldə edilən şanlı Qələbədən dərhal sonra Qa­rabağda böyük quruculuq işlərinə başlanılıb. Avtomobil yolları yenidən qurulur və bərpa olunur, hava limanları inşa edilir. Azad olunmuş ərazilərimizdə reallaşdırılacaq “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiya­ları burada yeni biznes və investi­siya imkanları yaradır. Bu ərazilərin zəngin sərvətləri, mineral resursları, kənd təsərrüfatı və heyvandarlıq sahələri, həmçinin bölgənin turizm potensialı xarici şirkətlərin diqqətini cəlb edir. Ağdam Sənaye Parkının strateji əhəmiyyəti və azad edilmiş ərazilərdə yeni sənaye zonaları­nın yaradılması xarici şirkətlərin investisiya imkanlarını daha da genişləndirəcək.

Bundan əlavə, Azərbaycanın tranzit potensialı da investisiyaların cəlbində xüsusi rola malikdir. “Şimal- Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası Azərbaycanı tranzit mərkəzinə çevirməklə yanaşı, yük daşımaları sahəsində potensialı olan ölkələrə ucuz və qısa zamanda daşıma imkanları təqdim edir. Bu amillərin nəticəsidir ki, respondentlərin 60 faizi (əvvəlki hesabatda 50 faiz) Azərbaycanı əlverişli biznes məkanı kimi tövsiyə edir. Xarici iş adamla­rı inanır ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin aparıl­ması Xəzər bölgəsində təhlükəsizliyin və stabilliyin gücləndirilməsinə, beynəlxalq nəqliyyat və kommunikasi­ya layihələrinin həyata keçirilməsinə, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməklə yanaşı, dünyada ölkəmizin investisiya cəlbediciliyini və rəqabət qabiliyyətini artıracaq.

Sorğuda iştirak edənlərin 71 faizi Azərbaycandakı siyasi sabitliyi, 49 faizi təhlükəsiz ölkə olduğunu, 39 faizi infrastruktura davamlı sərmayə qoyu­luşunu xüsusi vurğulayıb. Azərbaycan həyata keçirilən davamlı infrastruk­tur layihələri ilə dünyada qabaqcıl sıralardadır. Düzgün idarəetmə, neft sektoru ilə yanaşı, qeyri-neft sektoru­na ayrılan diqqət davamlı infrastruktur layihələrinin həyata keçirilməsinə əlverişli imkanlar yaradır.

Son olaraq qeyd edək ki, Pre­zident İlham Əliyev tərəfindən ölkə həyatının bütün sahələrinə xüsusi diqqət ayrılır və davamlı inkişaf üçün genişmiqyaslı layihələr həyata keçiri­lir. İstər siyasi, istər sosial, istərsə də iqtisadi sferada tətbiq olunan düzgün strategiya ölkəmizi sülh içərisində, təhlükəsiz yaşamaq və münbit şəraitdə çalışmaq üçün cəlbedici edir.

 

29 Sentyabr 2021 00:10 - İQTİSADİYYAT
İQTİSADİYYAT
26 Oktyabr 2021 | 09:38
"Brent" markalı neft bahalaşıb
26 Oktyabr 2021 | 09:07
AMB-nin valyuta məzənnələri
25 Oktyabr 2021 | 09:42
Neft bahalaşıb
25 Oktyabr 2021 | 09:34
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə