Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qələbə məramı ilə başlayıb böyük Zəfərlə bitən Vətən müharibəsi

Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bu gün olduğu kimi, işğal dövründə, eləcə də Vətən müharibəsi getdiyi günlərdə də Azərbaycanın mövqeyi konstruktivliyi ilə diqqət çəkib. Ölkəmiz bu problemin tez bir zamanda həllinin tərəfdarı olub, çünki əziyyət çəkən, əhalisi qaçqın və məcburi köçkünə çevrilən Azərbaycan idi. Lakin, Ermənistan hər vəchlə danışıqlar prosesi­ni pozmaq, yaxud uzatmaqla torpaqlarımızı tapdaq altında əbədi saxlamaq məqsədi güdürdü. İşğal dövründə ərazilərimizdə böyük məbləğdə vəsait hesabına başa gələn nəhəng istehkamlar, minalan­mış sahələr və müdafiə sədlərinin qurulduğu da düşmənin bu çirkin niyyətindən xəbər verirdi. Dövlətimizin başçısı bununla bağlı çıxış­larının birində deyib: “Aydındır ki, onlar bunu torpaqlarımızı əbədi işğal altında saxlamaq üçün etmişlər. Onların taktikası, danışıqlarda iştirak etmək, müəyyən məsələlərə razılıq vermək, digərlərini qəbul etməyərək prosesin imitasiyası ilə məşğul olmaqdan, həlledici qərar verməyə gəldikdə isə geriyə addım atmaqdan ibarət idi”.

 

Prezident İlham Əliyevin bu sözlərindən də göründüyü kimi, Azərbaycan düşmənin məkrli planları­nı yaxşı bilirdi. Buna görə də ölkəmiz sülh danışıqlarının aparılması ilə bərabər, müharibəyə də hazırlaşırdı. Bir sözlə xalqımız işğal və saysız-hesabsız təxribatlar törədilən illər ərzində torpaqlarının tapdaq altın­da qalması ilə heç vaxt barışmadı. Bunun üçün siyasi-iqtisadi sahələrdə ardıcıl islahatlar aparıldı. Mövcud potensialın, ilk növbədə, iqtisadi müstəqilliyin möhkəmləndirilməsini diqqətdə saxlanıldı. Maliyyə vəziyyətinin getdikcə yaxşılaşması isə silahlı qüvvələrin gücləndirilməsini, modernləşdirilməsini şərtləndirdi.

Bütün bunlar barədə dövlətimizin başçısı Rusiyanın nüfuzlu “Nasi­onalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində ətraflı bəhs edib. Ölkə rəhbəri ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətinin artırılması üçün texniki vasitələrin alınmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb: “Bu, onunla nəticələndi ki, biz çox güclü hərbi tərkib hissə yaratdıq və İkinci Qara­bağ müharibəsi bunu göstərdi...”.

Azərbaycan Ordusu öz gücünü hələ Vətən müharibəsindən əvvəl nümayiş etdirmişdi. Belə ki, silahlı qüvvələrimiz 2016-cı ilin aprelində döyüş əməliyyatlarının gedişində öz imkanlarını çox məhdud şəkildə göstərmiş, işğal altındakı ərazilərin bir hissəsini düşməndən təmizləmişdi. Bundan başqa, 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikası ilə Ermənistanın sərhədində dövlətimizin başçısının vurğuladığı kimi, qan tökülmədən əməliyyat aparmaq gücünü nümayiş etdirmişdi. Lakin bu, erməni faşizminə dərs olmamışdı. Ermənistan rəhbərliyi sülh danışıqla­rını pozmağa hesablanan “Qarabağ Ermənistandır və nöqtə” şüarlarını səsləndirməklə, əslində, işğalçılıq siyasətini davam etdirmək istəyini bildirmişdi. Ermənistan müdafiə na­zirinin Amerikada Ermənistanın yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşması barədə bəyanatı isə açıq-aşkar hədə və elementar sağlam düşüncə normalarına, beynəlxalq hü­quqa qarşı məsuliyyətsizlik nümayişi idi.

Bu dövrdə düşmən ölkənin Azərbaycana qarşı atdığı digər addımlar da onun gələcəkdə də bu təxribatlara sadiq qalacağından xəbər verirdi. Prezident İlham Əliyev “Nasionalnaya oborona” jurnalına müsahibəsində bu barədə deyib: “Buna görə hər şey bu istiqamətdə gedirdi. Hərbi əməliyyatların başlan­masından əvvəlki hadisələrin xrono­logiyasına nəzər salsaq, iyul ayında dövlət sərhədində təxribat törədildi, bizim dinc sakinlər və hərbi qulluq­çular həlak oldular, avqust ayında ermənilər tərəfindən göndərilmiş təxribat qrupu Goranboy rayonunda zərərsizləşdirildi, sentyabr ayında nələrin olması isə artıq hamıya məlumdur…”.

İkinci Qarabağ müharibəsində Ermənistan hər zaman olduğu kimi, yenə də Azərbaycanın tari­xi, müqəddəs missiyasına kölgə salmaqdan belə çəkinmirdi. Bü­tün dünyaya silahlı qüvvələrimiz tərəfindən guya fosfor tərkibli sursat­ların tətbiqi iddiasını yayırdı. Halbuki Azərbaycan Ordusunun silahlanma­sında beynəlxalq hüquqla qadağan olunan heç bir silah və sursat yox idi. Bu kimi əsassız xəbərlər yay­maqla işğalçı ölkə dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi hərbi cinayətləri gizlətmək, ört-basdır etmək məqsədi güdürdü. Əslində isə ordumuzun sarsıdıcı cavab zərbələri qarşısın­da geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alır, döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqda yerləşən şəhərləri və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tuturdu. Bununla da cəbhədə aldığı ağır məğlubiyyətlərin acısını dinc sakinlərdən çıxır və Azərbaycanın mülki şəxslərini hədəf alırdı. Düşmən ölkəyə qarşı siyasi-diplomatik təzyiqlərin olmaması və işğalçının əməllərinin qınanılmaması onu yeni cinayətlər törətməyə sövq edirdi. İstifadəsi qadağan olunmuş raketlərin dinc insanlara qarşı tətbiqi isə çoxsaylı mülki şəxsin həlak olması ilə nəticələnirdi.

Prezident İlham Əliyev “Na­sionalnaya oborona” jurnalına müsahibəsində də bununla bağlı deyib: “Hərbi əməliyyatlar aparılan dövrdə biz bir dəfə də, provokasi­yalara uymadıq. Hətta ermənilər şəhərlərimizi bombalayanda, uşaqla­rımızı və qadınlarımızı öldürəndə də biz Ermənistana eyni şəkildə cavab vermədik, biz onların şəhərlərini bom­balamadıq. Hərçənd, bizi coşduran emosiyaları başa düşmək olardı. Biz hərbi cinayətlər törətməmişik. Hərbi əməliyyatın elə ilk günündə mən hərbi qulluqçulara çox sərt göstərişlər vermişdim ki, hərbi cinayətlər törətməyi özünə rəva görənlər ciddi cəzalandırılacaqlar...”.

Ermənistan təkcə Vətən müharibəsi günlərində deyil, uzun illər davam edən işğal zamanı da faşizm siyasəti yürüdüb, şəhər və kəndlərimizi tamamilə dağıdıb, Azərbaycan xalqına məxsus daşın­maz tarix və mədəniyyət abidələrini yerlə-yeksan edib, mənimsəyib. İslam dini abidələrini – məscidlər, türbələr və digər inanc yerlərini xarabalı­ğa çevirib. Düşmən məscidlərin içərisində ev heyvanları saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini ortaya qoyub.

Ermənilərin yaşayış məntəqələrimizə, maddi-mədəni abidələrimizə düşmən münasibəti, insanlıqla bir araya sığmayan vəhşi əməlləri Qarabağ və ətraf rayonların demək olar ki, hər qarışında nəzərə çarpır.

Əslində, beynəlxalq konven­siyalarda bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər bütün dünya mədəniyyətinə qarşı təcavüz kimi qiymətləndirilməlidir. Çünki talan və məhv edilən dəyərlər nəinki ölkəmizin, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Buna baxmayaraq, bu cür barbarlığı, təəssüf ki, dünya birliyi susqunluqla qarşılayır, biganə münasibət sərgiləyir. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respub­likasının Prezidenti İlham Əliyevin sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində dediyi sözlər də erməni faşizminin iç üzünü açır: “44 gün ərzində biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etmədik, təkcə düşməni torpağımızdan qov­madıq, təkcə milli ləyaqətimizi bərpa etmədik, biz erməni faşizminin başını əzdik. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür. Bi­zim bütün şəhərlərimiz yerlə-yeksan edilib, bütün tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub. 67 məsciddən 65-i tamamilə dağıdı­lıb, qalan yarıdağılmış məscidlərdə mənfur düşmən bizi təhqir etmək üçün, bütün dünya müsəlmanlarını təhqir etmək üçün heyvan saxlayırdı, inək, donuz saxlayırdı. Mən əminəm ki, dünya müsəlmanları buna adek­vat reaksiya verəcəklər... Qələbəmiz qeyd etdiyim kimi, erməni faşizmi üzərində əldə edilmiş qələbədir”.

Burada bir məqamı da xatırlatmaq istərdim. Bu gün xarici ekspertlər tərəfindən 44 günlük müharibədə Ermənistanın acı məğlubiyyəti bir sıra amillərlə əlaqələndirilir. Bu ölkənin savaşda sürətli çöküşünün əsas səbəblərindən biri kimi İrəvan hakimiyyətinin üçüncü dövlətlərə ar­xalanmasından və ordusunun hazır­lıqsızlığından qaynaqlandığı bildirilir. Eyni zamanda, Ermənistanın yeni silahlarla təchizatının aşağı səviyyədə olması da vurğulanır. Amma burada Azərbaycan Silahlı Qüvvələrindən fərqli olaraq, düşmən ordusunda ruh yüksəkliyinin olmaması, savaşın ilk günlərindən başlayaraq, fərariliyin nəzərəçarpacaq dərəcədə artması ilə bağlı əsas məsələ nədənsə unudulur.

Bəli, bu tarixi zəfər təkcə silah gücünə qazanılan qələbə deyildi, həm də Azərbaycan diplomatiyasının misilsiz uğuru, silahlı qüvvələrimizin döyüş ruhunun təntənəsi, xalq-iqtidar-Prezident birliyi idi.

Məhz bu əsas amillər hesabına Vətən müharibəsində xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurdu. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrun­da gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşməni ağır məğlubiyyətə uğratdı.

Ermənistanın bu müharibədə rüsvayçı məğlubiyyətlə üzləşməsində həm də düşmənin Azərbaycan xalqının Qarabağ sevgisinin, Vətən məhəbbətinin nə qədər güclü oldu­ğunu dərk etməməsi əsas rol oynadı. Dövlətimizin başçısının vurğuladığı kimi, “onlar bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o qələbəyə aparan həm gücü­müzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu qələbəni şərtləndirdi”.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

28 Sentyabr 2021 00:51 - SİYASƏT
SİYASƏT
17 Oktyabr 2021 | 00:53
Tariximizin şanlı səhifəsi

Köhnə versiyamızdan xəbərləri izlə