Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müdafiə Nazirliyi 44 günlük Vətən müharibəsi ilə bağlı “Qəhrəmanlıq salnaməsi” adlı videoçarx yayımlayıb - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qəhrəman ordumuzun şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin başlanmasının birinci ildönümü münasibətilə “Qəhrəmanlıq salnaməsi” adlı videoçarx yayımlayıb.

 "Xalq qəzeti" xəbər verir ki, videoçarxda xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində regionun ən qüdrətli ordusuna çevrilən Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusunu cəmi 44 gün ərzində darmadağın edərək doğma torpaqlarımızı azad etməsindən söhbət açılıb.

Videoçarxda qeyd olunub ki, hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun Silahlı Qüvvələridir. Azərbaycan Ordusunun 1918-ci ildən başlayaraq kəşməkəşli və şərəfli inkişaf yolu hərb tariximizin möhtəşəm salnaməsidir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra onun müstəqil dövlət quruculuğu istiqamətində tarixi xidmətlərindən biri də müasir ordunun formalaşdırılması oldu.

Məlumat verilib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində ən müasir tələblər səviyyəsində formalaşdırılan Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alıb. Ordumuz gücünün cüzi bir hissəsini 2016-cı ilin aprel döyüşlərində və 2018-ci ilin mayında Günnüt əməliyyatında düşmənin təxribatlarının qarşısını qətiyyətlə alaraq, ona ağır zərbə vurmaqla nümayiş etdirdi. Bu əməliyyatlarda işğalçı ölkənin ordusunu məğlubiyyətə uğradan Azərbaycan Ordusunun bölmələri bir sıra hərbi strateji yüksəklikləri və mövqeləri azad etdi.

Videoçarxda 2018-ci ildə Ermənistanda hakimiyyətə gəlmiş Nikol Paşinyanın populist bəyanatlarının və işğal olunmuş ərazilərimizə qanunsuz səfərlərinin, təxribatçı hərəkətlərinin danışıqlar prosesini dərindən sarsıtdığı vurğulanıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri 2020-ci ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçmək cəhd göstərsə də, buna müvəffəq ola bilmədi. Bundan sonra avqustda təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərdi. Lakin görülmüş tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilib və qrupun komandiri əsir götürüldü.

Qeyd olunub ki, təxribatlarının miqyasını və şiddətini daha da artıran Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də səhər saatlarında cəbhə boyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində həm hərbi qulluqçularımızdan, həm də mülki əhalidən yaralanan və həlak olanlar oldu. Nəticədə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar qəbul edildi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli müasir təminata və yüksək döyüş qabiliyyətinə malik rəşadətli Azərbaycan Ordusu döyüş meydanında əsl peşəkarlıq nümayiş etdirərək, torpaqlarımızın işğaldan azad olunması əməliyyatını uğurla həyata keçirdi. Çətin coğrafi relyefə malik olan ərazilərdə döyüş aparan ordumuz dünya hərb tarixində köhnə ənənələri alt-üst edərək, yeni taktiki hücumun əsasını qoydu. Ermənistan silahlı qüvvələrinin illərdir möhkəmləndirdiyi, “keçilməz” Ohanyan səddi kimi əfsanələşdirdikləri müdafiə xətləri, eyni zamanda hava hücumundan müdafiə qurğuları qısa zamanda darmadağın edildi.

Videoçarxda Azərbaycan Ordusunun zabitinin “Ruh yüksəkliyi yüksək səviyyədədir, döyüş qabiliyyəti çox yüksəkdir. Rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı azad etməkdə davam edir” sözləri Azərbaycanın əsgər və zabitlərinin döyüş ruhunun, peşəkarlığının və qələbə əzminin ən yüksək səviyyədə olmasını bir daha nümayiş etdirdiyi xüsusi vurğulanıb. Qeyd edilib ki, döyüş meydanında Azərbaycan Ordusunun qarşısında aciz qalan erməni silahlı birləşmələri müharibə qaydalarına zidd olan addımlar ataraq dinc əhalinin yaşadığı şəhərlərimizi raket atəşinə tutdu. Nəticədə dinc sakinlər arasından ölən və yaralananlar oldu.

“Qəhrəmanlıq salnaməsi” adlı videoçarxda düşmənin bu mənfur addımlarına yalnız döyüş meydanında layiqli cavab verən ordumuzun surətlə irəliləyərək torpaqlarımızı işğaldan azad etdiyi real görüntülərlə diqqətə çatdırılıb. Qeyd edilib ki, Ermənistan ordusunun canlı qüvvəsi, mövqeləri, hərbi texnikaları məhv edilir və qoyub qaçdıqları hərbi texnikaları qənimət kimi götürülüb. Ermənistan ordusunun bir neçə ilə işğal etdiyi torpaqlarımız şanlı Ordumuzun qəhrəman övladları sayəsində cəmi 44 gündə azad olundu.

Xüsusi vurğulanıb ki, tarixə qızıl hərflərlə yazılan Vətən müharibəsinin hər günü bir qəhrəmanlıq salnaməsidir. Bu mübarizədə dövlət, xalq, ordu birliyi bizi zəfərə daha da yaxınlaşdırdı. Dəmir yumruq kimi birləşən xalqımız hər addımda ordumuzla həmrəyliyini nümayiş etdirərək şanlı qələbənin əldə olunmasına mühüm töhfə verdi.

Həmçinin Vətən müharibəsində Azərbaycana ən böyük siyasi və mənəvi dəstək verən ölkələr arasında ilk növbədə Türkiyə, Pakistan və İsrailin olduğu xüsusi qeyd edilib. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının təkcə sözdən ibarət olmadığını əməlləri ilə təsdiq edən qardaş Türkiyənin Vətən müharibəsinin ilk günündən sonuna qədər Azərbaycanın yanında olduğu diqqətə çatdırılıb.

“Qəhrəmanlıq salnaməsi” adlı videoçarxda Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük əks-hücum əməliyyatını zəfərlə başa vurduğu, Şuşanın azad edilməsi əməliyyatının dünya hərb tarixində xüsusi yer tutduğu qeyd olunub. Qəhrəman hərbçilərimizin şəhər və qəsəbələrimiz işğaldan azad edilməsi barədə Müzəffər Ali Baş Komandana raport vermələrini, Azərbaycan Prezidenti İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini əks etdirən görüntülər həmin möhtəşəm və unudulmaz hissləri xalqımıza bir daha xatırladıb, yaşadıb.

Bundan başqa, Vətən müharibəsinin şanlı qələbə ilə başa çatması ilə əlaqədar dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı, silahlanmaya yeni qəbul olunmuş hərbi texnikaların, ordumuzun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərində nümayişi ilə bağlı görüntülər də izləyicilərə təqdim olunub.

 

27 Sentyabr 2021 14:47 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə