Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

27 sentyabr Azərbaycanın şanlı tarixi kimi daim xatırlanmalıdır

Sentyabrın 27-də Azərbaycanın İkinci Qarabağ müharibəsinə başlamasının bir ili tamam oldu. Tarix şahiddir ki, Azərbaycan Qarabağ probleminin sülh yolu nizamlanmasının tərəfdarı idi, müharibə olmasını, qan tökülməsini istəmirdi. 2020-ci il sentyabrın 27-də rəsmi Bakının əks-hücuma başlamasının səbəbi Emənistanın yeni-yeni təxribatları oldu. Səbr kasası dolub daşmış Azərbaycan, nəhayət, Ermənistanın növbəti təxribatına əks-hücumla cavab verdi və Vətən müharibəsini şanlı qələbə ilə başa vurdu. Müharibə başa çatdıqdan son­ra Azərbaycan Prezidenti noyabrın 8-nin Zəfər günü, sentyabrın 27-nin isə şəhidlərimizin xatirəsinə Anım günü kimi qeyd edilməsi haqqında sərəncamlar imzaladı. Bu barədə fikirlərini bölüşən tarix elmləri doktoru, professor Nizami Süleymanov bildirdi:

– Azərbaycan Prezidentinin 27 sent­yabrı Anım günü kimi əbədiləşdirməsi təsadüfi deyil. Həmin gün Azərbaycanın tarixində xüsusi bir gündür. Uzun illərdən sonra Azərbaycan zorla əlindən alınan torpaqları uğrunda ölüm-dirim sa­vaşına başladı və böyük Zəfər qazana­raq torpaqlarımıza qarşı qıcanmış məkrli dişləri sındırıb tökdü, tarixi ərazilərimizə susamış başları əzdi. Ona görə də sent­yabrın 27-də başlamış və noyabrın 8-də Şuşanın alınması ilə başa çatmış savaş Azərbaycanın şərəf tarixi kimi daim xatırlanmalıdır.

Prezident İlham Əliyev də dünən Anım günü ilə bağlı xalqa müracətində bu barədə danışaraq bildirdi ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tarixi­mizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv etdi: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq… Biz güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiya­mızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik”.

Bu gün bir daha 2020-ci ilin 27 sent­yabrı haqqında düşünərkən Prezident İlham Əliyevin həmin gün xalqa müraciətini xatırladım. Dövlət başçısı qeyd edirdi ki, son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter alıb. İyul ayında Ermənistanın Tovuz istiqamətində açdığı artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olub. O vaxt Azərbaycan düşmənə layiq­li cavabı verib, sarsıdıcı zərbələr endirib. Ona qədərsə Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı “yeni ərazilər uğ­runda yeni işğal” siyasəti ilə hədələyib.

Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atıb, Azəbaycana diversiya qrupu göndərib. Qru­pun başçısı ifadə verib ki, bu qrup Azərbaycana terror aktları törətmək üçün gəlib. Ermənistanın baş na­ziri Xankəndidə olarkən deyib ki, “Qarabağ Ermənistandır və nöqtə”. Dəfələrlə bəyan edilib ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağ­lıq Qarabağ respublikası” ilə danışıq aparmalıdır. Qarabağın kriminal xunta rejiminin Şuşada qondarma “andiçmə” mərasimi keçirməsi, parlamentin qədim Azərbaycan şəhəri Şuşaya köçürülməsi haqqında qərar qəbul etməsi də növbəti təxribatlar olub. Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparıb.

Ermənistanın sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribat da cəzasız qalmayıb. Prezident dünənki çı­xışında deyib: “Biz qan tökərək, şəhidlər verərək bu qələbəni əldə etdik. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktı imzalasın. Müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Dağlıq Qarabağ adlı inzibati ərazi Azərbaycan ərazisində mövcud deyil. Əgər kimsə Dağlıq Qarabağ adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində Dağlıq Qara­bağ adlı qurum yaratsın… Bunu mən deyirəm, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Və hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır”.

Təbii ki, belə də olacaq. Xalqımız isə 27 sentyabrda verdiyi şəhidlərin xatirəsini daim ehtiramla anacaq...

Söhbəti yazdı: Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

29 Sentyabr 2021 00:05 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə