Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ordusunun gücü və qüdrəti tükənməzdir

 

 

Xalqımız 27 sentyabr – Vətən müharibəsinin başlanmasının birinci ildönümünü və şəhidlərin Anım Gününü layiqincə qeyd etdi. Bu, həm qəhrəmanlıq ənənələrinin yaşadılması, həm də ərazi bütövlüyümüz uğrunda döyüşlərdə canlarından keçən övladlarımızın xatirəsinə böyük ehtiram nümunəsi oldu. Müzəffər Azərbaycan Ordusunda xidmət edən mərd oğullarımız bu peşəyə könül verdiklərinin qürurunu bir daha yaşadılar.

Biz yüksək döyüş hazır­lığına malik rəşadətli ordu­muzun olması ilə sonsuz qürur duyuruq. Silahlı qüvvələrimiz ötən payız dünya hərb tarixində, məhz XXI əsrin savaşını aparma­sı, 5-ci nəsil hərbi təchizata malik olması, eyni zamanda işğalçı Ermənistana qarşı yeni hərbi-siyasi strategiya və döyüş taktikaları tətbiq etməsi ilə şöhrət qazanıb. Bunu tanınmış beynəlxalq hərbi ekspertlər dönə-dönə etiraf ediblər. ABŞ Hərbi Akademiyası və Pentaqon rəsmiləri Azərbaycan ordu­sunun hərbi əməliyyatlarının öyrənilməsinin zərurətini vurğulayıblar.

Kiyev Hərbi Hüquq Tədqiqatları Mərkəzinin rəhbəri Aleksandr Musiyenko isə müharibədə Azərbaycan təcrübəsini dəyərləndirərək bildirib ki, ölkəmiz innova­tiv metodları, yeni texno­loji həlləri klassik savaş üsulları ilə birləşdirərək istifadə etməyin mümkün­lüyünü nümayiş etdirib. Modern silahların olması bir yana, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti misilsiz şücaət göstərib. Əməliyyatların diqqətlə plan­laşdırılması, peşəkarcasına toplanmış taktiki rezervlər, sürətli reaksiya və xüsusi təyinatlı qüvvələrin digər qoşun növləri ilə dəqiq koordi­nasiyası qələbəni təmin edən başlıca amillər olub.

Qoşulmama Hərəkatının üzvü və sədri olan, heç bir hərbi blokda iştirak etməyən Azərbaycan, məkrli düşməndən fərqli olaraq, yalnız özünün müdafiə qabiliyyətinin artırılması qayğısına qalır. Bu ya­xınlarda Türkiyə Yüksək Hərbi Şurasının qərarı ilə Azərbaycanda yaradılan Xidmət Qrupu Komandanlığı­na 4 generalın təyin olunma­sı da həmin amala xidmət edir. Dost ölkələrlə hərbi-texniki əməkdaşlığın daha mütəşəkkil məzmun alması bizim suveren hüququmuz­dur və kimlərinsə bunu sülhə təhdid kimi qələmə verməyə çalışması absurddur.

Bizim Türkiyə ilə, birgə hərbi təlimlərdə iştirakımız silahlı qüvvələrimizin artan gücündən və həlledici rolun­dan soraq verir. Bu yaxınlarda uğurla başa çatmış “TurAz Şahini - 2021”, daha əvvəlki “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimi, Gürcüstanda təşkil olunmuş ənənəvi “Agile Spirit” (Çevik ruh”), həmçinin “See breeze” (“Dəniz küləyi”) kimi təlimlər bu qəbildəndir. Ötən ay Laçın rayonunda keçirilmiş birgə taktiki təlim də bölgədə sabitliyin təmin olunmasına xidmət edən tədbirlərdən idi.

Həmçinin Azərbaycan respublikasının MBD çərçivəsində fəaliyyətinin əsas prinsiplərindən biri də hərbi-siyasi əməkdaşlıqdır. Prezident İlham Əliyevin sentyabrın 23-də Rusiyanın nü­fuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində də bildirdiyi kimi, Rusiya ilə bütün istiqamətlər üzrə, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində işlər yaxşı ge­dir: “Təbii ki, indi biz yeni araşdırmalara nəzər salırıq, texniki qruplar indi artıq yeni imkanları öyrənirlər, biz bəzi sifarişlər vermişik, ona görə də bu istiqamətdə əməkdaşlıq da inkişaf edəcək”.

“Sputnik Armeni­ya” saytının yaydığı son video-görüntülərdə rus sülhməramlılarının nəzarəti altında olan Laçın dəhlizində Azərbaycan və Rusiya bayraqlarının qoşa dalğa­lanması öz əksini tapıb. Əlbəttə, bu, bizim təmkinli və məqsədyönlü siyasətimizin, fitnələrə uymamağımızın nəticəsidir. Bütün ərazilərdə nəzarətin tədricən öz əlimizə keçəcəyi gün də uzaqda deyil.

Biz bundan sonra da beynəlxalq miqyasda hərbi-texniki əməkdaşlığın müasir çağırışlarına uyğun olaraq addımlar atmaqda qərarlıyıq. Fərqli dairələrdən gələn təzyiqlər Azərbaycanı öz haqq yolundan döndərə bilməz.

Hikmət XƏLİLOV,

 Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti

28 Sentyabr 2021 00:57 - SİYASƏT
SİYASƏT
17 Oktyabr 2021 | 00:53
Tariximizin şanlı səhifəsi

Köhnə versiyamızdan xəbərləri izlə