Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan bir il əvvəl XXI əsrin müharibəsinin qalibi kimi tarix yazdı

Ermənistan üzərindəki tarixi qələbəmiz Azərbaycanın dünya birliyindəki mövqeyini daha da möhkəmləndirdi. İndi siyasi əqidəsindən asılı olmayaraq, uşaqdan-böyüyə qədər hamı qalib ölkənin vətəndaşı olmasından qürur duyur. Vətən müharibəsi Ermənistanın 30 illik işğalçı siyasətinə birdəfəlik son qoydu. Məğlub ölkə hələ də özünə gələ bilmir. Onsuz da iqtisadi cəhətdən zəif olan Ermənistanda vəziyyət daha da ağırlaşıb. Bu ölkənin özünə gəlməsinə neçə illər lazımdır. Siyasi və iqtisadi sahələrdə böhran içərisində çapalayan Ermənistanı müharibəni başlamağa vadar edər hansı amillər idi?

Prezident İlham Əliyev istər BMT Baş Assambleyasının 76-cı sessiyasında, istərsə də nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində detalları kifayət qədər geniş şərh etdi. Bir daha məlum oldu ki, Azərbaycan öz torpaqlarını işğal­dan azad etməyə həmişə hazır olub. Bu­nunla əlaqədar müvafiq əməliyyat planları hazırlanıb, yaranan yeni reallıqlar nəzərə alınmaqla həmin planlara korrektələr edilib. Müharibənin məhz 27 sentyabrda başlamasına gəlincə, bu, ilk növbədə, Ermənistanın təxribatlarının pik həddə çatması və yeni işğal planları ilə bağlıdır. Dövlət başçımız, hətta BMT tribunasından da Ermənistanın müharibəyə hazırlaşdığı­na dair xəbərdarlıq edirdi. Yəni, regionda mümkün gərginləşmənin məsuliyyəti artıq Ermənistanla yanaşı, dünya birliyinin də üzərinə düşürdü. Ermənistana qarşı hər hansı sanksiya və təzyiq olmadı­ğından, təbii ki, əks hücum əməliyyatı həyata keçirmək Azərbaycanın suveren hüququ idi və bu, baş verdi. Ölkəmizin qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən bir il ötdü.

Müharibənin gedişatına gəlincə, “Dəmir yumruq” əməliyyatının xarakteri və nəticəsi də göstərdi ki, Azərbaycan xalqı və rəşadətli ordumuz son 30 il ərzində öz torpaqlarını azad etməyə hər an hazır olub. 44 günlük müharibədə Azərbaycanın qələbəsini şərtləndirən səbəblərə nəzər salarkən, burada əsas faktor kimi Azərbaycanda təkmil siyasi idarəetməni, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, prinsipial strate­giya nəticəsində daxili və xarici siyasətdə əldə etdiyimiz uğurları qeyd etməliyik. Eyni zamanda, Azərbaycanda güclü iqtisadi potensialın formalaşdırılması bizim siyasi gücümüzü şərtləndirən əsas amillərdəndir.

Digər mühüm faktor – güclü və müasir, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik silahlı qüvvələrin formalaşdırılması idi. Bu faktorlar ayrı-ayrılıqda vacib olsa da, əsas məsələ, təbii ki, hakimiyyətin qısa zamanda, çevik şəkildə bütün resursları səfərbər etmək və vahid məqsədə istiqamətləndirmək bacarığı idi. Cənubi Qafqaz kimi mürəkkəb regionda həlli 30 ilə yaxın müddətdə uzadılan münaqişənin nizamlanması­na nail olmaq, təbii ki, yüksək səviyyəli liderlik xüsusiyyətləri, xalqa qələbə əzmi aşılamaq bacarığı tələb edirdi. Ali Baş Komandan İlham Əliyev dünya miqyasın­da nüfuzlu siyasətçi kimi qəbul olunmaqla yanaşı, sözümüzü imzamıza çevirən mahir strateq olaraq hərbi əməliyyatlara şəxsən rəhbərlik edərək, bütün məsələləri nəzarətdə saxladı. Bizim böyük qələbəmizi şərtləndirən əsas amillərdən biri də bu idi.

“Dəmir yumruq” əməliyyatının mərhələlərinə gəlincə, hər bir mərhələ uğurla şərtlənirdi. Müharibənin ilk günü düşmənin 30 il ərzində qurduğu müdafiə xətti, güclü və müasir istehkamları dar­madağın edildi. Ermənistan üçün ciddi sarsıntı olan Hadrut əməliyyatı və Hadru­tun, ardınca Cəbrayıl və Füzulinin azad edilməsi, Soltanlı və Əmirvarlı yaşayış məntəqələrində düşmənin güclü müdafiə xətlərinin sıradan çıxarılması, Zəngilana yolun açılması və qarşıdan gələn dövrdə ordunun irəliləməsi üçün əlverişli şərait yaradılması, Qubadlının azad olunma­sı və Laçın rayonunun cənubuna çıxış, Laçın dəhlizinə nəzarətin təmin edilməsini xüsusi qeyd etməliyik. Nəhayət, 44 günlük müharibənin tacı olan tarixi Şuşa əməliyyatının da uğurla başa çatması əsl hərbi peşəkarlıq tələb edirdi. Bununla da düşmənin son müqaviməti sındırıldı və işğalçı ölkə təslim oldu.

Azərbaycan eyni üstünlüyü informa­siya cəbhəsində də qazandı. Xatırlatmaq lazımdır ki, hələ müharibədən əvvəlki dövrdə ali tribunalardan Ermənistanın işğalçılıq siyasəti ifşa olunur, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə sistemli şəkildə çatdırılırdı. Prezident İlham Əliyev Ermənistanın baş naziri ilə debatlarda dəqiq, dəmir məntiqlə Azərbaycanın mövqeyini çatdırır, müasir diplomatiyanın ən bariz nümunəsini təqdim edirdi. Bunun müqabilində olduqca zəif, ciddi siyasi səhvlərə yol verən Ermənistan baş naziri isə iflasa uğrayırdı.

Mühribənin informasiya cəbhəsində yaratdığı imkanlar isə daha geniş idi. Azərbaycan Prezidenti müharibənin yaratdığı imkanlardan məharətlə istifadə edərək, döyüşləri işıqlandırmaqda maraqlı olan nüfuzlu media vasitələrinin köməyi ilə tarixi həqiqətləri sübutlarla, faktlar əsasında dünya ictimaiyyətinə çatdırdı. Dövlət başçımızın dünyanın aparıcı media orqanlarına 30-a yaxın müsahibəsində əsl diplomatiya və natiqlik nümayiş etdirməsi Ermənistanın onilliklərlə beynəlxalq ictimaiyyəti zəhərləyən təbliğatını darma­dağın etdi.

Beləliklə, Azərbaycan XXl əsrin müharibəsini aparmaqla və müharibədə qalib gəlməklə tarix yazdı. Bu tarixi yazan mərd oğul və qızlarımızın xatirəsi daim uca tutulur, onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Dövlət həmişə hər bir qazi və şəhid ailəsinin yanında olub və bu gün də belədir. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş silahlı qüvvələrin hərbi qulluqçuları Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medal­larla təltif olunmuşlar.

Dövlət başçımızın tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Bank­lar Assosiasiyası tərəfindən Müdafiə Na­zirliyinin rəsmi siyahısında olan şəhidlərin banklar qarşısında kredit öhdəlikləri silinmişdir. Şəhid və qazi ailələrinə dəstək göstərilməsində Azərbaycanda milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olub.

Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilir. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. İndiyədək 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayo­nunda bu ilin sonuna qədər mənzillər veriləcəkdir. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomobili verilmiş­dir. Azərbaycan Respublikası Prezidenti tərəfindən əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi olan “YAŞAT” Fondu yaradılmışdır. İndiyədək fondda 62 milyon manatdan çox vəsait toplanmışdır. Azərbaycan xalqı şəhidlərimizin intiqamını düşməndən döyüş meydanında aldı və onların qanı yerdə qalmadı. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər.

Azərbaycan bir il əvvəl XXI əsrin müharibəsinin qalibi kimi keçirdiyi Zəfər paradı ilə tarix yazdı. Bizə bu qələbəni qazandıranlar, ölkəmizin ərazi bütövlüyün təmin olunmasında canından, sağlamlığın­dan keçən qəhrəman oğul və qızlarımız həyat durduqca yacayacaqlar.

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

29 Sentyabr 2021 00:03 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə