Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şirvan şəhərində şəhidlərin xatirəsi ehtiramla anılıb

 

 

Anım Günü ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də təntənəli surətdə qeyd olunub. Şirvan Şəhər İcra Hakimiyyətinin (ŞŞİH) başçısı İlqar Abbasov, ŞİHB-sı yanında şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri əvvəlcə şəhərin Heydər Əliyev meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidə önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirəsinə ehtiramlarını ifadə edirlər.

Şirvan Şəhər İcra Hakimiyyətinin akt zalında “Anım Günü”nə həsr olunmuş ümumşəhər tədbiri keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək deyibdir: “2020-ci ilin 27 sentyabr tarixində səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiq­yaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən ordumuzun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutmasına cavab olaraq Azərbaycan ordusunun komandanlı­ğı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlamasın­dan bir il ötür”.

Natiq vurğulayıb ki, həmin günlərdə minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ifadə etdilər. Azərbaycan Respublikasının Prezi­denti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu.

44 gün davam edən Vətən müharibəsində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqinin ifadəsi oldu.

Şirvan ŞŞİH başçısı sonra demişdir: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatı ilə şanlı Azərbaycan Ordusu 30 ilə yaxın işğalda olan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı işğaldan azad edildi. Noyabrın 8-də Qarabağın ürəyi, incisi, baş tacı hesab olunan Şuşa şəhərinin işğaldan azad edilməsi Azərbaycanın hərb tarixinə şərəfli, parlaq səhifə kimi yazıldı. Qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə, 286 kənd, bir neçə adsız yüksəklik yağı düşməndən təmizləndi”.

Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi, Ermənistanın işğalçı­lıq siyasətinə son qoyuldu. Noyabrın 10-u Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırıl­ması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistanın nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası­nın təmin edilməsi elan edildi. Azərbaycan xalqı küçələrə, meydanlara axışaraq böyük sevinc və qürur hissi ilə Şanlı Zəfərini qeyd etdi.

Tədbirdə sonra Milli Məclisin deputatı İltizam Yusifov, şəhid Zeynal Zülfüqarlının anası Şəlalə Nadirova, Vətən Müharibəsi iştirakçısı Elvin Abbasov çıxış edərək Vətən torpağı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin xalqımız tərəfindən heç vaxt unudulmayacağını, daim dərin hörmətlə yad ediləcəyini bildiriblər.

Tədbir iştirakçıları sonra Şirvan şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər. Əvvəlcə Birinci Qarabağ müharibəsində itkin düşən Şirvan şəhidlərinin xatirə lövhəsi, sonra şəhid məzarları ziyarət edilib. “Şəhid Anası” abidə kompleksinin təqdimatı keçirilib. Dünən saat 1200-da ölkəmizin hər yerində olduğu kimi, Şirvanda da şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Bir dəqiqəlik sükutdan sonra Şirvan Şəhidlər Xiyabanında və Məhəmməd Füzuli adına parkda Qarabağ müharibəsində Şir­van şəhərindən Şəhid olanların hər birinin xatirəsinə ağac əkilib. Daha sonra Şirvan şəhər “El qəbristanlığı”nda olan şəhid məzarları ziyarət olunub. Allah şəhidlərə rəhmət eləsin!

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

28 Sentyabr 2021 00:49 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə