Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının ekspertləri Ağdamda faktaraşdırıcı missiya həyata keçiriblər

 

 

Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlığı Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) ekspertlərdən ibarət nümayəndə heyəti Ağdamda Ombuds­man Aparatının əməkdaşları ilə birgə faktaraşdırıcı missiya həyata keçirib.

AZƏRTAC-ın bölgə müx­biri xəbər verir ki, faktaraşdı­rıcı missiyanın əsas məqsədi işğaldan azad edilmiş və raket hücumlarına məruz qalmış Azərbaycan torpaq­larında yerində araşdırmalar aparmaq, sübutlar toplamaq və əldə edilən nəticələr əsasında hesabat hazırlaya­raq beynəlxalq təşkilatlara göndərməkdir.

Nümayəndə heyəti Ağdamda Ermənistan hərbi qüvvələri tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə baxış keçirib.

Qarabağ xanlığının banisi Pənahəli xanın imarətinə gələn qonaqlara məlumat verilib ki, imarət Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biridir. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. Saray Azərbaycan ərazisində yayılmış digər xan sarayla­rından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşı­yıb. Buna görə də, Pənahəli xanın imarəti adlandırılıb. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qa­lıb. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.

Burada Qarabağ xanlığı­nın əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar – İbrahimxəlil xa­nın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşid­banu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.

Sonra faktaraşdırıcı missiya Cümə məscidinə gəlib. Bildirilib ki, erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid “Qarabağ məscid me­marlığı” məktəbinə aiddir. Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtma­yıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər.

Qiyaslı məscidində də olan qonaqlara məlumat veri­lib ki, Azərbaycan torpaqları­nın Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalı zamanı xalqımıza məxsus yüzlərlə daşınmaz tarix, mədəniyyət və dini abidələr dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uy­ğun olmayan şəkildə istifadə edilərək vandalizmə məruz qalıb. Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam rayonunun Qiyaslı kəndindəki XVIII əsrə aid məsciddir. Kənd məscidindən mal-qara tövləsi kimi istifadə edən işğalçılar rayonu tərk etməmişdən əvvəl onu yan­dırıblar.

Nümayəndə heyəti, həmçinin şəhərdə dağıntılara məruz qalmış digər mədəni və sosial obyektlərin yerində monitorinqini də aparıb.

Ombudsman Aparatının rəhbəri, İƏT MDİHK-ın üzvü Aydın Səfixanlı nümayəndə heyətinə mina və digər partlayıcı qurğuların insanla­rın həyat və sağlamlıqlarına yaratdığı ciddi təhlükə, eyni zamanda mina qurbanları ilə bağlı ətraflı məlumat verib.

Qonaqlar Ağdamda işğal dövründə minalanmış ərazilərə də baxıblar.

Nümayəndə heyətinə Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçiriləcək quruculuq işləri barədə də məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev mayın 28-də Ağda­ma səfəri zamanı avtomobil yolunun, yaşayış binasının, sənaye parkının, 1 saylı məktəbin yeni binasının təməlini qoyub, park-meşədə ağac əkib. Baş plana əsasən, Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hek­tar olacaq. Burada “ağıllı” və dayanıqlı sosial infrastruktur yaradılacaq. Şəhərdə 15 məktəb və uşaq bağçasının inşası nəzərdə tutulub.

Ağdamda ilkin olaraq şəhər sakinləri və qonaqlar üçün 125 hektarlıq böyük meşə parkı salınacaq. Bərpa olunacaq Ağdam kanalı şəhərin içindən keçəcək və onun suyu burada yaradılacaq gölə töküləcək. Həmçinin Ağdam­da Sənaye Parkı da yaradı­lacaq. Park qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Diqqətə çatdırılıb ki, “Qafqazın Xirosiması” kimi tanınan Ağdam Azərbaycan Prezidentinin və hökumətinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək, doğma yurdların­dan 30 il ayrı qalmış insanla­rın bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.

25 Sentyabr 2021 02:31 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə