Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə səfiri Kabildə Taliban rəsmiləri ilə görüşlər keçirib

 

Türkiyənin Əfqanıstandakı səfiri Cihad Erginay Taliban hərəkatının bu yaxınlarda elan etdiyi müvəqqəti hökumətin rəsmiləri ilə görüşlər keçirərək, onlarla bir sıra aktual ikitərəfli və regional məsələləri müzakirə edib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasına istinadən “Anadolu” agentliyi məlumat yayıb.

Talibanın nümayəndəsi Məhəmməd Naim Bardak öz “Twitter” səhifəsində Əfqanıstan hökumətinin baş naziri vəzifəsinin səlahiyyətlərini icra edən Əbdül Salam Hənəfinin Türkiyənin səfiri Cihad Ergi­nay ilə görüşdüyü barədə yazıb. Xəbərdə deyilir ki, Əbdül Salam Hənəfi görüş za­manı ölkəsinin Türkiyə ilə tarixi dostluq əlaqələrinin olduğunu və bu əlaqələrin daha da genişləndirilməsinin hər iki dövlət və xalq üçün xüsusi əhəmiyyət daşıdığını bildirib: “Biz iki dost və qardaş xalqlarıq. Bizim dini və mədəni əlaqələrimiz mövcuddur. Tali­ban hökuməti Türkiyə dövləti ilə diplomatik əlaqələrin gücləndirilməsinə çalışır. Biz ümid edirik ki, Əfqanıstanda ictimai-siyasi sabitlik bərqərar olunan kimi, türkiyəli iş adamları ölkəmizin iqtisadiyyatına sərmayə yatıracaq­lar.”

Müvəqqəti hökumətin rəhbəri, eyni zamanda, bildirib ki, rəsmi Kabil Türkiyə ilə təkcə iqtisadi, hərbi sahələrdə deyil, həm də humanitar istiqamətdə, o cümlədən səhiyyə və təhsil sahələrində əməkdaşlığın genişlənməsində maraqlıdır.

Türkiyənin Ermənistandakı səfiri Cihad Erginay Kabildə müvəqqəti hökumətin su ehtiyatları və energetika nazirinin vəzifələrini icra edən Əbdül Lətif Mənsur ilə də görüşüb. Tərəflər energetika sahəsində əlaqələrin mövcud vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

Türkiyə XİN-in rəsmi açıqlamasında qeyd olunur ki, Türkiyənin Kabildəki səfirinin sözügedən görüşləri konstruktiv ruhda keçib. Türkiyə tərəfi qarşı tərəfi əmin edib ki, rəsmi Ankara dost Əfqanıstan xalqının hazırda qar­şılaşdığı çox sayda çətinliklərin öhdəsindən gəlməkdə öz dəstəyini əsirgəməyəcək.

Xatırladaq ki, Əfqanıstan hökumətinin dəvəti ilə Türkiyə və Qətər dövlətlərinin avia­siya mütəxəssisləri Kabil beynəlxalq aeropor­tunun idarə olunmasında birlikdə fəal surətdə iştirak edirlər. Aeroport artıq normal fəaliyyət göstərir.

M.HACIXANLI,

“Xalq qəzeti” 

28 Sentyabr 2021 01:12 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
17 Oktyabr 2021 | 01:20
Türk dili tədris ediləcək
17 Oktyabr 2021 | 01:18
Rusiyada yoluxma artır
16 Oktyabr 2021 | 00:51
Afinada güclü fırtına
16 Oktyabr 2021 | 00:49
Əfqanıstanda güclü partlayış
15 Oktyabr 2021 | 23:58
PUA-lara tələbat artır

Köhnə versiyamızdan xəbərləri izlə