Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Reabilitasiya vasitələri ilə təminat sistemi gücləndirilir

 

 

Azərbaycanda köməkçi texnologiyalar – reabilitasiya vasitələri, o cümlədən təkərli oturacaqlar, eşitmə cihazları, protezlər, eynəklər və s. ilə təminat sistemi ildən-ilə gücləndirilir. Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nümayəndələri ilə keçirilən görüşdə bildirilib.

Nazir Sahil Babayev Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısını vurğulayıb, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və reabilitasiya imkanlarının artırılması üçün atılan mühüm addımları diqqətə çatdırıb. O, son iki ildə 12 reabilitasiya və sosial xidmət müəssisəsinin əsaslı təmir və yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz olunmuş şəkildə istifadəyə verildiyini, bu il uşaqlar üçün bölgələrdə iki reabilitasiya mərkəzinin də açılacağını deyib.

Cari ilin 8 ayında reabilitasiya müəssisələrində əlilliyi olan 4600 şəxsə reabilitasiya xidmətləri göstərildiyi, 7 min şəxsə 30 min reabilitasiya vasitəsi təqdim edildiyi, ötən ilin dekabr ayından yüksək texnologiyalı protezlərlə təminata başlanıldığı, Vətən müharibəsi əlillərindən 142 hərbçinin son nəsil elektron protezlərlə təmin olunduğu qeyd edilib. Dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısına ötən il 23 yeni növün də daxil edildiyi, siyahıdakı sayın 57-yə çatdığı vurğulanıb.

S.Babayev əlillik və reabilitasiya sahələrində islahatlarda, o cümlədən əlilliyin qiymətləndirilməsi meyarlarının qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsində ÜST ilə fəal əməkdaşlığın önəmini vurğulayıb. Bildirib ki, mövcud əməkdaşlıq gündəliyində ölkəmizdə köməkçi texnologiyalar– reabilitasiya vasitələri ilə təminat sisteminin gücləndirilməsi və əhatəsinin genişləndirilməsi, əlilliyi olan şəxslərlə yanaşı, digər kateqoriyalara aid şəxslərin (o cümlədən yaşlıların, xroniki xəstəlikləri olan insanların, yaralanmış şəxslərin və b.) ehtiyaclarına uyğun həmin vasitələrə əlçatanlığının artırılması da mühüm yer tutur. Bununla bağlı ehtiyaclar səviyyəsi, tələbat və təklif haqqında məlumatlar bazasının formalaşması üçün qiymətləndirmələr, habelə prioritet köməkçi reabilitasiya vasitələrinin milli siyahısının hazırlanması işləri aparılır.

Səhiyyə nazirinin müavini Rəhim Əliyev və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Hande Harmancı fikirlərini bölüşüblər. Köməkçi texnologiyalar, reabilitasiya vasitələrinə əlçatanlığın müvafiq kateqoriyalardan olan şəxslərin öz funksionallığını, sağlamlığını və rifahını qorumalarında önəmi, bu vasitələrə ehtiyacların müəyyən edilməsi üçün aparılan qiymətləndirmənin əhəmiyyəti vurğulanıb.

Görüşdə qiymətləndirmə üzrə aparılan işlərin nəticələri də müzakirə olunub.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

25 Sentyabr 2021 02:33 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə