Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqımıza qələbə bəxş edən əsgər və zabitlərimiz qürur mənbəyimizdir

 

 

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində Vətən müharibəsinin başlanması və gedişi ilə bağlı dəyərli fikirlərini ifadə etdi. Bildirdi ki, İkinci Qarabağ savaşı xalqımızın şanlı tarixidir. Bu savaşda əldə edilən möhtəşəm qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu darmadağın edərək, ərazi bütövlüyümüzü gerçəkləşdirdi: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımız­dan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik…”.

Bəli, cənab Prezidentin vurğuladı­ğı kimi, silahlı qüvvələrimiz düşməni torpaqlarımızdan qovdu və ədaləti, beynəlxalq hüququ, milli ləyaqətimizi bərpa etdi. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi ya­şayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq.

Onu da qeyd edim ki, Ermənistan tərəfindən ərazisi işğala məruz qalan Azərbaycan 30 ilə yaxın müddətdə daim diplomatik təmkin nümayiş etdi­rirdi, beynəlxalq təşkilatlar və aparıcı dövlətlərin münaqişəni danışıqlar yolu ilə tənzimləmək çağırışlarına həssaslıqla yanaşırdı, lakin bunun müqabilində düşmən ölkəyə ciddi beynəlxalq təzyiqin göstərilməməsi vəziyyəti daha da gərginləşdirirdi. Qəsbkar bütün bunlar azmış kimi, Birləşmiş Millətlət Təşkilatının (BMT) hələ 1993-cü ildə qəbul edilən 822, 853, 874, 884 saylı qətnamələrində işğal olunan Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərini yerinə yetirmək əvəzinə yeni ərazilər ələ keçirməyə cəhd göstərirdi.

BMT ilə yanaşı, Avropa Şurası, Avropa İttifaqı, NATO, İslam Konfransı Təşkilatı və digər mötəbər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qətnamə və bəyanatlarına məhəl qoymayan Ermənistanın aşkar şəkildə ərazi ilhaqı siyasəti yürütməsi danışıqlar prosesini “dalana dirəmişdi”.

Nəhayət, Azərbaycan ötən il sentyabrın 27-də Ermənistan Ordu­sunun başladığı hücuma əks-həmlə əməliyyatları ilə cavab verməli oldu. Vətən müharibəsinin 44 günü ərzində silahlı qüvvələrimizin qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum ola­cağını anlayan düşmən məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı, noyabrın 10-da isə Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən üçtərəfli bəyanat imzalandı. Bununla da 30 ildən artıq davam edən münaqişəyə, torpaqlarımızın işğalına son qoyuldu, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatı şərtləndirildi. Bəyanatın müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırıl­ması elan edildi. Ötən il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları mərhələ-mərhələ Azərbaycan Respubli­kasına qaytarıldı.

Ermənistan döyüş meydanında məğlub olmasaydı, öz xoşu ilə torpaqla­rımızdan çıxmayacaqdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan döyüş meydanında Ermənistan ordu­sunu sarsıdaraq, hərbi texnikasının tamamilə sıradan çıxararaq onun saxta “yenilməzlik mifi”ni darmadağın etdi. Beləliklə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində, eləcə də sosi­al-iqtisadi sahələrdə qazandığı uğular, həmçinin ordu quruculuğunda görülən işlər Vətən müharibəsində parlaq qələbə əldə etməyimizlə nəticələndi.

Azərbaycan möhtəşəm zəfər qazan­maqla həm də Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin, erməni qətliamlarında həyatlarını itirən soy­daşlarımızın qisasını aldı. Onların qanı yerdə qalmadı.

Dövlətimizin başçısının vurğu­ladığı kimi, bu qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.

Cəlil BAXŞIYEV, YAP Lerik rayon təşkilatının sədri

 

29 Sentyabr 2021 00:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə