Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhidlərin ruhuna ehtiramın nümunəsi

 

 

Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüz soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində təşkil olunmuş yürüş bir daha təsdiqlədi ki, Vətən uğurunda canını qurban verənlər heç zaman unudulmurlar.

Dövlətimizin başçısı və birinci xanım, həmçinin gənc kursantlar və hərbçilər şəhidlərimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək, xalqın birliyinin və həmrəyliyinin əbədi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtira­mın sonsuzluğunu bir daha nümayiş etdirdilər. Yürüşdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Bakı Qarnizonunda yerləşən hərbi hissələrin 3000 nəfərdən çox kursant və hərbi qulluqçusu iştirak edirdi.

Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsi zamanı 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Müharibə dövründə sağlamlığını itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilir, onların xarici ölkələrdə müalicələri üçün əlverişli şərait yara­dılır. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən daim lazımi köməklik göstərilməkdədir. İndiyədək 9200-ə yaxın şəhid ailəsinin, müharibə əlilinin dövlət tərəfindən mənzillərlə təmin edilməsi də bunu təsdiqləyir. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayo­nunda bu ilin sonuna qədər növbəti mənzillər veriləcəkdir.

Sentyabrın 27-də keçirilən yürüş bir daha təsdiqlədi ki, ərazi bütövlüyümüz uğrunda şəhid olan soydaşlarımız dərin ehtiramla anılır və Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun qa­zandığı tarixi zəfərin şərəflə xatırlanır. Həmin gün Prezi­dent İlham Əliyev tərəfindən Vətən müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi­nin təməlinin qoyulması da ərazi bütövlüyümüz uğrunda canından keçənlərə ehtira­mın növbəti nümunəsidir.

Mehman İSMAYILOV,

politoloq

29 Sentyabr 2021 00:07 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə