Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İslahatlar təhsil sektorunda yüksək nəticələrə stimul yaradır

 

Təhsil hər bir dövlətin gələcəyidir. Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır. Eyni zamanda, müəllimlərin fəaliyyətini stimullaşdır­maq üçün islahatlar aparılır. Müəllimlərin əməkhaqları qaldırılır. Əlbəttə ki, hər bir məktəbin əsas qiyməti onun fəaliyyətinin göstəriciləri ilə bağlıdır. Hər bir məktəb çalışmalıdır ki, təhsilin səviyyəsi yüksək olsun.

İlham ƏLİYEV

 Azərbaycan Respublikasının Prezidenti

 

Ölkəmizdə müşahidə olunan sürətli inkişaf tendensiyası təhsil sahəsindən də yan ötməyib. Əlbəttə, bu inkişafın təməlində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu islahatlar dayanır. Məhz onun ideyaları əsasında ölkəmizdə reallaşdırılan siyasi-stra­teji kurs müasir Azərbaycanın təməl sütunlarından biridir. Ümum­milli liderin yaratdığı bu ənənələr hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin xüsusi diqqəti və uzaqgörən siyasəti sayəsində icra edilən dövlət proqramları bütün sahələrdə olduğu kimi, təhsil sistemində də keyfiyyətcə yeni inkişaf strategiyalarının müəyyən edilməsinə, bu əsasda yüksək nəticələrin əldə edilməsinə gətirib çıxarır.

 

Respublikamızda təhsil sekto­runa dövlət qayğısı bütün dövrlərdə diqqət mərkəzində olub. Ələlxüsus, müstəqillik illərində – ümummilli liderin hakimiyyətə qayıdışından sonra start götürən dövlət islahatları təhsil sisteminin inkişafına da təkan ver­mişdir. Heydər Əliyevin çıxışlarında tez-tez qeyd etdiyi kimi, təhsil millətin gələcəyidir. Təbii ki, millətimizin gələcəyi olan bu sahəyə göstərilən diqqət də xüsusi olmalıdır. 1998-ci il martın 30-da ümummilli lider Heydər Əliyevin sərəncamı ilə ölkəmizdə təhsil sisteminin beynəlxalq normalara çatdı­rılması, bu sahə üzrə peşəkar kadr­ların yetişdirilməsi üçün islahatların hazırlanması üçün Dövlət Komissiyası yaradıldı. Həmçinin, ümummilli liderin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqın­da” 13 iyul 2000-ci il tarixli fərmanı ölkəmizdə ali təhsilin inkişafında yeni bir mərhələnin əsasını qoydu.

Azərbaycanda təhsil sisteminə olan dövlət dəstəyi ildən-ilə artmaqda­dır. Ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev də ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı­na, mövcud dəyərlərin və tarixi orijinal­lığın qorunub saxlanılmasına xüsusi diqqət ayırır. Təsadüfi deyil ki, res­publikamızda təhsil sisteminə ayrılan dövlət büdcəsi hərbi sahədən sonra ikinci yerdədir. Bu, ölkəmizdə təhsil sisteminin inkişafını təmin edən ən önəmli amillərdən biridir. Qeyd etmək lazımdır ki, son illər ölkəmizdə bu sahənin inkişafı üçün yaradılan şərait təhsil sitemimizin beynəlxalq təhsil sektoruna inteqrasiyasını şərtləndirir.

Respublikamızda məktəb tikintisi prosesi sürətlə gedir. Məlum olduğu kimi, bu prosesə ilk təkanı Heydər Əliyev Fondu vermişdir. Bu mənada, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini qeyd etmək olar. Bu layihə ölkəmizdə genişmiqyaslı hərəkatın başlanmasına yol açdı. Ondan sonra dövlət xətti ilə də məktəblərin tikilməsi prosesi sürətləndi. 2004-cü ildən bu günə qədər 3 mindən çox məktəbdə əsaslı təmir, yenidənqurma işləri aparılıb, onlardan bir çoxu yenidən tikilib. Bu, çox böyük göstəricidir. Lakin dövlət başçımızın fikrincə, bununla kifayətlənmək olmaz. Çünki hələ də qəzalı vəziyyətdə olan məktəblər var. Bununla yanaşı, ölkəmizdə əhalinin sürətli artımı müşahidə olunur. Təbii ki, əhali nə qədər artarsa ölkəmiz də o qədər güclənəcək, inkişaf edəcək. Beləliklə, məktəbə gedən uşaqların sayı ildən-ilə artır. Belə olan halda məktəblərin tikintisi prosesi daim davam etdirilir.

Əlbəttə, məktəblərin yenilənməsi, təhsilin, ümumiyyətlə, maddi-texniki bazanın gücləndirilməsi ilə yanaşı, təhsil keyfiyyətinin də yaxşılaşması üçün önəmli addımlar atılır. Ölkəmizdə bu sahədə görülən işlər özünü büruzə verir. Təsadüfi deyil ki, son illərdə ali məktəblərə qəbul imtahanlarında da bu fakt özünü göstərir.

Təhsil sisteminin inkişafı naminə görülən işlər uşaqların, gənc nəslin savadlı, bilikli olmasına hesablanıb. Sevindirici haldır ki, Azərbaycanda savadlılıq səviyyəsi maksimuma ya­xındır. Bu, bir çox ölkə üçün əlçatmaz göstəricidir. Dövlət başçısı çıxışları zamanı bu göstəricini böyük iftixar­la qeyd edir. Ölkəmizin gələcəyinin gənclərimizin əlində olduğunu xüsusi vurğulayan Prezident İlham Əliyev bu barədə demişdir: “Savadlılıq əsasdır və uşaqlarımız bilikli, ağıllı olmalıdır­lar, yaxşı oxumalıdırlar ki, gələcəkdə onlar özləri üçün cəmiyyətdə layiqli yer tuta bilsinlər. Çünki bugünkü dünyada savad, bilik hər şeyi müəyyən edir. Əgər hər hansı bir insan öz həyatını yaxşı qurmaq istəyirsə, gələcəkdə cəmiyyətdə yaxşı yer tutmaq istəyirsə, mütləq yaxşı oxumalıdır. Yaxşı oxumaq üçün bütün şərait var. Mən əminəm ki, Azərbaycan uşaqları, gənclər, yeniyetmələr bu işlərə çox böyük məsuliyyətlə yanaşacaqlar”.

Təbii haldır ki, hər bir ölkənin inkişafı, gələcəyi gənclərin intellektual potensialından asılıdır. Bu mənada, in­kişaf etmiş ölkələrin təcrübəsinə, eləcə də uğurlarına baxmaq kifayət edir. Belə ölkələrdə innovasiyalar, texnolo­giya daim inkişaf edir. Bu da tərəqqini şərtləndirən əsas amillərdəndir.

Hazırkı dövrdə baş verən hadisələr onu deməyə əsas verir ki, gələcək inkişafı ölkənin təbii resursları yox, sa­vadlılıq səviyyəsi, bilik, elm müəyyən edir. Əlbəttə, bu reallıq təkcə ölkəmiz üçün keçərli deyil. Dövrümüzdə bütün sahələr üzrə texnologiyalar sürətlə inkişaf edir. Texnologiyalar inkişaf etdikcə, onların sahibləri dünyada əsas söz sahibinə çevrilir. Biz dövlət və xalq səviyyəsində çalışmalıyıq ki, ölkəmiz bütün bu göstəricilərə görə dünya liderlərindən geri qalmasın. Azərbaycanda texnoloji inkişaf pro­sesi əvvəlki illərə nisbətən yüksələn xətlə davam edir. Maddi-texniki baza möhkəmləndirilir, hər il yeni islahat­lar həyata keçirilir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı”na dair fərmanı bu sahədə görülən işlərin nümunəsidir. Bütün bunların təməlində ölkəmizdə təhsilin keyfiyyətinin artırılması, dövlətin bu sahəyə olan xüsusi qayğısı dayanır. Bu, həm iqtisadi inkişaf üçün, həm də siyasi sabitlik, əmin-amanlıq üçün labüd məsələlərdən biridir.

Bu gün dünyanı cənginə alan COVID-19 pandemiyası bütün sahələrlə yanaşı, təhsil sahəsində də köklü dəyişikliklərə səbəb oldu.Həmin dəyişikliklər müvəqqəti olsa da, bir çox problemlərə, axsamalara gətirib çıxardı ki, bunlardan birincisi təhsil prosesinin onlayn sistemə keçirilməsi idi. Bütün dünya üzrə həyata keçirilən bu məcburi təhsil üsulu bir çox ölkədə uğursuzluqla nəticələndi. Lakin yuxarıda qeyd etdiyimiz kimi, son illər ölkəmizdə reallaşdırılan islahatlar, informasiya və kommu­nikasiya sahəsində məktəblilərin maarifləndirilməsi nəticəsində ölkəmizdə onlayn təhsil sistemi uğurla tətbiq edildi. Dövlət başçımızın və Bi­rinci vitse-prezidentin son günlər pay­taxtın bir neçə təhsil müəssisəsində olması və öz tövsiyələrini verməsi də adıçəkilən diqqətin bariz nümunəsidir.

Bütün bunlara baxmayaraq, ənənəvi təhsillə müqayisədə onlayn sistem daha aşağı səviyyəli tədris prosesinə imkan verir. Bundan əlavə, məktəbə yeni başlayan ibtidai sinif şagirdlərinə oxuma-yazmanın on­layn tədris edilməsi məqsədəuyğun deyil. Buna görə də, pandemiyanın dünya səviyyəsində zəiflədiyi, ölkə üzrə 5 milyondan çox insanın vaksin olunduğu gerçəyini nəzərə alaraq, təhsil müəssisələrinin ənənəvi dərs sisteminə keçid etməsi ən zəruri dəyişikliklərdən biri idi. Əlbəttə, risk səviyyəsinin minimuma endirilməsi üçün davamlı tədbirlər görülür. Bun­lardan biri də, 18 yaşı tamam olan gənclərin vaksin olunmadan ənənəvi təhsildə iştirak edə bilməməsidir. Bü­tün bunlar nəzərə alınaraq ölkəmizdə sentyabrın 22-dən ibtidai siniflər, 29-dan etibarən isə yuxarı sinif və universitetlər üçün ənənəvi tədris bərpa edilir. Bütün şagird və tələbələrə yeni dərs ilində müvəffəqiyyətlər arzu edirik.

İmran ƏLİYEV,

“Xalq qəzeti”

26 Sentyabr 2021 00:13 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə