Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətən, torpaq, dövlətçilik uğrunda canından keçənlər heç vaxt unudulmayacaq!

 

Tarix boyu ermənilər azərbaycanlılara qarşı düşmənçilik mövqeyində olublar. Son 200 ildə onların qədim Azərbaycan torpaqla­rında məskunlaşdırılmasından sonra bu bədnam qonşular düşmənçilik siyasətini daha da genişləndirməyə başladılar və özlərini bütün dünyaya yazıq, məzlum bir xalq kimi təqdim etdilər

1915-ci ildə “soyqırımına” məruz qaldıqlarını bütün dünyaya sübut etməyə çalışan ermənilər, əslində, istər çar Rusiyasında, istərsə də sonrakı dövrlərdə azərbaycanlılara qarşı kütləvi soyqırımlar törətmişlər. 1905-1907-ci və 1918-ci illərdə 100 minlərlə azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir. 1918-ci ilin mart qırğınları xalqımızın yaddaşından heç zaman silinməyəcək. Bu tarixdə Qarabağda, Zəngəzurda, Şamaxıda, Göyçayda on minlərlə soydaşlarımız ermənilər tərəfindən soyqırımına məruz qalmış, yaşadıqları yurd yerlərindən qovulmuşlar.

Azərbaycanlıların öz tarixi torpaqlarından qovulması Sovetlər dövründə də davam etmişdir. 1948-1953 və 1988-1989-cu illərdə 500 mindən çox soydaşımız isti ocaqlarından deportasiya olunaraq Azərbaycanda yerləşdirilmişdir. Acınacaqlı şəraitdə – yük vaqonlarında köçürülən minlərlə azərbaycanlı yollarda həlak olmuşdur. Baş vermiş bütün bu vəhşilik və soyqırımı siyasətinə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verilmişdir. Ümummilli liderin 1998-ci ildə imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Ermənilər hər zaman dünyada baş verən əlverişli tarixi proseslərdən məharətlə istifadə etmişlər. Sovetlər birliyinin dağılma ərəfəsində işğalçı ölkə öz havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etdi. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar 30 il işğala göz yumdu. BMT Təhlükəsizlik Şurasının işğalla bağlı qəbul etdiyi 4 qətnaməsi icra olunmadı. Halbuki, həmin qətnamələrdə göstərilirdi ki, Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərini qeyd- şərtsiz tərk etməlidir. Digər nüfuzlu beynəlxalq təşkilatların da bu məzmunda qəbul etdikləri qətnamələr kağız üzərində qaldı. Təəssüf ki, Ermənistana heç vaxt işğala son qoymaq üçün təzyiq göstərilmədi. Bu da dünyada baş alıb gedən ikili standartların və islamofobiyanın nəticəsi idi.

Bütün bu illər ərzində Ermənistan işğalçılıq siyasətini davam etdirdi. Dəfələrlə sərhədyanı ərazilərdə təxribatlar törətdi. Atəskəsin pozulması nəticəsində hərbiçilərimizlə yanaşı dinc əhalimiz də qətlə yetirildi. Buna qarşılıq Azərbaycan Ordusu tərəfindən 2016-ci ilin Aprel döyüşlərində və 2020-ci il iyul ayında Tovuz istiqamətində düşmənə layiqli cavab verildi. Bu məğlubiyyətlər Ermənistana bir mesaj idi. İşğalçı ölkə və havadarları dərk etməli idilər ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Ancaq bütün bunlara baxmayaraq, Ermənistan işğalçılıq siyasətindən əl çəkmədi, beynəlxalq hüquq normalarını pozmağı davam etdirdi. Yenə də sərhədboyu ərazilərdə təxribatlar törədir, mülki əhalini ağır artilleriyadan atəşə turur, dinc insanıları vəhşicəsinə qətlə yetirirdi.

İşğal zamanı ermənilər mülki obyektlərlə yanaşı tarixi-mədəni abidələrimizə qarşı da vandallıq törətdilər. Onlarla dünya əhəmiyyətli, yüzlərlə misilsiz abidələrimiz məhv edildi. Azərbaycan dövləti ermənilərin bu vəhşiliklərini bütün dünyaya nümayiş etdirdi. Özlərini “qədim” və “mədəni” xalq adlandıran ermənilərin əsl simaları dünyaya məlum oldu.

İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmişdir. Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi olmuşdur. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103 min 200 ədəd mebel avadanlığı, 5 min 640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera və çoxlu sayda digər mədəniyyət avadanlığı işğal olunmuş ərazilərdə qalmışdır.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilir. Təsadüfi deyil ki, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Ordumuz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda yer alır. Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman Azərbaycanda güclü ordu quruculuğuna böyük diqqət ayırır. Bu gün Azərbaycan Ordusunun arsenalında dünyanın ən güclü və müasir silahları yer alır. Bunun nəticəsidir ki, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq, Azərbaycan Ordusu 44 gün ərzində “güclü ordu” imici yaratmış Ermənistan ordusunu darmadağın etdi. İşğal altında olan torpaqlarımız işğaldan azad edildi. Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi rəşadətli ordumuzun Vətən müharibəsi zamanı tətbiq etdiyi döyüş taktikası istər ABŞ, istərsə də digər böyük dövlətlərin ordu generalları tərəfindən yüksək qiymətləndirilib. Bu döyüş texnikasını ABŞ başda olmaqla bir çox böyük dövlətlər öz hərbi məktəblərində tədris olunması barədə qərar qəbul ediblər. Prezident İlham Əliyev hər zaman ordu quruculuğunun dövlət siyasətinin ən əsas prioritetlərindən biri olduğunu qeyd edir.

Müharibə zamanı Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyəcəyini görən Ermənistan ordusu daha bir müharibə cinayətinə əl atmış oldu. Azərbaycan şəhərlərini ballistik raketlərlə atəşə tutdu. Aralarında uşaqlar da olmaqla 100-dən çox dinc sakinimiz qətlə yetirildi. Müharibə zonasından uzaqda yerləşən şəhərlərimizin atəşə tutulması və nəticədə dinc əhalinin qətlə yetirilməsi əsl müharibə cinayəti sayılır. Ermənistan buna görə beynəlxalq məhkəmələrdə cavab verməli olacaq.

Ermənistanın hərbi cinayətkar olmasının bir sübutu da işğal zamanı minalanmış ərazilərin xəritələrinin Azərbaycan tərəfinə verilməməsidir. Basdırılmış yüz minlərlə mina regionda bərpa işlərini ləngidir, eləcə də mülki əhalimizin və hərbiçilərimizin həyatını təhlükə altına salır. Müharibədən sonra 150-dən çox mülki şəxs və hərbiçimiz minaya düşərək həyatını itirib. Beynəlxalq təşkilatlar isə bu məsələdə də ikili standartlar sərgiləyirlər. Minalanmış ərazilərin xəritələrinin Azərbaycan tərəfinə verilməsi ilə bağlı Ermənistana heç bir təzyiq göstərilmir. Müharibədə olduğu kimi Azərbaycan özü Ermənistanı xəritələrin verilməsinə məcbur edir.

Vətən müharibəsində Azərbaycan Ordusu böyük zəfərə imza atdı. İgid oğullarımız böyük qəhrəmanlıq göstərdilər. İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsində şəhid olmuş hərbçilərimizin və mülki əhalimizin qisasını aldılar. Vətən müharibəsi zamanı şəhid olmuş hərbçilərimizin ailə üzvləri, eləcə də qazilərimiz hər zaman dövlətimizin diqqətindədir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və yaralanmış hərbçilərimiz döyüşdə göstərdikləri qəhrəmanlıqlara görə Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə dövlətin ən ali orden və medalları ilə təltif ediliblər. Bu qəbildən olan hərbçilərimizin bütün maddi və mənəvi ehtiyacları dövlət tərəfindən həll edilir. Onlar evlərlə, mənzillərlə təmin edilirlər. Ölkə başçımız İlham Əliyev hər zaman yaralı əsgərlərimizin yanında olacağını qeyd etmiş və onların bütün problemlərinin həll olunacağını vurğulamışdır. Bu gün də şəhidlərimizin ailə üzvləri və qazilərimiz dövlətimizin onlara göstərdiyi qayğıdan razılıqlarını bildirirlər.

Dövlətimiz və xalqımız heç vaxt Vətən, torpaq, dövlət uğrunda canından keçmiş qəhrəmanlarını unutmayacaq. Onların xatirəsi hər zaman anılacaq və xatırlanacaq.

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı,

BDU-nun kafedra müdiri,

professor

28 Sentyabr 2021 00:53 - SİYASƏT
SİYASƏT
17 Oktyabr 2021 | 00:53
Tariximizin şanlı səhifəsi

Köhnə versiyamızdan xəbərləri izlə