Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şərəfli alim ömrü

“Tarix tələbkar imtahançıdır. Hökmdarlar, saray əyanları, zülmkarlar unudulub getmişlər. Azərbaycanın böyük mütəfəkkir və humanist şairlərinin təravətdən düşməyən misraları isə bu gün də öz hikməti və insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur.”

Heydər ƏLIYEV

Ümummilli lider

 

Dünyaya gələn bəşər övladının hər birinin Ulu yaradan tərəfindən alın yazısı olur. Hər kəsə nəsib olmayan ilahi bir lütf, böyük istedad sahibi, gözəl bədii söz ustası, şair, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Teymur Kərimli haqqında portret yazını yazmağı özümə bir gənc olaraq borc bildim. Bənzərsiz şəxsiyyət, könlü, gözü, qəlbi, ürəyi Vətən sevgisi, Azərbaycan sevdasıyla dopdolu, həssas ürəkli bir insan Teymur müəllim görkəmli alimdir. Beş-on dəqiqəlik söhbət, həssas bir müşahidə kifayətdir ki, Teymur müəllimin güclü iradəyə, insanlara yaxşılıqlar etməyə qadir mətin insan olduğunu hiss edəsən

Düzgün tərbiyə və sağlam prinsiplər əsasında formalaşan Teymur müəllim oxunub öyrənilməyə layiq bir kitabdır. Cəmiyyət üçün faydalı olan insanları yaxından öyrənmək hər bir fərd üçün çox vacib olan məqam sayılır. Xüsusilə, öz yolunu yeni quran gənclər üçün bu çox vacibdir. Bu insanları tanıdıqca hər bir şəxs kamilləşir, insanlığa lazım olduğunu dərk edir.

Savad gendənmi yaranıb, formalaşır, yoxsa insan özü buna yiyələnir? Teymur müəllimin yüksək bilik, savad almaq, yazıb-yaratmaq, cəmiyyət üçün faydalı insan kimi yetişmək istəyi gendən gəlirdi. Ailəsində gördüyü yüksək mənəvi-əxlaqi dəyərlər xarakterinə dərindən təsir etmişdi. Akademik Vaqif Abbasov Teymur Kərimliyə açıq məktubunda bildirmişdi: “Allah hər bir insanı yaradarkən yalnız onun özünə bəlli olan proqramlaşdırılmış genetik kod ilə yaradır və özü məqbul saydığı ənamları həmin insana bəxş edir. Yaradan sizin üçün genetik kodun ən mükəmməlini, bu mükəmməlliyin təsdiqi olan nurluluğu, analitik və dərin təfəkkürü, ali ünsiyyət mədəniyyətini, hüdudsuz səbri, insansevərliyi, sadəliyi bəxş edib. Alimliyiniz də insanlığınız qədər ucadır, mükəmməldir, dərindir, genişdir.”

Akademik Teymur Kərimli Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində 2 oktyabr tarixində dünyaya gəlmişdir.

Teymur Kərimli gecəsini gündüzünə qataraq dərslərinə səylə çalışıb riyaziyyat təmayüllü orta məktəbi qızıl medalla bitirib. Ədəbiyyata vurğunluğu ilə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirib.

Akademik qırılmaz tellərlə Nizami və Füzuli yaradıcılığına bağlanır. AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar Kazımoğlu haqlı olaraq qeyd etmişdi:“Teymur Kərimlini Nizami və Füzuliyə bağlayan mənəvi dəyərləri ümumi şəkildə diqqətə çatdırmaq istəsəm, nəfsin, dünyagirliyin fövqünə qalxmağı lap başda qeyd etməliyəm. Bildirməliyəm ki, dünyanın naz-nemətinə aldanmamağı oxucuya dönə- dönə tövsiyə edən Nizami və Füzuliyə üz tutmağın özü bəri başdan tədqiqatçının xarakteri barədə müəyyən təsəvvür yaradır.”

Teymur Kərimli gələcək həyatını Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlayır. Belə ki, 1977-1980-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alır. 1983-cü ildə “Nizamidə tarixin romantik qavrayışı “Yeddi gözəl” poeması üzrə” mövzusunda namizədlik, 2004-cü ildə “Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.

Ümummilli lider Heydər Əliyev çıxışlarının birində qeyd etmişdi: “Tarix tələbkar imtahançıdır. Hökmdarlar, saray əyanları, zülmkarlar unudulub getmişlər. Azərbaycanın böyük mütəfəkkir və humanist şairlərinin təravətdən düşməyən misraları isə bu gün də öz hikməti və insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur.” Ədəbiyyatşünas, naşir, mətnşünas, şərqşünas, şair və tərcüməçi Teymur Kərimli klassik ədəbiyyatımızın istedadlı araşdırıcısı və bacarıqlı təbliğatçısı olmaqla, Nizami, Xaqani, Nəsimi, Füzuli, Xətai, M.P.Vaqif, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Şəhriyar, Hüseyn Cavid kimi görkəmli söz ustalarının ədəbi irsini tədqiq etmişdir.

Ulu öndər Heydər Əliyevin “elmimizə, mədəniyyətimizə sahib çıxaq” kəlməsi ziyalılığa yüksək nümunə olan akademik Teymur Kərimlinin həyatında böyük məna kəsb etmişdir. 2010-cu ildə “Heydər Əliyev və klassik ədəbiyyat” araşdırmasına görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olmuşdur.

Akademik İsa Həbibbəyli Teymur müəllim haqqında demişdir: "O, tarixi biliklərə malik olan geniş dünyagörüşlü ədəbiyyatşunas alim səviyyəsində diqqəti cəlb edir”. Alimin “Nizami və tarix”, “Görünməyən Füzuli”, “Gözəllərin axıra qalmışı”, “Şərqin qapısından dünyaya”, “Hicran ömrü”, “Akademik Əhməd Mahmudov”, “Çağdaşımız Nəsimi” kitabları, ümumtəhsil məktəblərinin X sinifləri üçün “Ədəbiyyat” dərsliyi və yüzdən artıq elmi məqalələri özündən sonrakı nəsillər üçün mənəvi xəzinədir. Bir sıra qabaqcıl Avropa ölkələrinin məşhur jurnallarında elmi məqalə və tezisləri dərc edilən görkəmli alimin müəllifliyi, həmçinin redaktorluğu ilə tarixi və ölkəmizin ictimai-siyasi həyatı ilə bağlı çox kitab nəşr edilmişdir. Bu yaradıcı insan sevgi şairi, əsl təbiət vurğunu, romantik bir insandır. Onun əsərlərini oxumaqla bir insan kimi onun özünü daha yaxından tanımaq olur. Alimin yaradıcılığı Qarabağ münaqişəsi mövzusuna qədər əhatələnmişdir. Şeirindən bir misrası xüsusilə diqqəti cəlb edir: “Ali Baş Komandan çəkdi silahı, Göylərə yüksəldi düşmənin ahı!”. Çıxışlarının birində qeyd edir: “Çalışıram ki, insanların ürəyində milliliyin sönməsinə imkan verməyim”.

2018-ci ildə Azərbaycan Milli Kitabxanasında Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Həşim oğlu Kərimlinin anadan olmasının 65 illiyi münasibətilə “Teymur Kərimli-65” mövzusunda kitab sərgisi keçirilmiş və müəllifi olduğu əsərləri, redaktə və tərcümə etdiyi, elmi məsləhətçisi olduğu kitablar , onun haqqında yazılan qəzet və jurnal materialları əhatə olunmuşdur.

Gərgin axtarışları ilə unikal yeniliklərə imza atan görkəmli alim həm də yüksək idarəçilik keyfiyyətləri, ictimai-siyasi fəallığı ilə seçilir. Teymur Kərimli uzun illər AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərmiş, “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsinə rəhbərlik etmişdir. 2002-ci ildən Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində 2002-2003-cü və 2012-2013-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunda direktor vəzifəsinin icraçısı işləmiş, 2014-cü ildən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru və AMEA Humanitar elmlər bölməsinin akademik katibidir.

Alim həmçinin, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Elm” nəşriyyatının baş redaktoru işləmiş, bir sıra elmi jurnal və topluların redaksiya heyətinin üzvü, xeyli sayda monoqrafiyanın elmi redaktoru, altıcildlik “Azərbaycan Ədəbiyyatı tarixi”nin bəzi cildlərinin məsul redaktoru, “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının latın qrafikası ilə kitab şəklində nəşrlərinin redaktoru olmuşdur.

Zəngin əsərləri ilə ömrünü elm yolunda şam kimi əridən akademik Teymur Kərimli elmi uğurları ilə Azərbaycan Milli Elmlər Akademiyasına əvvəlcə müxbir üzv, sonra isə həqiqi üzvü seçilir.

İstər ölkəmizdə, istərsə də xarici ölkələrdə (Rusiya, İran, İraq, Türkiyə, Suriya, Macarıstan, Fransa, İtaliya, Hindistan) keçirilən beynəlxalq tədbirlərdə, bir sıra beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmiş, Azərbaycanı ləyaqətlə təmsil etmişdir. Akademik bir ictimai xadim, görkəmli elm adamı kimi xalqımızın mənafeyini, haqq işini həmişə müdafiə edir, beynəlxalq əlaqələrin genişlənməsinə çalışır. Teymur Kərimli AMEA Rəyasət Heyətinin Fəxri fərmanı, Beynəlxalq Mahmud Kaşqari Mükafatı, Rusiya Yazıçılar Birliyi Moskva şəhər təşkilatının Qriboyedov medalı, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının medalı, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin yubiley medalı, Serbiya Kral Akademiyasının “İvo Andriç” medalı ilə təltif olunmuşdur.

Akademikin qazandığı uğurların bir hissəsinin bu qısaca xülasəsi heç də onun həyat və fəaliyyətinin ümumi mənzərəsini əks etdirmir. Abuzər Bağırov alim haqqında məqaləsində qeyd edir: "...Şeirləri sanki gülüşün bütün incəliklərini əks etdirmək naminə yaranıb.T.Kərimli qloballaşan dünyamızın əşrəfi sayılan insana, onun sevgisinə, nifrətinə, oturuşuna-duruşuna, qısası, insanın kosmik əbədiyyətdəki yerinə-yuvasına, ömrünə-gününə təbəssümlə yanaşan, insan əməllərini təbəssümlə tərənnümə çəkən şairdir".

Professor Vaqif Arzumanlı: “Çox istedadlı alimdir, ziyalıdır, etibarlı insandır, həmkardır, dostdur Teymur Kərimli. Maraqlı elm yolu keçib, hərtərəfli ziyalı kimi yetişib. Görüb-götürüb, bərkdən-boşdan çıxıb. Uzun illərdir ki, Teymur Kərimli klassik ədəbiyyatımızın istedadlı araşdırıcısı və bacarıqlı təbliğatçısıdır. Nizami, Xaqani, Nəsimi, Füzuli, Xətai, M.P.Vaqif, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Şəhriyar, H.Cavid kimi görkəmli söz ustalarını öyrəndikcə, araşdırdıqca özü də bir sıra maraqlı poeziya nümunələrinin müəllifinə çevrilib.”

Mən öz müşahidələrimdən çıxış edərək fikirlərimi, duyğularımı bölüşürəm. Teymur müəllim sadəliyi, səmimiliyi, səliqə-sahmanı, danışığı, təvazökarlığı ilə hər kəsə nümunədir. Bu böyüklük, nəciblik, ürək genişliyi tək-tək insanlara xas olan ali xüsusiyyətlərdir.

Hər torpaqda coşmaz bulaq,

Hər sinədə yanmaz ocaq.

Alim nədir? Kitaba bax,

Şair kimdir eldən soruş.

Şairin bu müdrik sözləri sanki akademik Teymur Kərimli haqqında deyilib. Deyirlər, göydə hərənin bir ulduzu var... Göylər əbədi və nəhayətsizdir. Ulduzlar heç vaxt sönmür...Qəlbi qurub-yaratmaq eşqi ilə çırpınan Teymur Kərimliyə həyat və yaradıcılığında uğurlar arzu edirəm.

Günel MƏLİKLİ,

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri,

siyasi elmlər üzrə fəlsəfə doktoru,

 dosent

25 Sentyabr 2021 02:31 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə